Noyabrın 8-də – Zəfər Günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına Xankəndidən müraciət etməsi dərin tarixi, siyasi və mənəvi məna daşıyır. Vaxtilə işğalın, dağıntıların və düşmən tapdağının simvoluna çevrilmiş Qarabağ torpağından dövlət başçısının xalqa səslənməsi Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, milli iradəsinin və dövlətçilik qüdrətinin parlaq təcəssümüdür.
Bu fikirləri açıqlamasında AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib.
Akademik vurğulayıb ki, Prezident İlham Əliyevin Xankəndidən etdiyi müraciətdə bütöv Azərbaycan xalqının səsi, milli qüruru, azərbaycançılıq ideologiyasının və məfkurəsinin qalibiyyət ruhu ifadə olunub. Bu müraciət təkcə Zəfər Gününün təntənəsi deyil, həm də xalqımızın öz tarixi taleyinə sahib çıxmaq iradəsinin nümayişidir. Onun sözlərinə görə, Azərbaycan xalqı tarixən qürurlu, vüqarlı və ləyaqətli xalq olub. Belə bir xalqın öz torpaqlarının işğalı ilə barışması mümkün deyildi. Dünyanın aparıcı dövlətlərinin ikili standartlarına, münaqişənin həllini uzatmaq və mövcud status-kvonu qorumaq cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı milli ləyaqətindən, tarixi torpaqlarına qayıtmaq haqqından imtina etmədi. Teymur Kərimli bu mübarizənin mənəvi-fəlsəfi mahiyyətini açıqlayarkən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Həqiqətüssüəda” əsərindəki məşhur dördlüyə diqqət çəkib:
“Zillət ilə ləzzəti olmaz həyatın, dustilər,
Nəqdi-can sərf eləyib dünyada kam almaq gərək.
Əcz ilə dönmək ədudən səhlidir, himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək”.
Akademik bildirib ki, Füzulinin əsrlər əvvəl ifadə etdiyi bu fikir xalqımızın Vətən müharibəsində nümayiş etdirdiyi milli xarakterin, azadlıq və ləyaqət uğrunda mübarizə əzminin poetik ifadəsidir. Zillət içində yaşamağı qəbul etməyən Azərbaycan xalqı öz iradəsini döyüş meydanında təsdiqlədi: şəhidlər verdi, lakin torpaqlarının işğalı ilə barışmadı, tarixi ədaləti bərpa etdi. O qeyd edib ki, Azərbaycan Ordusunun qarşısında mürəkkəb hərbi maneələr, çoxsaylı müdafiə xətləri, istehkamlar və minalanmış ərazilər var idi. Hücum edən tərəf üçün son dərəcə çətin olan bu şəraitdə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və döyüş əzmi Qələbənin əsas amillərindən oldu. Bu tarixi uğur xalqın birliyinin, hər bir Azərbaycan vətəndaşının Vətən sevgisinin, milli qeyrətinin və azərbaycançılıq məfkurəsinə bağlılığının nəticəsi idi. Akademikin fikrincə, bu ümumxalq iradəsini vahid məqsəd ətrafında birləşdirən və onu tarixi Qələbəyə istiqamətləndirən əsas qüvvələrdən biri Prezident İlham Əliyevin sərkərdəlik məharəti, strateji düşüncəsi və diplomatik uzaqgörənliyi olub. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar dövlət başçısının müəyyənləşdirdiyi hərbi-siyasi strategiyanın, xalq-ordu birliyinin və əsgərlərimizin misilsiz qəhrəmanlığının vəhdətindən doğub. Teymur Kərimli diqqətə çatdırıb ki, Zəfərin mənası yalnız işğal olunmuş torpaqların azad edilməsi ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycan xalqının milli özünüdərkinin, tarixi yaddaşının və dövlətçilik düşüncəsinin yeni mərhələyə yüksəlməsidir. Zəfər Günü həm də gələcək nəsillər qarşısında böyük mənəvi məsuliyyət yaradır. Çünki belə bir Qələbəni qazanmaq qədər onu qorumaq, onun tarixi əhəmiyyətini dərk etmək və bu uğura layiq olmaq da vacibdir.
“Biz öz gündəlik fəaliyyətimizdə, əməyimizdə, Vətənə və xalqa münasibətimizdə bu böyük Zəfərə layiq olduğumuzu sübut etməliyik. Zəfər bizə yalnız qürur hissi deyil, həm də məsuliyyət aşılayır. Hər birimiz çalışdığımız sahədə vicdanla işləməklə, dövlətimizə və xalqımıza xidmət etməklə bu tarixi Qələbənin mənəvi dəyərini yaşatmalıyıq”, – deyə akademik bildirib. O əlavə edib ki, Zəfər Günü şəhidlərimizin müqəddəs xatirəsi qarşısında ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq, eyni zamanda, milli birliyimizin və sarsılmaz iradəmizin təntənəsidir. Azərbaycan xalqı bu Qələbə ilə öz ədəbiyyatının, fəlsəfəsinin və ictimai fikrinin böyük şəxsiyyətlərinin əsrlər boyu yaşatdığı azadlıq, qeyrət və ləyaqət ideallarına sadiqliyini də nümayiş etdirdi. Akademik əminliklə vurğulayıb ki, Azərbaycan dövləti və xalqı var olduqca, Zəfər Günü milli yaddaşımızın ən uca zirvələrindən biri kimi yaşayacaq. Xankəndidən səslənən müraciət isə bu həqiqəti bir daha bütün dünyaya bəyan etdi: Azərbaycan xalqı öz taleyinin sahibidir, öz torpaqlarını azad etməyə qadirdir və qazandığı tarixi Zəfəri heç vaxt unutmayacaq.