Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Novruz bayramı: ənənə və müasirlik kontekstində
19.03.2021 16:45
  • A-
  • A
  • A+

Novruz bayramı: ənənə və müasirlik kontekstində

Müsahibimiz  AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə  doktoru Ağaverdi Xəlilovdur.

- Ağaverdi müəllim, Azərbaycan xalqının qədim və zəngin mərasim mədəniyyətində yaz bayramlarının yeri, onların ümumtürk  qaynaqları və şərq xalqlarının mövsüm mərasimləri ilə  əlaqələri haqqında fikirlərinizi bilmək istərdik.

- Azərbaycan xalqının mərasim mədəniyyəti çox qədim dövrlərin arxaik rituallarından başlanır.  Mövcud elmi tədqiqatlar arxaik ritualların ən qədim nümunələrinin yaşını təxminən dörd yüz min il hesablayırlar. Bunların da əsasında yaradılışdan canlı varlığın  özünün təbiətində olan oyunlar vardır. Arxaik ritualın qaynağı olan oyunların yaşı insanlığın yaşı qədərdir. Oyun ritual, mövsüm mərasimləri bayramın əsaslarını formalaşdırmışdır. Buna xalq təqvimi və orta əsrlərin astroloji nailiyyətlərinin nəticəsi olan təqvimlər də əlavə olunmuş və beləliklə, bütöv bir mədəni kompleks meydana gəlmişdir.

Dünya xalqları mövsümə münasibətdə müxtəlif baxışlar nümayiş etdirirlər. Bunların içərisində yazı qarşılayanlar, onun gəlişinə sevinənlər, şənlik edənlər və qışı qarşılayıb mərasim keçirənlər vardır. Türk xalqları yazı qarşılayan, qışı isə yola salan xalqlardandır. Bizim mərasimlərimiz də mövsümlə əlaqəli olaraq iki hissəyə ayrılır, bunlardan biri qışın yola salınması ilə bağlıdır, digəri isə yazın qarşılanmasını özündə əks etdirir. Biz dekabırın 21-dən fevralın 1-dək olan qışın 40 günlük hissəsini-  Böyük çiləni  Çiləçıxdı mərasimi ilə qeyd edirik. Bundan sonra fevralın əvvəllərində Xıdır Nəbi mərasimini keçiririk. Fevralın 20-də 20 günlük Kiçik çiləni qeyd edirik və qışın əsas hissəsini yola salmış oluruq. Bundan sonra 30 günlük Boz ay başlanır və Novruza qədər olan dörd həftədə dörd İlaxır çərşənbə qeyd edilir. Buradakı yolasalma və qarşılama hadisələri türk xalqlarının mövsüm mərasimlərinin əsas xüsusiyyətlərindən biridir.  Türk xalqlarının hamısı yaşadığı coğrafiyadan asılı olmayaraq yazın qarşılanması ilə bağlı mövsüm mərasimləri icra edirlər. İbtidai mədəniyyət dövründən gələn  arxaik ritual əsaslı mərasimlərdə dünyanın digər xalqları ilə tipoloji bənzərliklər müşahidə etmək mümkündür.  Bayramın əsas komponentləri isə türk xalqları və bayramın coğrafiyasına daxil olan mədəni arealın nümayəndələri olan xalqlar ilə ortaqdır. Bununla yanaşı hər bir xalqın və bölgənin bayram adətlərində lokal elementlər də mövcuddur.

Bizim mərasim terminologiyamız özündə xalqımızın zəngin mədəniyyətinin izlərini qoruyub saxlayır. Türk xalqlarının əlamətdar günlərini bildirən anlayışlar vardır. Bunların içində “toy”/”tuy”/”tuyun”/”düyün”, “şölən”, “yəğma” və s. anlayışlarla yanaşı “bayram”/”bəyrəm” sözü də işlənməkdədir. Xalqın həyatındakı ən  əlamətdar günlərdən biri də bayramlardır. Hər xalqın özünə görə bayram adət və ənənələri olduğu kimi,  bayram anlayışının da öz dilində mənası  vardır. XI əsrdə Kaşqarlı Mahmud bu sözü “bedhrem” kimi “Divan”ında izah etmiş və oğuzların onu “bayram” şəklində işlətdiklərini qeyd etmişdir. Bəzəmək sözü ilə əlaqəli olduğu anlaşılan bayram sözü Kaşqarlının verdiyi izahla da öz təsdiqini tapır.

Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, təbiətin canlanması bütün xalqlarda olduğu kimi türklərə də dərin təsir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur.

-”Novruz”u bir folklor hadisəsi kimi ritual-mifoloji baxımdan necə izah etmək olar?

Ənənəvi xalq mərasimləri və bayramlar xalq yaradıcılığının önəmli bir sahəsidir. Həm mərasim kompleksinin özü, həm də onun vasitəsilə daşınan mənəvi dəyər konseptləri və milli-mədəni institutlar xalqın yaratdığı ənənvi mədəniyyəti özündə əks etdirir. Əgər bayrama mövsüm mərasimi  kontekstində baxsaq, onun əsasında ritual-mifoloji hadisə olan inisiasiyanın dayandığını müşahidə edəcəyik. Burada bütün komponentlər bu inisiasiyanı ölüb-dirilməni müxtəlif formalarda simvollaşdıraraq ifadə edir. Burada təbiətin ölüb-dirilməsi əsas yeri tutur və buradakı digər komponentlər  dirilməyə mifoloji dəstək şəklində özünü göstərir.

- Azərbaycan xalqının yaz bayramlarının özünəməxsus qədim tarixi vardır. Bu bayram kompleksinin strukturu və komponentləri haqqında məlumat verərdiniz.

Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında  bahar bayramı kimi qeyd olunmaqdadır.

“Novruz”un əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə zamanla dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşmiş olur. Məsələn, Qurban bayramında olduğu kimi,  bunun başlanğıcdan arxaik bir ritual olduğu və sonradan dini əfsanələrlə dini bir mahiyyət qazandığı məlumdur.

- Azərbaycan xalqının mövsüm mərasimləri içərisində Novruz bayramının xüsusi yeri vardır. “Novruz”un tarixi haqqında  tədqiqatlara münasibətiniz necədir?

- “Novruz” haqqında məlumatlara Biruni Əbu Reyhanın  “Asarul Baqiye”, Kaşqarlı Mahmudun “Divanü Lüğəti-it-türk”, Balasaqunlu Yusif Has Hacibin  “Kutadqu bilik”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün  “Siyasətnamə”, Nizami Gəncəvinin  “İsgəndərnamə” və b. əsərlərdə, eləcə də qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda rast gəlirik. Amma “Novruz”un araşdırılması XIX əsrdən başlanır. Bu araşdırmalarda Novruzun genezisi və tipologiyası ilə bağlı mülahizələr geniş yer tutur. XIX  əsrdə  “Novruz” haqqında məlumatlara müxtəlif qaynaqlarda rast gəlinir.

Qərb şərqşünası A.Mets  özünün “Müsəlman intibahı” kitabında bu məsələ barədə yazmışdır: Xalqın həyatında islamın təsirinin güclü olmadığını bayramlar sübut edir. Doğrudan da müsəlman ruhaniləri  nə qədər çalışdılarsa Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geydirməyə müvəffəq olmadılar. Xalq kütlələri bahar bayramı olan  “Novruz”un qeyri-dini, azad xarakterini qoruyub saxladılar. Yazın qarşılanması zamanı icra edilən mövsüm mərasimlərindən biri olan “Qodu-qodu” mərasimi haqqında “SMOMK” məcmuəsinin  XIX  əsrə aid olan buraxılışlarında (SMOMK, 9-cu buraxılış) məlumatlara rast gəlirik.

“Novruz”un   tarixinin xalq yaradıcılığında əfsanələşdirilməsi tendensiyası da müşahidə olunur. Bu da xalqın, bayramın tarixinə əfsanələrlə mənəvi - ruhani məzmun qazandırmaq istəyindən irəli gəlmişdir. Belə əfsanələrə görə “Novruz” Həzrət Əlinin doğulduğu gündür; Həzrət Əlinin taxta çıxdığı gündür; Həzrət Əlinin Fatimeyi Zəhra ilə evləndiyi gündür; Nuhun yerə ayaq basdığı gündür; Yunus peyqəmbərin balığın qarnından çıxdığı gündür və s.

- “Novruz”un tarixini atəşpərəstlik və zərdüştliklə əlaqələndirirlər. Bu əlaqəni necə görürsünüz və Novruz bayramı  özünün tarixi inkişafı dövründə zərdüştlükdən təsirlənibmi?

- Elmdə çox da ciddi qarşılanmayan belə bir yanaşma müşahidə olunur. Xüsusilə, atəşpərəstlik, zərdüştlük, “Avesta” abidəsi haqqında  geniş və ətraflı məlumat olmadan mövzu ilə bağlı populist  fikirlər irəli sürülür. Hətta süni təsir bağışlayan polemikalarda belə tərəflərin heç birinin mövzuya hakim oldmadığı görünür. Sovet dövründə aparılan tədqiqatlarda hakim ideologiyanın materialist və ateist xarakterli mədəniyyəti dini görüşlərlə əlaqəli izah etməyə azad şərait imkanı olmurdu. “Novruz”un zərdüştlüklə əlaqəli olmaması fikrinin özü də  obyektiv  yanaşma deyildi, həm də elmi əsaslandırma olmadan irəli sürülürdü. 

İngilis tədqiqatçı Meri Boysun araşdırmalarında “Novruz” atəşpərəstlik və zərdüştiliklə əlaqəli öyrənilib. Onun araşdırmalarına görə, zərdüştilər animizm inancının daşıyıcıları idi. (M.Boys, 1992,s.53-55). Onlar maddi və qeyri-maddi şeylər üzərində idraki ruha nail olmuşdular  (M. Şvarts, s.641). Beləliklə, onlar üçün baharın gəlişi Günəş ruhunun hər il təkrarlanan  qələbəsi idi. Belə görünür ki, Zərdüşt bu rəmzdə  böyük bir zəfər görürdü.  Bu xüsusi bir ümid idi. Zərdüşt davamçılarına təklif edirdi ki, indiki mübarizə xeyir və şər arasında bütün səviyyələrdə gedir( fiziki, əxlaqi, mənəvi) və xeyirin tam qələbəsi ilə başa çatır. Sonra bizim “məhdud zamanımız” “əbədi hökmranlıq zamanı” (faktiki olaraq əbədi) ilə əvəzlənir. Bu zaman dünyada nə varsa hamısı Ahura Məzdanın yaratdığı kamillik  səviyyəsində bərpa olunur. Ətraf aləmdə baş verən yenilənmə Zərdüştün təliminin yayılmasına yardım edirdi. Ətraf aləmdə yaşanan yenilənmə ilahi bir hadisə kimi təqdim edilirdi. 

“Avesta”nın sağ qalmış nümunələrində, yəni b.e.ə. 1000 və 800-cü illər arasında Zərdüştün təliminin onun davamçıları tərəfindən tərtib edilmiş “Gənc Avesta”da “Novruz” haqqında məlumata rast gəlinmir. Dini təqvim onda aşkarlanan  bir konkret inkişafı göstərir. Bu yaradılış ildə bir gün olmaqla keçirilən altı festivalla qeyd olunaraq “ilin zamanı” adlanır və “mövsüm mərasimləri” sayılır. Altı bayramın “Novruz”un yaranmasına təsiri olduğu haqqında mülahizələr mövcuddur.  Bu altı festivalla yanaşı yeddincisi olan Aşinin himayəsindəki Od var ki, hər şeyi dirildir. Günortanın Od ruhu olduğu  təsəvvür edilir və onun bayramı “Novruz”dur. “Novruz” heç vaxt mövsüm mərasimlərindən biri  hesab edilməsə də, o digər altı bayramla əlqaələndirilir.

M.Boysun araşdırmalarından da aydın olur ki, “Novruz” atəşpərəstlər tərəfindən də qeyd edilib. Yəni “Novruz”un inkişaf tarixində atəşpərəstlikdən keçdiyi mərhələ də diqqətdə saxlanılmalıdır. Amma “Novruz”un tərkibindəki mövsüm mərasimləri din öncəsinə aiddir və  arxaik ritual mənşəlidir. Bu bayramı qeyd edən xalqlar eyni zamanda hər biri öz etnik və ya milli adət-ənənələri çərçivəsində xalq mərasimlərini icra etmiş olurlar.  Bayram formaca milli olsa da, məzmunca bəşəri mahiyyət daşıyır.

- “Novruz” həm də bir təqvim hadisəsidir.

- “Novruz”un əsasında dayanan ilk xalq təqvimi  yaz mövsümünü bildirir. Müxtəlif dövrlərdə bu təqvimlər astroloji baxımdan təkmilləşdirilib.  1074-1075-ci illərdə   İsfahan, Bağdat, Rey ve Nişaburda rəsədxanalar qurduraraq bir təqvimin təsbitini əmr edən böyük Səlcuqlu sultanı Məlikşah Cəlali təqvimi deyilən bir türk təqvimi hazırlatdırmışdır. Bu rəsədxanalarda Ömər Xəyyam, Əbül Müzəffər İsfirazı, Mömin ən Nəcib əl Vasti kimi dövrün alimləri işləmişdir. Qısa bir müddət işlənən (Məlikşahın ölümünə qədər) bu təqvimə Sultanın adına görə “Cəlaliyə”, “Tarixi-Cəlali”, və ya “Tarixi Məliki” adları verilmişdir. Günəş ilini əsas götürən Cəlali təqvimində günəşin qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul edilmişdir. Səlcuqlulardan sönra bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim üzərində düzəlişlər edilmiş və “Tarixi Elxan” adı verilən bir təqvim meydana gəlmişdir. 1925-ci ilin 31 martına qədər bu türk təqvimi İranda işlənmişdir. Məlikşahın hazırlatdırdığı Cəlali təqvimi Əfqanıstanda son zamanlara qədər istifadə olunmuşdur. Bugünkü İran və Əfqanıstanda ilbaşını Novruz olaraq qəbul edən təqvim Cəlali adlı türk təqviminin dəyişik bir şəklidir.

- Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun dünyanın qorunan mədəni irsi siyahısına daxil edilib. “Novruz” bayramının UNESCO-nun siyahısına daxil edilməsi ona hansı status qazandırır və bayramla bağlı mədəni kompleksin icrasında hansı yeni   keyfiyyət dəyişmələri müşahidə olunur?

- Azərbaycanın bir sıra mədəniyyət nümunələrinin UNESCO-nun siyahısına daxil edilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse prezidenti hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Onun fəaliyyəti nəticəsində Azərbaycanın çox dəyərli mədəniyyət nümunələri artıq UNESCO-nun siyahısındadır. BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. “Novruz” UNESCO-da qeyd edildikdən sonra artıq bu bayram beynəlxalq status qazanmış oldu. İndi bu bayram bütün dünyanın bayramıdır. Orta Asiyadan Balkanlara qədər olan böyük bir coğrafiyada qeyd edilən bu qədim bahar bayramı artıq bütün dünyada böyük təntənə ilə keçirilmək istiqamətində genişlənəcək. Əlbəttə, bu həm də bizim milli mədəniyyətimizin dünyaya tanıdılması, humanist dəyərlərimizin dünyaya çatdırılması istiqamətində önəmli bir hadisədir.

- Xalqımızın Novruz bayramı öncəsi qeyd etdiyi bir sıra ənənəvi mövsüm mərasimləri içərisində ilaxır çərşənbələri əhəmiyyətli yer tutur. Çərşənbələrin mərasim mədəniyyətimizdəki yeri haqqında nə deyə bilərsiniz?

- Çərşənbələrlə bağlı, onların sayında və sıralanmasında elmdə mübahisəli fikirlər mövcuddur. Lakin bir həqiqət vardır ki, xalqımız ilaxır çərşənbələrini keçmişdə də qeyd edib, indi də təntənə ilə qeyd etməkdədir. Yazın gəlişinin gətirdiyi sevinc duyğusu ilaxır çərşənbələrlə başlanır və “Novruz”a qədər olan bir aylıq müddətdə  davam edir. Bu bütövlükdə bayram əhvali- ruhiyyəsini uzun müddət qoruyub saxlamağa, nikbin və xeyirxax hissləri aktivləşdirməyə ciddi dəstək olur. Çərşənbələrlə bağlı onu qeyd edə bilərik ki, bunlar mövsüm mərasimləri ilə əlaqəli olan  arxaik bir təqvimin qalıqlarıdır. Keçdiyimiz zəngin mədəniyyət tarixinin bir parçasıdır. Mədəniyyətimizin digər nümunələri kimi ilaxır  çərşənbələr də yaz mövsümü mərasimlərimizi özündə əks etdirən hadisə kimi qorunmalıdır və yaşadılmalıdır.

- “Novruz” xalqımızın   ənənəvi bahar bayramı kimi əsrlər boyu  təntənəli şəkildə qeyd olunub. Bu bayram öz tərkibində  milli ənənəvi mədəniyyətimizin bir sıra  nümunələrini də yaşadır. “Novruz”un  əsas atributları haqqında məlumat  verərdiniz.

- Təqvimlərin, rəsmi bayram statuslarının təsiri nə qədər olursa olsun, “Novruz” özündə mövsüm mərasimi mədəni kompleksini qoruyub. Bayram edilən hadisə yaz mövsümü olduğu üçün buradakı atributlar da bu və ya başqa şəkildə yazı simvolizə edirlər. Bunların içərisində önəmli təbiət ünsürü olan səmənini qeyd etmək olar. Bayram öncəsi evlərdə səməni cücərdilməsi, yumurta boyanması,  bayram şirniyyatlarının hazırlanması vacib sayılıb. Bayram axşamlarında tonqal qalanıb və onun üzərindən atlanılıb, qulaq falına çıxılıb və ya digər vəsfi-hallar icra edilib. Bayram günləri, bəzi yerlərdə bayram axşamları “Kosa-kosa” oyunu oynanılıb. Bayram axşamı uşaqlar Qurşaqatdı mərasimini icra ediblər və bayram sovqatları toplayıblar. Cıdır, güləş və digər yarışlar da bayramda icra edilib. Bayram imkan verib ki, xalq özünün yaratdığı xeyirxah ənənələri həmin günlərdə yenidən və təntənəli şəkildə təkrarlasın. Bayramın ən vacib atributu küsülülərin barışması, sosial harmoniyanın və cəmiyyətdəki həmrəyliyin təmin olunmasıdır. Bayramda təbrikləşmə, xeyirxah hərəkətlər etmək, bir-birinə dəstək olmaq, insanlara yardım göstərmək, humanist dəyərləri canladırmaq və icra etmək çox vacibdir.

- Müsahibə üçün çox sağ olun.

Müsahibəni hazırladı:

Səidə RZAYEVA

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: