Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Araxnoloq-alim: “Dünyada ilk dəfə Erythraeidae fəsiləüstünün nümayəndələrində tor ifraz etmə qəbiləsini aşkar etmişik”
11.08.2021 09:54
  • A-
  • A
  • A+

Araxnoloq-alim: “Dünyada ilk dəfə Erythraeidae fəsiləüstünün nümayəndələrində tor ifraz etmə qəbiləsini aşkar etmişik”

AMEA-nın Zoologiya İnstitutunun Araxnologiya laboratoriyasının böyük elmi işçisi, araxnoloq-alim, biologiya üzrə fəlsəfə doktoru Oktay Aslanovun uzun illər apardığı elmi tədqiqatların nəticəsi olaraq dünyada ilk dəfə bir çox onurğalı heyvanların üzərində Raphignathoidea fəsiləüstünün nümayəndəsi tapılmış, habelə Bdelloidea fəsiləüstündən olan gənələrdə ictimai davranış aşkar olunmuşdur. Bundan əlavə, alim Azərbaycan faunası üçün yeni 22 fəsilə, 71 cins və 136 növ müəyyən etmişdir. Onlardan 1 növü Palearktika faunası üçün, 12 fəsilə, 36 cins və 95 növ isə Qafqaz faunası üçün yeni sayılır.

O.Aslanov AMEA Zoologiya İnstitutu Araxnologiya laboratoriyasında işlədiyi müddətdə 10 tematik işin əsas icraçılarından biri olmuş, Azərbaycanın heyvanat aləmi” monoqrafiyasının 2-ci cildinin həmmüəllifi, o cümlədən 52 elmi əsərin müəllifi, 4 beynəlxalq konfransın iştirakçısı olmuşdur. Alim “Caucasus Ecosystem: Past, Present and Future (80 years of the zoological investigations of the Caucasus)” beynəlxalq konfransında iştirakına görə sertifikatla təltif edilmişdir.

O.Aslanov araxnologiya sahəsi üzrə elmə bir çox töhfələr vermiş və yırtıcı aktinedid gənələr üzrə Qafqazda yeganə mütəxəssisdir.

- Oktay müəllim, həm Qafqaz, həm də Azərbaycan faunası üçün bir çox cins, fəsilə, növ aşkar etmisiniz. Bu haqda qısa məlumat verərdiniz.

- 1985-ci ildən bu günə kimi həm Qafqaz, həm də Azərbaycan faunası üçün 22 yeni fəsilə müəyyən etmişəm. Bunlardan 12-si Qafqaz faunası üçün yenidir. Həmçinin Paleraktika faunası üçün 1 yeni növ (Robustocheles hilli), Qafqaz faunası üçün 36 cins və 95 növ, Böyük Qafqaz faunası üçün yeni 2 cins və 12 növ, Azərbaycan faunası üçün isə yeni 9 fəsilə, 35 cins və 40 növ aşkar etmişəm.

- Ölkəmizdə gənələrin ən çox yayıldığı ərazilər hansılardır?

- Azərbaycanın çox hissəsi qeyri-bərabər öyrənildiyindən gənələrin yayıldığı ərazilər də öz müxtəlifliyi ilə seçilir. Bu zaman iqlim müxtəlifliyini də nəzərə almalıyıq. Lakin əminliklə deyə bilərəm ki, tədqiqatlarımız sayəsində gənələrin bir çox cins və növləri daha çox Böyük Qafqazın subalp qurşağında tapılıb.

- Gənələrlə bağlı apardığınız çoxillik tədqiqatlarınızın əsas məqsədi və nəticələri nədən ibarətdir?

- Ölkəmizdə bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin sayı az olduğundan araxnologiya elminə məndə xüsusi maraq oyandı. Əsas məqsədim elmə məlum olmayan bir çox gənə növlərinin faunasını və onların landşaft-biotop üzrə yayılma səbəbini araşdırmaq, o cümlədən ölkəmizdə bu sahənin inkişafına təkan vermək idi. Uzun illər apardığım tədqiqatlar nəticəsində dünyada ilk dəfə Raphignathoidea fəsiləüstünün Camerobiidae fəsiləsinə aid olan Tycherobius superbus növünün dişilərini tapmış (xüsusən də Lənkəranda) və Palearktikada ilk dəfə və dünyada ikinci dəfə olaraq örtülütoxumlu bitkilərin çiçəklərində yırtıcı aktinedid gənələr tapılmışdır. Həmçinin Qafqazda ilk dəfə üzüm bağlarında Stigmaeidae, Camerobiidae və Erythraeidae fəsilələrin nümayəndələri və Hondvana növü aşkar edilmiş, yırtıcı aktinedid gənələrinin landşaft qurşaqlar, landşaftlar, şaquli qurşaqlar və bioxorlar üzrə yayılmasında, onların ekoloji qruplara ayrılmasında, habelə üzümlüklərdə yaşayan yırtıcı aktinedid gənələrin faunasının öyrənilməsində mühüm addımlar atılmışdır. Ən əsası, elmdə ilk dəfə məhz bizim tərəfimizdən Erythraeidae fəsiləüstünün nümayəndələrində tor ifraz etmə qəbiləsini aşkar etmişik. Onu da qeyd edim ki, bu illər ərzində apardığım elmi tədqiqatlar (52 elmi əsər) müxtəlif elmi jurnallarda və həmmüəllifi olduğum 2 monoqrafiyada öz əksini tapmışdır.

- Bildiyimiz kimi, Azərbaycan flora və faunasında gənələr geniş yayılmışdır. Və təbii ki, bunun nəticəsində həm təsərrüfata, həm də maldarlığa böyük ziyan vurulur. Bu zərərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Gənələrin 3 növü: bitkilərə zərər verən, yırtıcı və parazitlər kənd təsərrüfatına böyük ziyan vurur. Bunun üçün də onlarla əsasən kimyəvi üsulla mübarizə aparılır. Lakin Azərbaycanda 1990-cı illərdə bioloji üsulla mübarizə aparmışıq. Belə ki, Moskvadan gətirdiyimiz gənələri ölkəmizdə çoxaldaraq istixanalara buraxmışdıq. Heyvandarlığa ziyan vuran gənələrlə də kimyəvi üsulla mübarizə aparılır. Qeyd edim ki, gənələrin heç də hamısı ziyanverici deyildir. Məsələn, onların bəzilərindən ziyanverici gəmiriciləri məhv etmək, həmçinin alaq bitkiləri ilə mübarizədə geniş istifadə edilir.

- Oktay  müəllim, yırtıcı aktinedid gənələr üzrə həm Azərbaycanda, həm də Qafqazda yeganə mütəxəssissiniz. Elmi fəaliyyətinizi davam etdirən gənc tədqiqatçılar varmı və onlarla birgə hansı nəticələri əldə etmisiniz?

- Bu sahə üzrə elmi fəaliyyətlə məşğul olan bir doktorantım ilə birgə apardığımız tədqiqatlar, o cümlədən əldə etdiyimiz nəticələr ürəkaçandır. Məsələn, Qafqazda Erythraeidae gənələri demək olar ki, heç öyrənilməyib və birgə tədqiqatlarımız nəticəsində ilk dəfə bu gənələrin 6 növü aşkar edilmiş və öyrənilmişdir. Düşünürəm ki, bu, böyük elmi nailiyyətdir.

Müsahibəni apardı: Alidə ZEYNALOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: