Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

18.03.2021 17:30
  • A-
  • A
  • A+

“Tərəvəzçilik ensiklopediyası”nın təqdimatı baş tutub

“Tərəvəzçilik ensiklopediyası”nın təqdimatı baş tutub

AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Tərəvəzçilik ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən tərtib olunan və aqrar elmi tarixində tərəvəzçilik sahəsi üzrə hazırlanan bu ilk ensiklopediyanın rəyçisi akademiyanın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradovdur.

Tədbirdə çıxış edən Pənah Muradov yeni nəşrin ölkəmizin təsərrüfat həyatında, eləcə də elmimizin dünya elminə inteqrasiyasında böyük rolu olacağını bildirib.

Qeyd edək ki, sözügedən kitabda tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu termin və anlayışların izahı verilib. Bundan əlavə, ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və onlarla əlaqəli digər sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən mənbələrdən və sorğu kitablarından, dərsliklərindən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib.

Ensiklopediyaya, eyni zamanda tərəvəzçiliyin çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələri ilə əlaqəli olan terminlər, onların izahı daxil edilib.

Bu fundamental kitab tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların əməkdaşları, doktorantlar, bakalavrlar, magistrantlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: