Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Senior Expert Service təşkilatının nümayəndələri MEK-in qonağı olublar
08.05.2026 21:27
  • A-
  • A
  • A+

Senior Expert Service təşkilatının nümayəndələri MEK-in qonağı olublar

Almaniyanın Senior Expert Service təşkilatının Azərbaycan və Qazaxstan üzrə layihələr rəhbəri Yana Tixomirova və təşkilatın Azərbaycan üzrə nümayəndəsi Xuraman Məmmədova AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Görüş çərçivəsində MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov qonaqlara kitabxananın beynəlxalq əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Direktor vurğulayıb ki, MEK dünyanın müxtəlif ölkələrinin elmi və mədəni qurumları ilə səmərəli əməkdaşlıq edir, birgə layihələr həyata keçirir, beynəlxalq elmi informasiya mübadiləsinin genişləndirilməsinə xüsusi önəm verir, rəqəmsal resurs bazasının zənginləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirir.

Hüseyn Hüseynov qeyd edib ki, bu məqsədlə xarici ölkələrin kitabxanaları ilə elektron nəşrlərin və elmi materialların mübadiləsi həyata keçirilir, beynəlxalq rəqəmsal kitabxana şəbəkələri ilə əməkdaşlıq genişləndirilir.

Sonra qonaqlar kitabxananın fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara MEK-də mühafizə edilən daimi və tematik sərgilər, zəngin kitab fondları, nadir nəşrlər və elmi ədəbiyyatlar barədə ətraflı məlumat verilib.

Yana Tixomirova isə öz növbəsində müasir infrastrukturu, zəngin rəqəmsal resursları və rahat oxu zalları ilə elmi irsin qoruyucusu olan MEK-də yaradılan şəraiti yüksək qiymətləndirib. O vurğulayıb ki, kitabxanada tətbiq olunan innovativ yanaşmalar, oxucular üçün yaradılmış müasir xidmət imkanları və beynəlxalq əməkdaşlıq əlaqələri elmi biliklərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda tərəflər gələcək əməkdaşlıq imkanları, beynəlxalq layihələr və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: