AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçi Marin Sanudonun “Gündəliklər”ində” kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, venesiyalı salnaməçi Marin Sanudonun “Gündəlikləri”ni Tarix və Etnologiya İnstitutunun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev italyan dilindən tərcümə edib, giriş və qeydlərlə birlikdə çapa hazırlayıb. “Təhsil” nəşriyyatında çap edilmiş kitabın rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn və tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovadır.
Tədbiri giriş sözü ilə açan institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev son illərdə Tarix və Etnologiya İnstitutunda Avropa dillərində orta əsr mənbələrinin, arxiv sənədlərinin tədqiqinə, tərcüməsinə xüsusi diqqət yetirildiyini, aparıcı elmi işçi Əhməd Quliyevin çapa hazırladığı, Tarix və Etnologiya İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən “Gündəliklər”in bunun bariz nümunəsi olduğunu bildirdi.
Kitabın elmi redaktoru, Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli çıxışında nəşrin əhəmiyyətindən bəhs etdi, bu kitabın çapının Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsi üçün yeni bir mənbə olduğu vurğuladı. Layihənin rəhbəri Tofiq Nəcəfli Azərbaycan Səfəvilər dövlətinin orta əsrlərdə Avropa dövlətləri ilə əlaqələrinin öyrənilməsi baxımından venesiyalı salnaməçi Marin Sanudonun məlumatlarının mühüm əhəmiyyət daşıdığını, kitabda I Şah İsmayıl ilə bağlı və I Şah Təhmasibin hakimiyyətinin ilk 10 ilinə aid 360 sənədin əksini tapdığını diqqətə çatdırdı.
Kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev Azərbaycan tarixinin dərindən öyrənilməsi məqsədi ilə institut əməkdaşları tərəfindən Avropa ölkələrinin kitabxana və arxivlərində aparılan araşdırmalara daim dəstək verən Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürova təşəkkürünü bildirdi. Aparıcı elmi işçi Əhməd Quliyev qeyd etdi ki, Venesiyanın qədim patrisi ailələrindən olan Kandiani Sanudo nəslindən olan Marin Sanudo 1466-cı ildə Venesiyada anadan olub. Marin Sanudo 58 cilddən ibarət olan səlnamə xarakterli əsərini 1496-1533-cü illərdə qələmə alıb, “Gündəliklər” adlanmasına baxmayaraq, bu cildlər sənədlər toplusu səciyyəsi daşıyır. Dosent Əhməd Quliyev qeyd etdi ki, mənbənin Azərbaycan dilinə tərcüməsi ilə yanaşı, bir sıra məlumatların aydınlaşdırılması məqsədi ilə kitabda izah və şərhlər verilib. Müəllif vurğuladı ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Elm və Təhsildə İnkişaf” Birliyinin layihəsi çərçivəsində çap edilən “Gündəliklər” tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənənlər və oxucular üçün nəzərdə tutulub.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov kitabın Səfəvi tarixinin araşdırılması baxımından tədqiqatçılara faydalı olacağını vurğuladılar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.