AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin “Cənub-şərqi Azərbaycanın orta əsr müdafiə memarlığı və maddi mədəniyyəti: Əlişa qalası və ətraf abidələr (XI–XIV əsrlər)” adlı yeni monoqrafiyası nəşr olunub.
İnstitutun Elmi şurasının 12 oktyabr 2026-cı il tarixli qərarı ilə Azərbaycan və ingilis dillərində (116 səhifə həcmində) “Mütərcim” nəşriyyatında çap edilib.
Monoqrafiya 2023–2026-cı illər ərzində Astara rayonunun Alaşa kəndi yaxınlığında, yerli əhalinin “Divəkə” adlandırdığı Əlişa qalasında aparılmış genişmiqyaslı arxeoloji qazıntıların yekunlarını əhatə edir. Dörd mövsüm davam edən tədqiqatlar nəticəsində abidənin 800 m² sahəsi öyrənilib və onun təkcə müdafiə istehkamı kimi deyil, həm də Səlcuq-Elxani dövrlərində (XI–XIV əsrlər) yaşayış, təsərrüfat və sənətkarlıq həyatının cəmləşdiyi mühüm regional mərkəz kimi fəaliyyət göstərdiyi sübuta yetirilib.
Əsərdə elmi ictimaiyyətə ilk dəfə təqdim olunan mühüm tapıntılar və tədqiqat metodları yer alıb. Belə ki, qalanın sitadel (içqala) hissəsində İslam bağ-memarlığının “Cənnət bağı” ənənələrini özündə əks etdirən unikal onyarpaqlı çiçək formalı daş hovuz və mürəkkəb kəhriz-arx su sistemi, eləcə də 2026-cı il mövsümündə bişmiş kərpicdən hörülmüş günbəzli memarlıq quruluşu üzə çıxarılıb. Bundan əlavə, Azərbaycan arxeologiyasında ilk dəfə olaraq XI–XIII əsrlərə aid möhürlü keramika qabı üzərində Kompüter Tomoqrafiyası (KT) analizi tətbiq edilərək yerli dulusçuluq texnologiyası destruktiv olmayan üsulla öyrənilib.
Kitabda, həmçinin qazıntılar zamanı aşkarlanan e.ə. IV əsrə aid boz-qara nimçə, XI–XIV əsrlərə aid sgraffito (qazma), girih naxışlı və yapma-aplike texnikalı keramika nümunələri geniş təhlil edilir. Monoqrafiyanın mühüm bölmələrindən biri də regional kontekstə – Astaranın Diqo kəndindəki pilləvari-piramidal qəbirüstü abidələrə və 2026-cı ildə Şindan qalasında aparılmış təkrar kəşfiyyat işlərinin nəticələrinə həsr olunub.
Cənub-Şərqi Azərbaycanın orta əsr ticarət və mədəni əlaqələrini yeni faktlarla zənginləşdirən bu monoqrafiya arxeoloqlar, tarixçilər, memarlar və ölkəmizin maddi mədəniyyət tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli mənbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.