Dünyanın on bir iqlim qurşağından doqquzuna malik olan Azərbaycan torpağı özünün yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyi ilə ta qədim zamanlardan bəşəriyyətə məlumdur. Dünya xalqlarının hər zaman və bu gün də marağında olduğu sərvətlərindən biri də “qara qızıl” adlandırılan və yerin dərin qatlarından çıxarılan Azərbaycan, yaxud da Bakı neftidir. Neft milli sərvətimiz olmaqla bərabər, həm də ona olan dünyəvi marağı nəzərə alsaq tam əminliklə deyə bilərik ki, bu sərvət uzaq tarixi keçmişimizin yaddaş izlərini bu günümüzlə qovuşduran bir maddi-mənəvi yaddaş körpüsüdür.
Xüsusilə neftin sənaye üsulu ilə çıxarılmasının inkişaf edərək təşəkkül tapması yolunda respublikamızın neft üzrə alim və müvafiq istiqamətlərdə mütəxəssislərinin rolu danılmazdır. Onların sayəsində neft sənayemiz bugünkü durumuna çatmışdır. Bünövrəsi korifey neftçilər tərəfindən qoyulan Azərbaycan neft sənayesi özünün sonrakı inkişafında da daha etibarlı əllərdə olmuşdur. Bu inkişaf yolunda əməyi olan neftçi-mütəxəssislərdən biri də əmək fəaliyyətinə çox erkən yaşlarında, 1968-ci ildə “Suraxanıneft” NMİ tornaçı köməkçisindən işləməyə başlayan Fəxrəddin Nəcməddin oğlu Kərimovdur. Bizim müasirimiz olan Fəxrəddin müəllim 50 ilə yaxın bir dövrdə dəniz neft-qaz sahəsində fəaliyyət göstərərək öz əməyi ilə idarə rəhbərliyi səviyyəsinə kimi yüksəlmişdir.
Atası Nəcməddin Kərimov ailə vəziyyəti ilə əlaqədar ötən əsrin 30-cu illərində çox gənc ikən Xızı kəndindən Bakının Əmircan kəndinə gələrək məskunlaşmışdır. 1941-ci ildə başlayan 2-ci Dünya Müharibəsinə Əmircan kəndindən ordu sıralarına çağrılaraq, 1942-1945-ci illərdə Azərbaycan Milli Diviziyası tərkibində Alman ordusuna qarşı ən ağır döyüşlərdə iştirak etmişdir. O, müharibədən sonra Leninqrad şəhərinə (indiki Sankt-Peterburq) göndərilərək 1950-ci ilə kimi burada müharibədən sonrakı bərpa-quruculuq işlərinə cəlb edilmişdir. 1950-ci ildə vətəni Azərbaycana dönən Nəcməddin Kərimov doğma kəndi Xızıya qayıdıb bir müddət orada yaşamışdır. 1951-ci il avqust ayının 14-də Xızı kəndində ailənin ilk oğul övladı Fəxrəddin Kərimov dünyaya göz açır. Zəhmətkeş bir ailədə anadan olan Fəxrəddin sonrakı illərdə iki obanın (Xızı və Əmircan) sevimli övladı kimi böyüyür.
Onun bir yaşı tamam olmamış gənc ailə Bakı şəhərinə, qədim tarixə malik Əmircan kəndinə daimi yaşamaq üçün köçürlər. O, orta təhsilini (1958-1968) Əmircan kəndindəki 97 və 226 saylı orta təhsil məktəblərində, ali təhsilini isə (1969-1975) M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (hazırki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsində alaraq “Dağ mühəndisi-geoloq” ixtisasına yiyələnir. Gənc mütəxəssis kimi 1975-ci ildən “Qum adası” NQÇİ-də (keçmiş Serebrobski ad. NQÇİ) infrastruktur bölməsində operator vəzifəsində əmək fəaliyyətinə başlayır. Fəxrəddin müəllimin buradan başlanan uğurlu əmək fəaliyyəti “Dəniz Neft Qaz” İstehsalat Birliyinin neft-qaz sahələrində fasiləsiz olaraq 2014-cü ilə kimi davam edir. Bu illərin 1991-ci ilə qədər dövrü bilavasitə ”Qum adası” NQÇİ ilə və 1992-ci ildən sonrakı dövr isə “Azneft” İB aparatı və ARDNŞ-nin baş ofisindəki fəaliyyətləri ilə bağlı olub. Onun işgüzarlığı, verilən tapşırıqlara diqqətli münasibəti, həmçinin mədən təcrübəsi yüksək olan mütəxəssislərdən mədən işlərinin incəliklərini öyrənmək bacarığı sayəsində çox keçmir ki, onu seçilən gənc mütəxəssis kimi NQÇİ rəhbərliyi tərəfindən qiymətləndirilərək, operatorluqdan mühəndis və böyük mühəndis vəzifələrinə qədər yüksəlməsinə gətirib çıxarır. Tezliklə ona daha məsul vəzifə tapşırılır. O, NQÇİ-nin “Mərkəzi mühəndis texnoloji xidmət” (MMTX) bölməsinə növbə rəisi təyin edilir (1977-1980). Əlbəttə bu məsul vəzifə F.Kərimova böyük etimad olmaqla bərabər, onun özündən də yüksək cavabdehlik tələb edirdi. Çünki MMTX bölməsi NQÇİ-nin ən məsuliyyətli istehsalat infrastrukturlarından biri idi. Bu struktur idarənin elə xidmət sahəsidir ki, hasil olunan neft-qaz məhsullarının yığılmasına, keyfiyyətinə və təhvilinə nəzarət bilavasitə buradan aparılır.
F.Kərimov 1980-ci ildən etibarən NQÇİ-nin “Texniki-istehsalat şöbəsi”nə rəis təyin edilir və o, bu vəzifədə uzun müddət işləyir (1991-ci ilə qədər) və NQÇİ-nin bir çox fəaliyyət istiqamətlərində idarəetməni səmərəli həll edən bir geniş-əhatəli nüfuz sahibinə çevrilir. Onun həm idarəetmədə və həmdə neft-mədən işlərindəki səriştəsi nəzərə alınaraq 1991-ci ildə o, ARDNŞ-nin yuxarı struktur bölmələrində işə qəbul olunur və burada 2014-cü ilin sonuna kimi baş ofisin sərəncamında olan idarəetmə strukturlarında müxtəlif vəzifələrdə çalışır, o cümlədən, “Dənizneftqazlayihə” DETLİ-nin “Neft və qazın çıxarılmasının texnika və texnologiyası” laboratoriyasında böyük elmi işçi vəzifəsində. Qısa bir müddətdən sonra ARDNŞ-nin “Azneft” İB-nin baş idarəetmə aparatında “Texniki-itehsalat şöbəsi”ndə rəis müavini kimi 1997-ci ilin sonlarına kimi fəaliyyət göstərir.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində respublikamızın neft və qazçıxarma sahələrində çətin bir dövr yaşanırdı. Keçmiş Sovetlər İttifaqının dağılması istehsalatda peşəkar mütəxəssislərin itkisinə, mal və material çatışmazlığına səbəb olmuşdur. Nəticədə hasilatın tənzimlənməsində ciddi problemlər yaranmışdır. Belə çətin bir dövrdə yuxarıda qeyd olunduğu kimi həm istehsalı və həm də idarəetmədə səriştəsi olan F.Kərimov yaranan vəziyyətdən çıxış yolunu ilk növbədə nəticələrə hər tərəfli baxılaraq təhlillərin aparılması və tədbirlər planının işlənib hazırlanması və tətbiqi təklifi ilə çıxış edir. Paralel olaraq yeni texnikanın (texnologiyanın) yaradılması, tətbiqi və mükafatlandırılması üzrə yeni qaydalar (1994-cü il) işlənib hazırlanır və ARDNŞ-nin rəsmi icazəsilə yerlərdə tətbiqi reallaşdırılır. Həmçinin ARDNŞ-nin müəssislərində səmərələşdirici təkliflərin tətbiqinə görə mükafatlandırma “Qaydaları” da (1995-ci il) işlənib hazırlanaraq öz tətbiqini tapır. Sonrakı illərdə F.Kərimovun ARDNŞ-nin “Elmi-texniki şöbəsi” ilə sıx əməkdaşlığı sayəsində patent (ixtira) haqqında qanunun işlənməsi və təsdiqində verdiyi təkliflərin təsiri də böyük olmuşdur.
Xüsusilə 1993-1994-cü illərdə neft hasilatının azalmasına səbəb olan çətinliklərdən biridə MDB ölkələri ilə müvəqqəti olaraq iqtisadi əlaqələrin kəsilməsi sayəsində “Azneft” İB-nin NQÇİ-lərində təbii və səmt qazlarının çıxarılması, yığılması, nəqlə hazırlanması və qazlift sistemində istifadə olunması proseslərində kimyəvi reagentlərdən – metanol və qlikolun çatışmaması üzündən texnoloji sistemdə yaranan çətinliklər olmuşdur. Bu isə böyük qaz itkilərinə səbəb olmuş və qazlift üsulu ilə istismar olunan neft quyularında hasilatın azalmasına gətirib çıxarmışdır. F.Kərimovun təşəbbüsü və təşkilatçılığı və bir qrup mütəxəssisin iştirakı ilə NQÇİ-lərdə qaz itkilərinin qarşısının alınması və qazlift quyularının fasiləsiz iş rejimlərinin təmin edilməsi məqsədilə respublikamızda istehsal olunan yerli kimya məhsullarının əsasında xaricdən alınan metanolu və dietilen qlikolu tam əvəz edən yeni tərkibli inhibitorlar – “izopropil spirti” (P960007 saylı patent) və “təbii qaz quruducusu” (P950026 saylı patent) işlənib hazırlanmış və 1995-ci ildən 2002-ci ilə qədər “Azneft” İB NQÇİ-lərində müvəffəqiyyətlə tətbiqi aparılmışdır. 1995-ci il tarixi neft hasilatında neftin düşmə (azalma) tempinin məhz qarşısının alınması ili olmuşdur.
F.Kərimov 1997-ci ilin sonlarında İstehsalat Birliyinin əmri ilə Kompleks Dəniz Geoloji Kəşfiyyat İdarəsinə (KDGKİ) baş mühəndis təyin edilir. Onun burada 2005-ci ilə qədər olan fəaliyyəti sayəsində KDGKİ-nin yeni texnikanın (texnologiyanın) tətbiqi genişləndirilərək tamamilə yeniləndi. Onun rəhbərliyi ilə “Azneft” İB ilə AMEA-nın bir qrup mütəxəssis alimlərinin apardıqları birgə nəzəri-praktik tədqiqat işləri nəticəsində dənizlə bağlı (müəyyən dərinlik hüdudlarında) mühüm olan məsələ öz həllini tapdı. Həm də onun təşəbbüsü ilə bu idarədə Dənizdə Ekoloji Tədqiqatlar Ekspedisiyası yaradıldı. Hazırda bu ekspedisiyanın bazasında Ekologiya İdarəsi fəaliyyət göstərir.
2006-cı ilin əvvəlində Fəxrəddin müəllimin geniş təcrübəsi nəzərə alınaraq o, “Dənizneftqazlayihə” DETLİ-nin əvvəlcə “Beynəlxalq layihələr və xarici əlaqələr” şöbəsinə rəis vəzifəsinə, sonra isə yeni yaradılan vəzifəyə institut direktorunun layihələr üzrə müavini vəzifəsinə təyin olunur. Bu vəzifədə o, 2009-cu ilə qədər çalışaraq institutun müvafiq şöbələri ilə birgə dənizdə neft-qaz çıxarmanın bir sıra problem məsələləri üzrə layihələrinin həllinə nail olmuşdur.
2009-cu ildə institutda aparılan struktur dəyişiklikləri nəticəsində F.Kərimov yenidən ARDNŞ-nin baş ofisində əsas istehsalat şöbələrində fəaliyyətinin 2014-cü ilə kimi davam etdirir. O, ARDNŞ-də ekologiya şöbəsinə rəhbərlik etdiyi müddətdə vacib ekoloji layihələrin işlənməsini həyata keçirmişdir. Xüsusilə şəhərətrafı neft-mədən ərazilərində uzun illərdən bəri neft və digər çirkab suları ilə ekoloji tarazlığın pozulmasının nizamlanması işini və s. işlər qeyd olunmalıdır.
Hazırda F.Kərimov 2016-cı ildən AMEA Neft və Qaz İnstitutunda fəaliyyətini davam etdirərək “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinə rəhbərlik edir. 2017-ci ildə institut rəhbərliyinin tapşırığı ilə Fəxrəddin müəllimin “Ətraf mühitin mühafizəsi və qorunması” sahəsində ekologiya üzrə dünyanın ən nüfuzlu mükafatlarından olan “EkoWord” (Эко Мир) (təsisçi – Rusiya Təbiət Elmləri Akademiyası) müsabiqəsinə təqdim olunan layihə 1-ci dərəcəli diploma və fəxri nişana layiq görülmüşdür.
Qeyd edək ki, şöbədə aparılan elmi araşdırmaların əsas istiqaməti təbii və texnogen proseslər nəticəsində ətraf mühitin (atmosferin) istilik effekti yaradan qazlarla çirklənməsi və ona qarşı tədbirlərin görülməsidir. İri sənaye mənbələrinin istismarından atmosferə atılan karbon qazı ətraf mühitin istilik balansının pozulmasında mühümdür. Bu istiqamətdə 2016-cı ildən aparılan tədqiqatların nəticəsi olaraq, əsas çirkləndirici sənaye mənbələri təyin olunaraq onlardan atılan karbon qazının miqdarı təyin edilmiş, bu qazların atmosferdən tutularaq təhlükəsiz saxlanması və sonradan məqsədyönlü istifadə olunması müəyyənləşdirilmişdir. Hazırda bu məsələ BMT səviyyəsində dünyanı ən çox narahat edən məsələlərdəndir. Qeyd edək ki, F.Kərimov bu istiqamətdə dünyanın aparıcı şirkətlərindən olan Yaponiyanın Mitsubişi (Mitsubishi) şirkəti ilə əməkdaşlıq məqsədilə Razılaşma Memorandumunun bağlanmasının təşəbbüskarıdır. Aparılan tədqiqat işlərinin nəticələri Beynəlxalq konfranslarda məruzə edilərək dinlənilmiş və uyğun elmi jurnallarda nəşr olunmuşdur.
F.Kərimov 40-a yaxın elmi işin, o cümlədən 17 patent almış ixtiranın, həmçinin 45 sayda səmərləşdirici təklifin müəllifidir. O, gənc kadrların hazırlanmasına xüsusi diqqət ayırır. İnstitutun magistr tələbələrinin müasir tələblərə uyğun səviyyədə təhsil alaraq hazırlanmalarında və təhsillə istehsalatın qarşılıqlı əlaqələrinin mənimsənilməsində hərtərəfli köməkliyini göstərir. O, çalışdığı bütün kollektivlərdə ictimai həyatın fəal iştirakçılarından olmaqla, işçilərin və rəhbərliyin nüfuz dairəsində olmuşdur. O, bir neçə qrant layihələrində rəhbər və ya icraçı qismində iştirak etmişdir.
F.Kərimovun əmək nailiyyətləri layiqincə qiymətləndirilmişdir. Onun 1982-ci ildə ixtiraçılıq üzrə işləri Moskvada keçirilən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Gümüş medala, 1999-cu ildə ARDNŞ-nin Fəxri Fərmanına layiq görülmüş və 2013-cü ildə isə AR Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır. O, 1997-ci ildə İngiltərədə (London) Lankaşir Universitetində istehsalatın idarə edilməsinin menecment kursunu keçərək, menecment sertifikatını almışdır.
Əlbəttə, qısa bir məqalədə F.Kərimovun bütün nailiyyətlərini əks etdirmək imkan xaricindədir. Neft və qaz çıxarmada yeni texnika və texnologiyanın yaradılması və tətbiqi, dənizdə geoloji-kəşfiyyat işləri, quyuların qazılması və mənimsənilməsi, dənizdə və quruda mühəndis-texniki tədqiqat işləri, perspektiv layihələrin işlənməsi, ətraf mühitin mühafizəsi, ekoloji layihələrin işlənməsi və su hövzələrinin kompleks tədqiqatları, xarici şirkətlərin sifarişi ilə beynəlxalq layihə işləri, neft-qaz yataqlarının və yeraltı qaz anbarlarının işlənməsi və istismarı üzrə layihə işləri və s. F.Kərimovun geniş və əhatəli mühəndislik qabiliyyətinin parlaq göstəriciləridir.
F.Kərimov təhsil aldığı illərdə elmin sirlərini ona öyrətmiş müəllimlərini və əmək fəaliyyətinə başladığı illərdən bu günümüzə kimi həmişə ona dayaq olan və istehsalatın sirlərini öyrədən usta və rəhbər mühəndis kadrların xidmətlərini daima xoş xatirələr və minnətdarlıqla yad edir.
Burada xalq şairi Ramiz Rövşənin “Roman” şerindəki dərin mənalı həyatı fikirləri xatırlamaqla bir daha F.Kərimov haqqında qeyd olunan fikirləri təsdiqləmiş oluruq. Yəni hər bir insanın həyatı yazılan iki romandan ibarətdir. Biri Tanrı tərəfindən yazılan roman, digəri isə insanın özü tərəfindən yazılan həyatı roman. Şairin fikirincə, xoşbəxt o şəxslərdir ki, özünün yazdığı romana çox illər sonra dönərək ötən günlərə baxdıqda keçdiyi həyat yolu onun üçün fəxarət kürsüsü olsun. Bəli, bu fikirlər F.Kərimov üçün də şamil ediləndir. Çünki o, öz əməlləri ilə keçmişi və bu günü ilə fəxr etmək iqtidarındadır.
14 avqust 2021-ci il tarixində Azərbaycan neft-qaz sənayesinin inkişafında xüsusi xidmətləri olan korifey neftçilərimizlə 50 ilə yaxın bir dövrdə çiyin-çiyinə çalışaraq onların layiqli davamçılarından olan Fəxrəddin Nəcməddin oğlu Kərimovun 70 yaşı tamam olur. O, öz zəhmətkeş əməyi hesabına keçdiyi həyat yolunun müdriklik zirvəsindədir. Onun uzun illər birgə çalışdığı kollektivi və ona doğma olan insanlar qarşısında el arasında deyildiyi kimi alnı açıq, üzü ağ və başı ucadır. O, bunlara vicdanlı əməyi sayəsində nəsib olmuşdur. Alimi qərar tutduğu bu uca zirvədə təbrik edir, can sağlığı və yeni əmək nailiyyətləri arzu edirik.
Vaqif QURBANOV, Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., professor
Fəxrəddin QULİYEV, Neft və Qaz İnstitutunun baş elmi işçisi, b.e.f.d
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.