AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Ulduzə Qurbanova, Durna Əliyeva və Turanə İsgəndarova, biologiya elmləri doktoru Atabəy Cahangirov, elmi işçi Səidə Zülfüqarova və akademik İradə Hüseynovanın həmmüəllifi olduqları "Dəmyə şəraitində quraqlığa davamlı yumşaq buğda genotiplərinin identifikasiyası üçün morfofizioloji və biokimyəvi göstəricilərin kompleks qiymətləndirilməsi" adlı məqalə nüfuzlu "Agronomy" jurnalında çapdan çıxıb.
Bitki elmləri sahəsində tanınmış beynəlxalq elmi nəşrlərdən biri olan "Agronomy" jurnalı Journal Citation Reports (JCR) təsnifatında Q1 kvartilinə daxildir. Jurnalın impact faktoru 4,1-dir. Məqalədə dəmyə şəraitində yetişdirilən 6 payızlıq yumşaq buğda sortu və 15 perspektiv seleksiya xəttinin quraqlığa davamlılığı kompleks şəkildə qiymətləndirilmişdir. Aparılan tədqiqat quraqlıq stresinə qarşı davamlılığın formalaşmasında iştirak edən biokimyəvi və fizioloji mexanizmlərin daha dərindən anlaşılmasına, eləcə də gələcəkdə iqlim dəyişikliklərinə daha davamlı buğda sortlarının yaradılması üçün elmi əsasların formalaşdırılmasına töhfə verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.