Filologiya elmləri doktoru, dosent Xatirə Yusifovanın “Ego, Spiritual Ascension, and the Path to Social Harmony: A Sufi Analysis of Rūmî's Thought” (“Mənlik, mənəvi yüksəliş və sosial harmoniyaya aparan yol: Ruminin düşüncələrinin sufi təhlili”) adlı elmi məqaləsi Xəzər Universitetinin nəşr etdiyi Khazar Journal of Humanities and Social Sciences jurnalında çapdan çıxıb.
2026-cı ildə jurnalın 29-cu cildinin 3-cü sayında (Vol. 29, Issue 3, Article 7) işıq üzü görən məqalə Mövlanə Cəlaləddin Ruminin fəlsəfi və sufi dünyagörüşündə insanın mənəvi kamilləşməsi, nəfsin tərbiyəsi, daxili mənəvi tarazlıq və sosial harmoniyanın formalaşması məsələlərinin tədqiqinə həsr olunub.
Tədqiqatda fərdin mənəvi inkişafı ilə cəmiyyətdə sülh, həmrəylik və qarşılıqlı anlaşmanın yaranması arasındakı fəlsəfi-etik əlaqələr sufi düşüncəsi kontekstində araşdırılır. Müəllif Ruminin irsində nəfs (nafs) anlayışının mahiyyətini, onun insanın mənəvi yüksəlişinə təsirini, ilahi həqiqətə doğru mənəvi yolçuluqda sevginin rolunu, həmçinin təsəvvüfdə məqam (maqām) və hal (hāl) anlayışlarının əhəmiyyətini təhlil edir.
Məqalənin əsas elmi ideyalarından biri insanın daxili mənəvi dincliyi ilə cəmiyyətin sosial harmoniyası arasındakı qarşılıqlı bağlılığın üzə çıxarılmasıdır. Tədqiqatda Ruminin düşüncələri əsasında irəli sürülən yanaşmaya görə, insanın nəfsini tərbiyə etməsi, mənəvi saflığa və daxili tarazlığa nail olması yalnız fərdi kamilləşmə prosesi deyil, eyni zamanda cəmiyyətdə sülhün, mərhəmətin və sosial həmrəyliyin möhkəmlənməsi üçün mühüm mənəvi əsasdır.
Müəllif klassik sufi fəlsəfəsinin fundamental anlayışlarını müasir sosial, psixoloji və etik problemlərlə əlaqələndirərək Ruminin irsinin ümumbəşəri mahiyyətini ön plana çəkir. Bu baxımdan, tədqiqat klassik Şərq fəlsəfi-irfani irsinin müasir humanitar elmlər kontekstində öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Khazar Journal of Humanities and Social Sciences Xəzər Universitetinin nəşr etdiyi, açıq elmi çıxış imkanına malik, beynəlxalq resenziyalı elmi jurnaldır. Nəşr humanitar və sosial elmlərin müxtəlif istiqamətlərini, o cümlədən fikir tarixini, dil və ədəbiyyat məsələlərini əhatə edir.
Xatirə Yusifovanın məqaləsinin beynəlxalq elmi jurnalda nəşri Azərbaycan humanitar elminin beynəlxalq akademik müstəvidə təmsil olunması, klassik sufi irsinin müasir elmi yanaşmalarla tədqiqi və Şərq fəlsəfi düşüncəsinin aktual elmi problemlər kontekstində öyrənilməsi baxımından əhəmiyyətlidir.
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.