Görkəmli alimlərin fəaliyyətinin təbliği gənclərin elmə marağını artırır.
Bu fikirləri akademik İradə Hüseynova görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş “Qabaqcıl funksional materiallar və yeni nəsil nanotexnologiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərə dövlət qayğısının göstərilməsi, onların əməyinin qiymətləndirilməsi ənənəsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
İradə Hüseynova vurğulayıb ki, görkəmli alimlərin fəaliyyətinin yad edilməsi, onların elmi irsinin gənc nəslə çatdırılması və belə yubiley tədbirlərinin təşkili gənclərin elmə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Akademik müasir dövrdə elmlər arasında sərhədlərin getdikcə aradan qalxdığını, müxtəlif elmi istiqamətlərin bir-biri ilə sıx inteqrasiya etdiyini diqqətə çatdırıb. Bildirib ki, fizika, riyaziyyat, kimya və biologiya kimi fundamental elmlərin inkişafını informasiya texnologiyalarından ayrı təsəvvür etmək mümkün deyil. Bu baxımdan konfransın mövzusu və Əmirulla Məmmədovun uzun illər ərzində apardığı tədqiqatlar xüsusi aktuallıq daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.