Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.11.2026 16:25
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutu akkreditasiyadan müvəffəqiyyətlə keçib

Ədəbiyyat İnstitutu akkreditasiyadan müvəffəqiyyətlə keçib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu növbəti mühüm uğura imza atıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin qərarı ilə institut dövlət akkreditasiyasından uğurla keçib və elmi müəssisəyə şəhadətnamə təqdim edilib.           

Ədəbiyyat İnstitutunun Elmi şurasının Dövlət akkreditasiyasının yekunları və institusional inkişaf istiqamətləri üzrə keçirilən genişləndirilmiş iclasında AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayev, Akkreditasiya üzrə Ekspert Şurasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, AAK-ın səlahiyyətli əməkdaşları, Ədəbiyyat İnstitutunun Elmi şurasının üzvləri və şöbə müdirləri iştirak ediblər.

Əvvəlcə foyedə Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli elmi mühitin inkişafı, mövcud problemlər və qarşıda duran hədəflər ətrafında vacib məqamlara toxunub.

Akademik İsa Həbibbəyli çıxışında sovet dövründə klassiklərimizin, dövlət xadimlərinin, eləcə də xalq qəhrəmanlarının həyat və fəaliyyətinin işıqlandırılmasında müşahidə olunan durğunluq və boşluqları diqqətə çatdırıb. Qaçaq Nəbi, Koroğlu, Səttarxan və digər görkəmli tarixi şəxsiyyətlər haqqında bədii nümunələr və dastanlar yaransa da, onların həyat və fəaliyyətləri elmi-tarixi müstəvidə hələ də dərindən və sistemli şəkildə öyrənilmədiyini deyib. Ədəbiyyatşünaslıqda yalnız məşhur simaların deyil, həmçinin xalqın milli maraqlarına, vətənə sevgi və milli duyğulara xidmət edən digər tarixi şəxsiyyətlərin də həyat və fəaliyyətinin elmi dövriyyəyə daxil edilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq elmi əlaqələr və kadr potensialına toxunan akademik İsa Həbibbəyli Yaponiya, Çin, Monqolustan, Hindistan və digər ölkələrin ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını müqayisəli şəkildə tədqiq edən, həmin xalqların dillərini mükəmməl bilən mütəxəssislərin hazırlandığını diqqətə çatdırıb, dünya ədəbiyyatşünaslığı ilə inteqrasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib.

Akademik İsa Həbibbəyli akkreditasiya prosesini qurumlararası əməkdaşlığın növbəti addımı kimi qiymətləndirib, prosesin təşkili və həyata keçirilməsinə görə Komissiyaya və Akkreditasiya üzrə Ekspert Şurasına təşəkkürünü bildirib. O, akkreditasiya prosesini İnstitutun fəaliyyətinin qiymətləndirilməsi baxımından müsbət dəyərləndirərək bu prosesin İnstitutun fəaliyyətinin səmərəliliyinin artırılmasında, çatışmazlıqların vaxtında aradan qaldırılmasında və verilmiş tövsiyələrin nəzərə alınmasında mühüm istiqamətverici rol oynadığını vurğulayıb.

İclasda çıxış edən Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev bildirib ki, təmsil etdiyi müəssisənin əsas vəzifəsi elmi müəssisələrin fəaliyyət göstərdiyi dövrdə elmi dərəcə və elmi adların verilməsi olub. Sədr qeyd edib ki, 2019-cu ildən etibarən ölkə qanunvericiliyinə uyğun olaraq Ali Attestasiya Komissiyasına yeni əsasnamə ilə əlavə səlahiyyətlər verilib və bunların da ən əsası elmi müəssisələrin akkreditasiyasının təşkilidir. Avropa İttifaqının akkreditasiya modellərini öyrənmək məqsədilə Avstriya və Xorvatiyaya səfərlər həyata keçirdiklərini xatırladan professor Famil Mustafayev həmçinin prosesin mexanizmindən danışaraq əlavə edib ki, bu işin qurulması üçün əsas yol müəssisənin özünüqiymətləndirmə ilə bağlı sualların verilməsi olub. Müəssisə həmin suallara cavabları hazırladıqdan sonra xüsusi akkreditasiya üçün müəyyən olunmuş və kənardan cəlb edilən ekspertlərdən ibarət ekspert şurası həmin məsələləri yerində yoxlayıb. Komissiya sədri indiyədək 10-dan çox müəssisədə akkreditasiya prosesinin həyata keçirildiyini və Ədəbiyyat İnstitutu da daxil olmaqla cəmi dörd müəssisənin akkreditasiyadan uğurla keçdiyini bildirib.

Akkreditasiya üzrə Ekspert Şurasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında akkreditasiya zamanı təqdim olunan sənədlər və elmi materiallarla bağlı fikirlərini bölüşərək prosesin obyektiv və şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb, qiymətləndirmənin nəticələri və İnstitutun fəaliyyəti ilə bağlı əsas məqamları diqqətə çatdırıb. Akkreditasiya müddətində təqdim olunan bütün sənədləri və elmi materialları yüksək qiymətləndirən professor hər bir tədqiqat işinin əhəmiyyətli olduğunu qeyd edərək Ədəbiyyat İnstitutuna və iştirakçılara uğurlar arzulayıb.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiya haqqında şəhadətnaməni Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyliyə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: