Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Rəna İskəndərlinin müəllifi olduğu “Şəmsəddin Saminin “Qamusul-elam” əsərində Azərbaycan müəllifləri haqqındakı mətnlərin uyğun mənbələrlə müqayisəli təhlili” monoqrafiyası işıq üzü görüb.
Kitabda yer alan geniş ön sözün müəllifi də R.İskəndərlidir.
Əsər Tənzimat dövrünün tanınmış türk müəllifi, leksikoqrafı Şəmsəddin Saminin (1850-1904) “Qamusul-elam” lüğətində yer alan azərbaycanlı ədib və şairlərlə bağlı mətnlərə həsr olunub. Əsərin yazılışında müxtəlif dillərdə yazılmış mənbə və ədəbiyyatdan istifadə olunub. Təqdim edilmiş monoqrafiya Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixinin, o cümlədən mədəniyyətinin öyrənilməsində yararlı mənbə ola bilər.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fil.e.d., professor Azadə Musayeva, rəyçiləri fil.e.d., professor Raqub Kərimov və fil.e.d., dosent Nailə Səmədova, kompüter icraçısı və korrektoru Aytən Babazadədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.