Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadənin həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən hazırlanaraq işıq üzü görən nəşr Ziyad Səmədzadənin 85 illik yubileyinə həsr edilib.
Biblioqrafik göstəriciyə alimin həyatı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas tarixləri, müəllifi və layihə rəhbəri olduğu kitabları, məqalələri daxil edilib.
Nəşrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Z.Ə.Səmədzadənin “Şöhrət”,“Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilməsi haqqında sərəncamları yer alıb.
Ziyad Səmədzadənin elmi irsi olduqca genişdir. O, 500-dən çox elmi əsərin, 40-dan artıq kitab və monoqrafiyanın müəllifidir. Onun əsərlərində iqtisadi inkişafın nəzəri və praktiki məsələləri, regional siyasət, iqtisadi təhlükəsizlik, əhali məşğulluğu, demoqrafik dəyişikliklər, dağlıq rayonların sosial-iqtisadi problemləri və digər aktual mövzular hərtərəfli araşdırılır. Onun uzun illər ərzində dövlətçilik sahəsində göstərdiyi xidmətlər, milli iqtisadi siyasətin formalaşdırılması və inkişaf etdirilməsindəki fəal iştirakı ölkənin iqtisadi fikir tarixində xüsusi yer tutur.
Kitabda eyni zamanda, görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin akademik Ziyad Səmədzadə haqqında fikirləri əks olunub.
Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktoru Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə baş biblioqraf Rəna Cavadovadır.
“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstərici iqtisadiyyat sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.