İstanbul Texniki Universiteti, Nyu-York Universiteti (ABŞ), Goethe Universiteti (Almaniya), Edinburq Universitetinin (İngiltərə), Polşa Elmlər Akademiyasının, Palacký Olomouc Universiteti (Çexiya), Leiden Universiteti (Niderland) və Mazandaran Universitetinin (İİR) təşkilatçılığı ilə Beynəlxalq İslam Arxeoloji Konfransı (The International Conference on Islamic Archaeology / ISAC 2026) təşkil olunub.
Böyük coğrafi arealda formalaşmış və inkişaf etmiş İslam Sivilizasiyasının arxeoloji cəhətdən öyrənilməsi son illər Qərb dövlətlərinin aparıcı tədqiqat institutları üçün yeni imkanlar açıb. Bu məqsədlə Qərb arxeoloqları Yaxın Şərqin orta əsrlər dövrü yaşayış yerləri, müdafiə istehkamları, məbədləri, ticarət yolları, sənətkarlığın müxtəlif sahələrinin inkişafı və urbanizasiya proseslərini araşdırmaq məqsədilə kompleks tədqiqatlara ciddi təşəbbüs göstərməkdədir. Bu dəfəki konfransın də əsas mövzusu yuxarıda qeyd olunan sahələr üzrə araşdırmaların nəticələrinə həsr olunmuşdur.
Tədbirə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya, Fələstin, Fransa, İran, İspaniya, İsrail, Malayziya, Polşa və Qətərdən olan məruzəçilər qatılmışlar.
Tədbirin rəsmi açılışında İstanbul Texniki Universitetinin rəhbərliyi və İslam Arxeologiyası Konfransı təşkilat komitəsinin rəhbərinin salamlama nitqlərinin ardınca Osmanlı Arxeologiyası mövzusunda Prof. Filiz Yenişehirlioğlu və Qubadabad Saray Kompleksi Arxeoloji eksepdisiyasının rəhbəri Muharrem Çeken məruzələr etdilər. Konfransda "Anadolunun arxeologiyası və memarlığı", "Müqəddəs landşaftlar, məscid və dini memarlıq", "Xristian icmaları və kilsə landşaftları", "İstehkam memarlığı və sərhədlər", "İmperiya mərkəzləri və istiqamətlər", "Əşyalar, dulusçuluq və sənətkarlıq texnologiyaları", "Məişət arxeologiyası, məişət həyatı və qıda", "Dəniz yolları, sahilyanı istehkamlar və limanlar", "Ərəbistan yarımadasında yaşayış məskənləri və regional urbanizasiya", "Regional tədqiqatlar və İslam arxeologiyasında üfüqlər" bölmələri üzrə məruzələr dinlənildi.
Azərbaycanı bu tədbirə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Ceyhun Eminli təmsil etmişdir. Ceyhun Eminli "Səlbir yaşayış yerində 13-14-cü əsrlərə aid iqamətgah kompleksində arxeoloji tədqiqatlar (Qəbələ, Azərbaycan)" mövzusunda məruzə ilə çıxış etdi. Öz çıxışında məruzəçi Səlbirdə aparılan tədqiqatlardan danışdı, arxeoloji tədqiqat nəticələrinin orta əsr şəhərinin ticarət əlaqələri, təsərrüfatı, kommunikasiyaları, ictimai və mədəni strukturu barədə təsəvvürün yaradılmasında həlledici əhəmiyyətini vurğuladı.
Tədbir çərçivəsində Türk və İslam əsərləri Muzeyinə səfər və "İslam şəhərlərində saxsı qablar və üslublar" və "Levant keramika layihəsi" mövzularında dəyirmi masa təşkil olunmuşdur.
Konfransın yekun günü ümumi yığıncaq keçirilərək, növbəti illərdə tədbirin coğrafiyasının genişləndirilməsi və təkmilləşdirilməsi üzrə müzakirələr aparıldı. Qeyd edək ki, İslam Arxeoloji Konfransı 2024-cü ildə Almaniyanın Frankfurt şəhərində yerləşən Göethe Universitetində, 2025-ci ildə isə Polşanın Varşava şəhərində yerləşən Polşa Elmlər Akademiyasında keçirilmişdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.