Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2026 15:38
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan incəsənətində Böyük Zəfər” adlı tədbir keçirilib

Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan incəsənətində Böyük Zəfər” adlı tədbir keçirilib

AMEA Memarlıq və İncəsənət İnstitutunda Böyük Qələbənin 6 illiyinə həsr edilən “Azərbaycan incəsənətində Böyük Zəfər” adlı tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsində həlak olan şəhidlərimiz ehtiramla bir dəqiqə sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov 44 günlük Vətən müharibəsi nəticəsində xalqımızın nail olduğu Zəfərin bizim milli qürurumuz, yenilməz iradəmizin təcəssümü, tariximizin şanlı səhifəsi olduğunu bildirib. Direktor müavini qeyd edib ki, Böyük Zəfər həm də dövlətimizin siyasi iradəsinin, iqtisadi gücünün, diplomatik fəaliyyətinin və milli həmrəyliyinin nəticəsidir. Bu Qələbə xalq, dövlət və ordu birliyi qarşısında heç bir maneənin tab gətirməyəcəyini sübut edib.

Bu gün işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi hadisələrin elmi şəkildə araşdırılması, milli-mənəvi dəyərlərimizin qorunması bizim qarşımızda duran prioritet istiqamətlər hesab edilir.

Institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva  “Zəfər sədası: 44 günlük Vətən müharibəsinin Azərbaycan bədii mədəniyyətində inikası” adlı məruzə ilə çıxış edib. Məruzəçi 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin Azərbaycan incəsənətində, həmçinin musiqi və digər bədii yaradıcılıq sahələrində əks olunduğunu boldirib. O, Şuşada “Xarıbülbül” Festivalı və Vaqif Poeziya Günlərinin bərpasının mulli musiqi və poeziyanın azad torpaqlara qayıdışının qlobql təntənəsi olduğunu vurğulayıb.

Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin cəsurluğu, xalqımızın birliyi və milli qürur hissinin  bədii nümunələr əsasında təcəssüm olunduğunu söyləyib. 

Daha sonra Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Əminə Məmmədova “Zəfərin musiqidə təcəssümü” mövzusunda məruzə təqdim edib.

Məruzəçi qeyd edib ki, 8 Noyabr Zəfər Günü musiqi sənətində də geniş əks olunub. Bəstəkarlar Zəfər mövzusunda marşlar, mahnılar və orkestr əsərləri yaradaraq xalqımızın qələbə sivincini, şəhidlərimizin xatirəsini, Vətənə bağlılığını və qəhrəmanlıq ruhunu musiqi vasitəsilə ifadə etmişlər. Əminə Məmmədova Zəfərə həsr olunan nəşrlərə də toxunub. Akademik Zemfira Səfəovanın yazdığı “Şuşa Azərbaycanın musiqi qalasıdır” əsərini xüsusi qeyd edib.

Firəngiz Əlizadə, Cavanşir Quliyev, Lalə Cəfərova, Sərdar Fərəcov və digər bəstəkarların əsərləri Zəfər tariximizin musiqi salnaməsinə çevrilib. Zəfər musiqisi xalqımızın tarixi yaddaşının, milli ruhunun və Böyük Qələbəsinin bədii ifadəsidir.

Gənc tədqiqatçı Əminə Məmmədova təqdimat zamanı bir neçə musiqi kompozisiyası səsləndirib. Sözləri və musiqisi bəstəkar Firəngiz Əlizadəyə aid olan “Zəfər marşı”, Faiq Sücəddinovun Səlim Babulaoğlunun sözlərinə yazdığı “Şuşa” simfoniyası, Ceyhun Allahverdiyevin “Qələbə” üvertürası, Cəlal Abbasovun xor və simfonik orkestr üçün yazdığı “Şanlı Azərbaycan” əsərləri səsləndirilib.  

Sonda Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Çilənay Hüseynova 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Yazıçılar Birliyinin üzvü Səttar Qarağaclının sözlərinə özünün bəstələdiyi “Qələbə müjdəsi” mahnısını canlı olaraq ifa edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: