Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin Mərkəzi Elmi Kitabxanaya (MEK) hədiyyə etdiyi şəxsi kolleksiyasının kataloqunun I cildi hazırlanıb.
Kitabda akademikin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri də öz əksini tapıb.
Görkəmli alimin şəxsi kitabxanasında iyirmi mindən çox kitab vardır. Ədəbiyyatşünaslıq elminin inkişafında mühüm yeri və rolu olan İsa Həbibbəyli kitabxanasından 2022-ci, 2024-cü və 2025-ci illərdə 1933 sayda ədəbiyyatı AMEA-nın Mərkəzi Elmi Kitatabxanasına hədiyyə edib. Hədiyyə edilən ədəbiyyat kolleksiya şəklində toplanaraq MEK-in Akademik Kitabxanasının “Kolleksiyalar” bölməsində mühafizə olunur. Ədəbiyyatın sayı çox olduğundan kolleksiyanın kataloqunun nəşri çoxcildli nəzərdə tutulub.
Kolleksiyaya Azərbaycan, rus, ingilis, türk alman, özbək və digər dillərdə çap olunmuş ədəbiyyatşünaslıq, tarix, incəsənət, şərqşünaslıq, fəlsəfə, dilçilik və s. elm sahələrinə aid çox sayda ədəbiyyat daxildir.
Təqdim edilən I cilddə 1281 ədəd müxtəlif adda daxil olan nəşrlər sırasında “Nizami Gəncəvi İli”nə aid ədəbiyyatlar, monoqrafiyalar, albomlar, dərs vəsaitləri, metodik tövsiyələr, biblioqrafiyalar, alimin öz kitabları və onun haqqında yazılmış kitablar, bədii əsərlər, “Molla Nəsrəddin” jurnalları, Azərbaycan Respublikası Milli Məclis iclaslarının protokolları və stenoqramaları yer alır.
Bu cilddə akademik İsa Həbibbəylinin həyatının kitabxana ilə bağlı bir çox anlarını əks etdirən fotoşəkillər verilib.
Daim mütaliə ilə məşğul olan akademik İsa Həbibbəyli həmişə kitaba və kitabxanalara xüsusi diqqət yetirdiyindən şəxsi kitabxanasını qədim, dəyərli və maraqlı əsərlərlə zənginləşdirməkdədir.
Kataloqun elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, ixtisas redaktoru Firəngiz Məhərrəmova, tərtibçiləri isə Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və şöbənin əməkdaşı Aygün Əliyevadır.
“Elm” nəşriyyatında çapdan çıxan kataloq müxtəlif elm sahələrində çalışan alim və mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.