1960-70-ci illərdə Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisi akademik Həsən Abdullayevin təşəbbüsü ilə Fizika İnstitutundan Leninqrad (hazırda Sankt-Peterburq) şəhərinin müxtəlif tanınmış elm mərkəzlərinə xeyli sayda əməkdaş aspirantura və doktoranturaya göndərilirdi. Belə əməkdaşların sırasında haqqında yazmaq istədiyim Almaz xanım Xəlilova da var idi.
Xəlilova Almaz Əhmədiyyə qızı 7 mart 1940-cı ildə Şəkidə doğulub, 1957-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirərək, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Fizika fakultəsinə daxil olmuş və təhsilini 1962-ci ildə başa vuraraq Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur.
1961-ci ildə universitetin sonuncu kursunda oxuyarkən, o, bir qrup tələbə ilə diplom işi ilə əlaqədar Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutuna, SSRİ Dövlət və Lenin mükafatları laureatı, prof. D.N.Nasledovun Elektron yarımkeçiriciləri laboratoriyasına ezam edilmişdi. Gənc fizikin bu laboratoriyada Qallium arsen birləşməsi əsasında p-n keçidlərin tədqiqinə həsr olunmuş diplom işinə həmin vaxtlar fizika-riyaziyyat elmləri doktoru, sonradan Nobel mükafatı almış məşhur alim Jores Alfyorov yüksək qiymət vermişdi.
1962-ci ildə təhsilini başa vurduqdan sonra Almaz xanım Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasına daxil olur. Elə həmin il prof. D.N.Nasledov və AMEA-nın həqiqi üzvü M.İ.Əliyevin elmi rəhbərlikləri altında elmi fəaliyyətə başlayır.
Ömrünün sonunadək Fizika İnstitutunun rəhbəri, həmin institutun yaradıcısı, çoxsaylı milli fizik elmlər doktorlarının hazırlanmasında əvəzsiz xidmətləri olan akademik Həsən Abdullayev bu dəfə də gənc fizikin elmi işlərini istiqamətləndirmək, tədqiqat mövzusunu dəqiqləşdirmək üçün onu tanınmış alim, Fizika-Texnika İnstitutunun professoru N.A.Qoryunova ilə tanış edir. Beləliklə “Ga-Sb-Te üçlü sistemində bərk məhlulların alınması, elektron və fononların səpilmə mexanizmlərinin tədqiqi” adlı dissertasiya mövzusu dəqiqləşdirilir. Gənc tədqiqatçının elmi fəaliyyəti başlayır. Xəlitələrin alınması prof. D.N.Nasledovun, rentgen və mikroquruluş tədqiqatları isə prof. N.A.Qoryunovanın rəhbərlik etdikləri laboratoriyalarda aparılır. Beləliklə, prof. N.A.Qoryunovanın defekt fazaların iştirakı ilə üçlü sistemlərdə geniş ərimə qabiliyyətli oblastların əmələgəlmə ehtimalı ideyası Almaz xanımın tədqiqatlarında təsdiqlənir.
Aspiranturanı bitirən Almaz xanım 1966-cı ildə Leninqrad Pedaqoji İnstitutunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra doğma Fizika İnstitutuna qayıdır və akademik M.İ.Əliyevin rəhbərlik etdiyi Yarımkeçiricilərdə köçürmə hadisələri laboratoriyasında elmi-tədqiqatlarını davam etdirir. Onun elmi işlərində Leninqrad fizika məktəbinin xüsusi rolu olur. Belə ki, o, süni anizotrop yarımkeçiricilər -A3B5-MeB5 yarımkeçirici-metal evtetikaların tədqiqi ilə məşğul olaraq, praktikada tətbiq üçün bir sıra qiymətli təkliflər verir. Bunların sırasında müxtəlif təyinatlı tenzorezistorlar da var idi. Bu çeviricilər neft borularında işlədilən dizel mühərriklərinin geniş təzyiq diapazonunda texniki diaqnostikası üçün istifadə olunurdu. Bununla yanaşı, həmin çeviricilər əsasında silindrin daxili diametrlərinə nəzarət üçün pnevmotenzorezistor kompleksi hazırlanmış və müəllif şəhadətnaməsi almışdı.
Almaz xanım 105 elmi əsərin və bir sıra konfrans materialların müəllifidir. Onun 41elmi məqaləsi nüfuzlu xarici jurnalda çap olunmuş, 21-i beynəlxalq bazalarda indeksləşdirilmişdir.
A.Xəlilova 1973-1982-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyətinin, 2004-2010-cu illərdə Fizika İnstitutunun elmi katibi vəzifələrində çalışmışdır.
Hazırda aparıcı elmi işçi olaraq fəaliyyətini uğurla davam etdirir. O, səmərəli elmi fəaliyyətinə görə AMEA-nın “Fəxri fərmanı” ilə təltif edilmişdir. Həmçinin “AMEA Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının məsul katibidir.
Belarus Fundamental Tədqiqatlar Fondunun, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələrində iştirak etmişdir.
Bu il Almaz xanım yubileyini qeyd edir. Fizika İnstitutunun kollektivi adından çox hörmətli, dəyərli ziyalı, səmimi dost, hər kəsə təmənnasız yardım əlini uzadan kollektivin dəyərlisi olan Almaz xanıma cansağlığı və uğurlar arzulayırıq.
Səlimə MEHDİYEVA, AMEA-nın müxbir üzvü
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.