Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru, professor Samirə İmaməliyeva “Bərk Cismin Fizikası və Kimyası” (“Physics and Chemistry of Solid State” (PCSS)) beynəlxalq elmi jurnalının elmi rəyçilik fəaliyyətinə görə sertifikatla təltif olunub. Sertifikat jurnalın baş redaktoru Lyubomir Nıkıruy tərəfindən təqdim edilib.
Professor Samirə İmaməliyeva “Tl₂HgGeSe₄–GeSe₂ sistemi üzrə faza tarazlığı və Tl₂HgGe₃Se₈ birləşməsinin kristal quruluşu” (“Phase Equilibria Along the Tl₂HgGeSe₄–GeSe₂ Section and Crystal Structure of the Tl₂HgGe₃Se₈ Compound”) adlı elmi məqalənin ekspertizasını və rəy qiymətləndirilməsini həyata keçirib.
Sertifikatla birlikdə təqdim olunan müşayiət məktubunda professorun elmi rəyin hazırlanmasına sərf etdiyi vaxt, peşəkarlığı və elmi təcrübəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, onun ekspert fəaliyyəti jurnalın nəşr keyfiyyətinin təmin edilməsinə və akademik standartlarının qorunmasına xidmət edir.
Məktubda həmçinin professor Samirə İmaməliyevanın gələcəkdə də jurnalın rəy prosesində iştirakına ümid ifadə olunub. Redaksiya onun elmi maraq və tədqiqat istiqamətlərinə uyğun orijinal məqalələrini nəşr üçün təqdim etməsini məmnuniyyətlə qarşılayacağını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.