Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

18.11.2026 11:25
  • A-
  • A
  • A+

Azərbaycançılıq məfkurəsinin formalaşması mərhələləri və müasir dövr

Azərbaycançılıq məfkurəsinin formalaşması mərhələləri və müasir dövr

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti

II məqalə

Azərbaycançılıq öl­kə­miz­də ic­ti­mai-ədə­bi fi­kir mey­da­nı­na sistemli şəkildə XIX əs­rin ikin­ci ya­rı­sın­dan eti­ba­rən gəl­sə də, bun­dan əv­vəl­ki dövr­lər­də­ki ümum­türk tə­fək­kür tər­zi ədə­biy­ya­tın mil­li zə­min­də in­ki­şa­fı­nı mü­əy­yən et­miş­dir. Fikrimizcə, Azərbaycançılıq anlayışının ilkin mərhələsinin ilk rüşeymləri hələ xalqın milli təşəkkülünün formalaşmaqda olduğu qədim dövrlərdən formalaşmağa başlanmışdır. Dil­çi alim­lə­rin gəl­dik­lə­ri elmi qə­na­ət bun­dan iba­rət­dir ki, “era­dan əv­vəl Azər­bay­can­da ar­tıq türk et­nos­la­rı ya­şa­mış, bu dövr­də Azər­bay­can əra­zi­sin­də türk et­nos­la­rı­nın di­li­nə məx­sus to­po­nim­lər və şəxs ad­la­rı mey­da­na gəl­miş­dir” (Q.Kazımov). Hələ bizim eradan əvvəl Atropatena dövründən başlayan Azər­bay­can adının formalaşma prosesi eramızın yeddinci-səkkizinci əsrlərindən etibarən bir qədər də yetkinləşmişdir. Belə ki, şərqşünas alimlərimiz fərqli formalarda olsa da, «Azərbaycan» kəlməsinin ərəb mənbələrində hələ səkkizinci əsrdən etibarən işlədildiyini qeyd edirlər. 

Ölkəmizdə isə VII əsrə aid olan «Kitabi-Dədə Qorqud» eposu möhtəşəm Azərbaycançılıq abidəsidir. Eposda təsvir olunan Qalın Oğuz Eli – Böyük Oğuz dövləti mənasını daşıyır. Qalın Oğuz Elinin coğrafi sərhədləri tarixi Azərbaycanın Anadolu sınırlarındakı Alagöz dağlarından başlayıb, Qərbi Azərbaycan ərazisindəki Göyçə gölündən keçərək Naxçıvandakı Əlincə Qalasına və oradan da Qarabağa, Bərdəyə, Gəncəyə, Dəmir Qapı Dərbəndə qədər uzanan geniş torpaqları əhatə etmişdir. Qalın Oğuz Eli müstəqil Azərbaycan dövlətinin – Azərbaycan ölkəsinin sələfidir. «Kitabi-Dədə Qorqud» eposunda Qalın Oğuz Elinin miladdan əvvəlki birinci minilliyinin ortalarından başlayaraq bizim eranın VII əsrinə qədər davam edən formalaşma prosesi, idarəetmə strukturu və mühazirəsi öz əksini tapmışdır. Bütün bunlara görə xalqımızın Ümummilli lideri Heydər Əliyev tarixi Azərbaycan torpaqlarını «Kitabi-Dədə Qorqud»un vətəni» adlandırmışdır.  

Hələlik «Azərbaycan» ifadəsinə ölkəmizə aid mənbələrdə ilk dəfə XI əsrdə rast gəlirik. Məlum olduğu kimi, görkəmli Azərbaycan filosofu, XI əsrdə yaşayıb – yaratmış Əbülhəsən Bəhmənyar «Azərbaycani» təxəllüsü ilə yazıb fəaliyyət göstərmişdir. Əbülhəsən Mərzban oğlu Bəhmənyar Azərbaycani universal elmi dünyagörüşünə və elmi xidmətlərinə görə Azərbaycanın Aristoteli kimi şöhrət qazanmışdır. 

XI əsrdə görkəmli Azərbaycan alimi Xətib Təbrizi ilə əlaqədar baş vermiş yaddaqalan bir hadisə də Azərbaycan və azərbaycanlı anlayışının qədim tarixi köklərini aydınlaşdırmağa imkan yaradır. Belə ki, görkəmli ərəb alimi və şairi Əbul-Əla əl -Məərrinin yanında dilçilik və ədəbiyyatşünaslıq dərsləri keçən Xətib Təbrizinin qürbətdə təsadüfən rast gəldiyi təbrizli qonşusu ilə doğma Azərbaycan dilində danışması tarixə iz salmışdır. Sonralar məşhur tarixçi Yaqut Həməvi Xətib Təbrizi ilə əlaqədar bu hekayəti olduğu kimi  tarixləşdirmişdir. Xətib Təbrizinin dilindən deyilmiş həmin rəvayət aşağıdakı kimidir: «Mən iki il idi ki, onun (Əbul-Əla əl –Məərrinin – İ.H.) yanında idim və şəhərinin adamlarından bu müddətdə heç kimi görməmişdim. Birdən təbrizli qonşularımızdan bir nəfər namaz qılmaq üçün məscidə girdi. Mən onu görən kimi tanıdım və sevindiyimdən çox həyəcanlandım… Əbl-Əla dedi: «Dur, onunla söhbət et»… Ayağa qalxdım və azəri dilində onunla söhbət edib, məni maraqlandıran hər şeyi ondan soruşdum. Elə ki, qayıdıb Əbul – Əlanın  yanında oturdum, məndən soruşdu: bu hansı dil idi? Dedim: Azərbaycan əhalisinin dilidir. Dedi: Mən bu dili bilmirəm və söhbətimizi də başa düşmədim. Ancaq danışıqlarımızın hamısının əzbərlədim… Sonra o qonşumla etdiyimiz söhbətin hamısını artırıb-əskiltmədən olduğu kimi təkrar etdi».

Əslində qədim dövr və orta əsrlərdə Azərbaycanın görkəmli ədəbiyyat və elm xadimlərinin təxəllüs kimi qəbul etdikləri «Təbrizi», «Gəncəvi», «Naxçıvani», «Şirvani» və sair kimi ölkəmizin coğrafiyası ilə bağlı olan yer bildirən ifadələr də geniş mənada «Azərbaycani» sözünün danışıldığı mənanı özündə əks etdirir. Bundan başqa, Məhəmməd Füzulinin «Həqiqətüş-şüəda» əsərində konkret olaraq «Azərbaycan» kəlməsi işlədilmişdir. Eyni zamanda, qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatında, xüsusən poema janrında yazılmış bədii əsərlərdə Gəncə, Təbriz, Marağa, Bərdə, Naxçıvan, Şamaxı və başqa yaşayış yerlərinin adlarının çəkilməsi də ədəbiyyatda Azərbaycan mövzusunun əks-sədası demək idi. 

XII əsr­dən etibarən Azərbaycan anlayışı əsasən ədəbiyyat vasitəsi ilə formalaşma prosesi keçirmişdir. Belə ki, Qədim və or­ta əsr­lər Azərbaycan poe­zi­ya­sın­da “Səb­ki-Azər­bay­can” üs­lu­bu­nun ge­niş yer tut­ma­sı xal­qı­mı­za məx­sus ədə­biy­ya­tı ümum­türk və Şərq-mü­səl­man poe­zi­ya­sı mə­ka­nın­da fərq­lən­dir­miş, ön möv­qe­yə, çıxarmış, bö­yük sə­nət miq­ya­sı­na çat­dır­mış­dır. XII əsr­də mey­da­na gəl­miş “Səbki-farsi”dən fərqli olaraq “Azər­bay­can səb­ki­si” şe­ir­də tən­tə­nə­li poe­tik üs­lub­la bə­ra­bər, ayıq­lıq və ağ­lın tən­tə­nə­si­ motivlərini də gös­tər­mə­yi tə­ləb edir­di. Bun­dan baş­qa, ic­ti­mai-si­ya­si xa­rak­ter da­şı­yan qə­si­də­dən qə­zə­lə ke­çid də “səb­ki-Azər­bay­can”ın mü­hüm özü­nə­məx­sus­luq­la­rın­dan bi­ri idi. Qə­dim dövr­də və or­ta əsr­lər­də Azər­bay­can poe­zi­ya­sı ilə ya­na­şı, fars­dil­li şe­ir­də də bu səb­ki üs­tün yer tut­muş­dur. «Səbki-Azər­bay­can» üs­lu­bun­da ya­zan şa­ir­lər ağ­lın, ka­ma­lın üs­tün­lü­yünü və dün­ya­nın sir­lə­ri­ni ədəbiyyatda əks etdirmiş, elm və pe­şə istilahlarına şei­rdə geniş yer vermiş, ənənəyə çevrilmişlər. Ədəbi ənənəyə uyğun olaraq, fars dilində yazan Nizami Gəncəvi, Əfzaləddin Xaqani  Şirvani, Mücərəddin Beyləqani, Qətran Təbrizi, Fələki Şirvani, Seyid Yəhya Bakui, Şeyx Səfiəddin Ərdəbili, Şəms Təbrizi, Əşrəf Marağalı və başqaları «Azərbaycan səbkisi» yolu ilə gedərək, müdriklik nümunəsi olan, ilhamdan və idrakdan doğan əsərləri ilə ədəbiyyatımızı zənginləşdirmişlər. «Səbki-Azər­bay­can» üslubu Azərbaycan ədəbiyyatında azərbaycançı ədəbi ənənənin əsaslarını formalaşdırmışdır.  

 Bun­dan baş­qa, XI­II-XVI əsr­lər­də Azər­bay­can di­lin­də ya­ran­mış poeziya türk dün­ya­sın­da milli şeirin mükəmməl ör­nəkləri ki­mi qə­bul edil­miş­dir. Bu ədəbi-tarixi mərhələ Azərbaycanda özünün İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi dahi sənətkarlarını, Nəsirəddin Tusi səviyyəsində görkəmli elm xadimini yetirmişdir. XIII əsrdə Azərbaycan ədəbi dili formalaşmışdır. XVII-XVI­II əsr­lər Azər­bay­can ədə­biy­ya­tın­da isə xalq şei­ri ilə ya­zı­lı şe­ir di­li ara­sın­da­kı fərq ara­dan qalx­mış, poe­zi­ya­da cid­di xəl­qi­ləş­mə pro­ses­lə­ri get­miş­dir. Mol­la Pə­nah Va­qi­fin li­ri­ka­sın­da­kı “Kür qı­ra­ğı­nın əcəb sey­ran­ga­hı”nın, Qı­raq­ba­san qış­la­ğı­nın tə­rən­nü­mü­nün tim­sa­lın­da Azər­bay­can coğ­ra­fi­ya­sı şe­ir­də qa­ba­rıq şə­kil­də gö­rün­mə­yə baş­la­mış və təd­ri­cən in­ki­şaf et­di­ril­miş­dir. XIX əsr­də və XX əs­rin əv­vəl­lə­rin­də isə rea­list ədə­biy­ya­tın ön cəb­hə­ni təm­sil et­mə­si öl­kə­nin ge­niş coğ­ra­fi bü­töv­lü­yünü, xal­qın isə konk­ret ola­raq öz adı və də­yər­lə­ri ilə ədə­biy­yat­da iş­ti­rakını zə­ru­ri fak­to­ra çe­vir­miş­dir. Dahi Mirzə Fətəli Axundzadə (1812-1878) Azərbaycan ədəbi-ictimai fikrinə Azərbaycançı ideyanın böyük təməllərini yaratmışdır. Bu günün mövqeyindən yanaşdıqda Mirzə Fətəli Axundzadənin məşhur dram əsərləri möhtəşəm Azərbaycançılıq abidələridir. «Kəmalüddövlə məktubları» mütəfəkkir Mirzə Fətəli Axundzadənin yaratdığı mükəmməl ədəbi-fəlsəfi azərbaycançılıq manifestidir. Mirzə Fətəli Axundzadənin «Kəmalüddövlə məktubları» və Cəlil Məmmədquluzadənin «Anamın kitabı» dramı Azərbaycan idealının qoşa sütunları  və qoşa zirvələridir. XIX əsrin sonları  və XX əsrin əvvəllərindən eti­ba­rən Azər­bay­can di­li və Azər­bay­can xal­qı an­la­yış­la­rı­nı ifadə edən sözlərin mət­bu­at­da və ədə­biy­yat­da iş­lə­dil­mə­si ilə ölkəmizdə gələcək Azərbaycan­çılıq məf­ku­rə­sinin əsasları yaradı­l­mış­dır. 

Azərbaycançılıq an­la­yı­şının formalaşmasında dövlətçilik faktoru da mühüm rol oynamışdır. Doğrudur, Atabəylər və Şirvanşahlar dövlətlərində rəsmi olaraq Azərbaycan dili faktorundan istifadə olunmamışdır. Lakin Azərbaycan feodal dövlətlərinin saray mühitində fəaliyyət göstərmiş şairlər əsərlərini əsasən fars dilində yazsalar da, açıq şəkildə ədəbi məclislərdə ana dilində danışmaq və yazmaq məhdudiyyəti qoyulmamışdır. XVI əsrdə Səfəvilərin hakimiyyəti dövründə isə rəsmi yazışmalarda Azərbaycan dilindən istifadə olunmuşdur. Bundan başqa, Səfəvilər dövlətində Azərbaycan mədəniyyətinin, miniatür sənətin, aşıq şeirinin inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılmışdır ki, bunlar da öz növbəsində Azərbaycan an­la­yı­şını dövlət tədbirləri miqyasına daşımışdır. Bu mənada Səfəvilər dövləti zamanı həyata keçirilmiş tədbirlər Azərbaycan ideyasının dövlət miqyasına çıxarılması ideyasının başlanğıcı kimi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, uzun dövr ərzində Azərbaycan feodal dövlətlərində Azərbaycançı meyllər davamlı olmamışdır. Xüsusən, dövlət idarəçiliyi sahəsində birləşdirici faktor kimi fars dilinin ön mövqeyə çəkilməsinə üstünlük verilməsi Azərbaycan anlayışının keçici xarakter daşımasına səbəb olmuşdur. 

Parçalanma amilinin olmasına baxmayaraq, XVIII əsrdə yaranmış Azərbaycan xanlıqlarında azərbaycançı məfkurə canlanmış, ana dilinin meydanı genişlənmiş, xalq ədəbiyyatına, aşıq sənətinə maraq qüvvətlənmişdir. Çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirdiyi dövrdə də ölkədə genişlənməkdə davam edən maarifçilik hərəkatı Azərbaycançı ideyanın inkişafına stimul vermişdir. Məhz bu mərhələdə Azərbaycanda ilk dəfə olaraq milli teatrın (1873) və milli mətbuatın – “Əkinçi” qəzetinin yaranması (1875-1877) nəticə etibarilə Azərbaycançı ideyanın xitabət kürsüsü qazanmasına səbəb olmuşdur. Bu isə öz növbəsində milli məfkurənin inkişaf etdirilməsində çox mühüm hadisə idi. 

Göründüyü kimi, XIX əs­rin son­la­rı­na qə­dər nə rəs­mi dövlət sənədlərində, nə də ədəbiyyatda və hətta danışıqda da Azər­bay­can di­li və Azər­bay­can xal­qı ifa­də­lə­ri iş­lə­dil­mə­miş­dir. Azərbaycançılıq an­la­yı­şı üçün mü­hüm şərt olan xal­qın və onun di­linin ne­cə ad­lan­dı­rıl­ma­sı XIX əs­rin axır­la­rın­dan etibarən mey­da­na çıx­mış­dır. Ona görə də, Azərbaycançılıq anlayışının meydana gəlməsində XIX əs­rin axırları və XX əs­rin əvvəlləri xüsusi mərhələ təşkil edir. Məhz bu mərhələdə 1882-1920-ci illərdə Azərbaycançılıq üçün zəruri olan Azərbaycan dili, Azərbaycan xalqı anlayışları mətbuatda və ədəbiyyatda açıq şəkildə işlədilmiş, tədricən bu ifadələr Azərbaycan dilinin leksik tərkibinə daxil olmuşdur. İlk dəfə olaraq görkəmli publisist və ictimai xadim Mə­həm­məd ağa Şah­taxt­lı (1846-1931) 1882-ci il­də “Qaf­qaz” qə­ze­tin­də çap et­dir­di­yi “Mü­səl­man­lar­da mək­təb hə­ya­tı” ad­lı mə­qa­lə­sin­də “Bi­zi ne­cə ad­lan­dır­ma­lı” sua­lı­na ca­vab ver­mək­lə, Azər­bay­can di­li­nin lek­si­ka­sı­na “azər­bay­can­lı” kəlməsini gə­tir­miş­dir. Mə­qa­lə­də de­yi­lir: “Biz­də Qaf­qaz­da bu sö­zün mə­na­sı bir qə­dər də­yi­şik­li­yə uğ­ra­mış­dır, bu ad­la məş­hur ir­qə aid olan mü­səl­man­la­rı məhz Za­qaf­qa­zi­ya ta­tar­la­rı bi­li­rik.

...Ne­cə olub­sa, bir şə­kil­də mil­liy­yət an­la­yı­şı­mı­zı iti­rə­rək özü­mü­zü mil­liy­yə­ti­miz­lə yox, müx­tə­lif mil­lət­lər və dil­lə­rin də aid ol­duq­la­rı di­ni­miz­lə ad­lan­dır­ma­ğa baş­la­mı­şıq.

Yax­şı olar­dı ki, bi­zim özü­müz ki­mi, baş­qa xalq­lar da bi­zi di­ni­miz­dən gə­lən yox, mil­li mən­su­biy­yə­ti­miz­dən gə­lən bir ad­la ça­ğır­sın­lar. Be­lə­lik­lə də “mü­səl­man” sö­zü sa­də­cə di­ni an­lam­da is­ti­fa­də olu­nar və din və mil­lət ki­mi iki fərq­li an­la­yı­şın qa­rış­dı­rıl­ma­sı­na son qo­yu­lar. 

On­da bi­zi ne­cə ad­lan­dır­sın­la­r? Bi­zim di­li­miz­dən söh­bət ge­dən­də biz onu ya türk di­li, ya da türk­cə ad­lan­dı­rı­rıq – iki­si də ey­ni şey­dir, be­lə ki, hər iki­si türk is­min­dən ya­ran­mış si­fət­dir. Bi­zim qon­şu­la­rı­mız... da bi­zi türk ad­lan­dı­rırlar. Bu mə­na­da biz türk ad­la­na bi­lər­dik, la­kin bu sö­zün ic­ti­ma­iy­yət tə­rə­fin­dən qə­bul edil­mə­si üçün la­zım­dır ki, rus­lar da bizi be­lə ça­ğır­sınlar. Am­ma bö­yük eh­ti­mal­la rus­lar onu qə­bul et­mə­yə­cəklər. Çün­ki bi­zi ta­nı­ya­na qə­dər on­lar və bü­tün av­ro­pa­lı­lar bu ad­la Os­man­lı türk­lə­ri­ni ad­lan­dır­ma­ğa öy­rəş­miş­lər. Biz ta­tar ad­lan­ma­ya­ca­ğıq, çün­ki bu söz bi­zi vəh­şi ad­lan­dır­maq üçün is­ti­fa­də olu­nur. Xal­qı zor­la mil­liy­yə­ti­mi­zi mü­əy­yən­ləş­dir­mək və ha­zır­da et­noq­ra­fi­ya və linq­vis­ti­ka­da is­ti­fa­də olu­nan azər­bay­can­lı sö­zü ilə ad­lan­dır­maq ol­maz ki? Ola bil­sin ki, nə vaxt­sa ədə­biy­yat­da və rəs­mi cə­miy­yət­də bu söz qə­bul edil­di”.

Bu, ölkəmizdə azərbaycanlı anlayışının mahiyyətinin elmi-publisist şəkildə adlandırılması baxımından ilk mükəmməl addımdır. Almaniyada və Fransada ali təhsil almış, bir çox xarici dillərdə yazıb-oxuyan Məhəmməd ağa Şahtaxtlının xalqımızın azərbaycanlı adlandırılması haqqındakı mülahizələri Azərbaycançılıq ideyası hərəkatının strateji məqsədlərini özündə əks etdirir.

Maa­rif­çi-pub­li­sist Mə­həm­məd ağa Şah­taxt­lı “Kas­pi” qə­ze­tin­də­ki “Za­qaf­qa­zi­ya mü­səl­man­la­rı­nı ne­cə ad­lan­dır­ma­lı” (1891) adlı mə­qa­lə­sin­də Azər­bay­can mövzusuna bir qədər də geniş möv­qe­dən ya­naş­mış­dır. Bu məqalədə xalqımızın necə adlandırılması ilə yanaşı, dilimizin adının müəyyənləşdirilməsi də ilk dəfə olaraq ictimai mühitin gündəminə gətirilmişdir: “Han­sı xal­qa məx­sus­dur və han­sı dil­də da­nı­şır sua­lı­na Za­qaf­qa­zi­ya mü­səl­ma­nı baş­qa ca­vab ver­mir, yal­nız de­yir ki, o mü­səl­man­dır və mü­səl­man­ca da­nı­şır. 

Son vaxt­lar Za­qaf­qa­zi­ya mü­səl­man­la­rı­na on­la­rın dil­lə­ri­nə gö­rə yox, xalq­la­rı­na gö­rə ad ver­mə­yə ça­lı­şa­raq Za­qaf­qa­zi­ya is­lam əh­li­ni Qaf­qaz­da rus di­lin­də ta­tar ad­lan­dır­ma­ğa baş­la­mış­dı­lar. Am­ma bu ye­ni­li­yi heç cür uğur­lu he­sab et­mək ol­maz. Za­qaf­qa­zi­ya mü­səl­man­la­rı­nın da­nış­dı­ğı dil ta­tar di­li de­yil, türk di­li­dir ki, o da öz növ­bə­sin­də əsas dia­lekt­lə­rə ay­rı­lır: os­man­lı, səl­cuq və azər­bay­can­lı türk­cə­lə­ri. 

Za­qaf­qa­zi­ya mü­səl­man­la­rı­nı azər­bay­can­lı­lar, onların di­li­ni isə Azər­bay­can di­li ad­lan­dır­maq çox ye­ri­nə dü­şər­di… On­la­rı həm Şərq ya­zı­çı­la­rı, elə­cə də Av­ro­pa coğ­ra­fi­ya­çı­la­rı və et­noq­raf­la­rı baş­qa ad­la yox, an­caq Azər­bay­can türk­lə­ri ad­lan­dı­rır­lar. 

Ona gö­rə də Za­qaf­qa­zi­ya mü­səl­man­la­rı­nı azər­bay­can­lı, Za­qaf­qa­zi­ya türk di­li­ni isə ta­tar di­li əvə­zi­nə Azər­bay­can di­li ad­lan­dır­maq məq­sə­də­uy­ğun olar­dı”.  

Məhəmməd ağa Şahtaxtlı məqaləsində ölkəmizin coğrafi sərhədlərinə dair də, epizodik şəkildə olsa da, diqqət yetirmişdir. Onun «Böyük bir hissəsi İranın və Rusiyanın payına düşmüş Azərbaycan mahalı indiki Zaqafqaziyadır» -  mülahizəsində Cənubi Qafqazın əksər quberniyalarında azərbaycanlı əhalinin yaşaması faktoru əsas kimi qəbul edilmişdir. Məqalənin çap olunduğu 1891-ci ildə Zaqafqaziya inzibati ərazi baxımından Qafqaz canişinliyi quberniyalar şəkilində rəsmiləşdirildiyinə görə və mərkəzi idarəetmə üsulundan istifadə olunduğu üçün ölkənin ərazisini göstərmək məqsədilə coğrafi faktor deyil, əhalinin yayılma arealı əsas  zəruri prinsip hesab edilmişdir.

Beləliklə, Məhəmməd ağa Şahtaxtlının Azərbaycançılıq sahəsində atdığı ilk addımlar bu ideyanın əsas ana xətlərinin müəyyən edilməsində mühüm rol oynamışdır.  Qısa müddət ərzində Məhəmməd ağa Şahtaxtlının ümumi şəkildə ifadə edilən «azərbaycançılar» anlayışından Azərbaycan dili və Azərbaycanın tarixi coğrafiyası kimi ölkə ərazisi məsələsi qənaətinə gəlib çatması XIX əsrin axırlarına doğru milli-mənəvi dəyərlərin və ideyaların nə qədər böyük surətlə gündəmdə yer tutduğunu əyani şəkildə göstərir. Belə mülahizələr az sonra Azərbaycan milləti, yaxud Azərbaycan xalqı anlayışlarının da ön mövqeyə çıxmasına təkan vermişdir. 

Dövrü mətbuatda Məhəmməd ağa Şahtaxtlının milli kimlik və ana dili məsələsinə dair başladığı mühüm iş qısa müddətdə əks-səda doğurmuş və genişləndirilmişdir. “Kəş­kül” qə­ze­tin­də­ki “Azər­bay­can­lı” im­za­lı mü­əl­li­fin “Avam gəz­mək yu­xu yat­maq­mı de­di­n?” mə­qa­lə­sin­də­ ilk dəfə olaraq “Azər­bay­can mil­lə­ti” sö­zünün işlədilməsi mil­li-mənəvi özü­nü­dərk pro­ses­lə­ri­nin rusdilli mətbuatdan xal­qın öz ana di­lin­də çap olu­nan mət­bua­tının da mü­za­ki­rə möv­zu­su­na çev­ril­di­yi­ni gös­tə­rir. Məqalədə milli kimlik məsələsinə daha dərindən yanaşma nümayiş etdirilmişdir. «Kəşkül» qəzeti bu məsələni Tiflis vağzalında bir-birinə rast gələn əcnəbi italyan vətəndaşı ilə sadə bir azərbaycanlının hekayəsi kimi təqdim etmişdir:  

– “Siz nə mil­lət­dən­si­ni­z?

– Mü­səl­ma­nam.

… – Əfən­dim, mil­lət ay­rı, din ay­rı. Bildim, dininiz islamdır. Ancaq istərdim biləm millətiniz nədir? 

- An­caq, eyib ol­sa da, gə­rək dü­rüst ərz edəm. Mən bil­mi­rəm ki, nə mil­lət­də­nəm. 

- Keçi saqqal əcnəbi geriliyi görüb başladı: - Əfəndim, ərəb, fars, türk, hind, əfqan və qeyriləri bunların hamısı islamdır. Ancaq hər birinin milləti ayrıdır. Mən özüm katolik dinindənəm, ancaq millətim italyandır. Katolik dinində neçə-neçə millətlər var.  Firəng, ispan, macar, polyak, nemsə.

- Əfəndim, doğrusu insana nə millətdən olduğunu bilməmək böyük eyibdir. Belə olanda, gərək bilməyəsən atan kimdir, anan kimdir.  Bəs sizin tayfada heç elm oxuyan yoxmu? Heç bir qeyri məmləkətə gedən yoxmu? Heç görmüsünüz ki, bu zəmanədə dövlətlər arasında olan cənglərin hamısı millət döyüşüdür? Tacirlərin arasında olan çəkaçək millət davasıdır. Alimlərin arasında olan ədavət millət ədavətidir.

- Xeyr, əfəndim, millət sözü budur ki, sizdən eşidirəm. Heç bu, ləfzi ağzımıza alıb danışmamışıq. Çünki əvvəla bilmirik millətimiz kimdir və əlavə millət qalmaqalından hələ xəbərimiz yoxdur.

- Xəbəri olmamaq avamlıqdır. Siz o tayfa deyilsiniz ki, sizə ruslar «tatar» deyirlər?

- Bəli, ruslar, gürcülər bizə tatar deyirlər. 

- Hə, indi bildim ki, siz nə millətsiniz. Siz tatar deyilsiniz… Tatar Krımda, Kazanda olan müsəlmanlardır. Sizin millət Azərbaycandır. Sizin diliniz, adətiniz, xasiyyətiniz tatarlarınkından başqadır. 

- Soruşuram, əfəndim, bizə nə millət buyurursunuz?  

Əcnəbi gülə-gülə dedi: 

- Azərbaycan milləti, əzizim, Azərbaycan !!!

- Həqiqət, əvvəl dəfədir ki, eşidirəm, bizə Azərbaycan milləti deyirlər. Eşitmişəm ki, İranda Arazın o tayında bir Azərbaycan məmləkəti var. 

- Bəli o məmləkətin tayfası Siz ilə bərabər Azərbaycan millətidir. Siz qədim tayfasınız. Sizin tarixnamələrdə neçə-neçə hekayətləriniz var. 

…Bir az fikirdən sonra dedim:

- Əfəndim, milləti bilməmək avamlıqdandır, avam gəzməkdir. 

- Avam gəzmək yuxu yatmaqdır». 

«Kəşkül»ün çap etdiyi «Avam gəzmək yuxu yatmaqmı dedin» məqaləsi azərbaycançılığın təməl şərti olan milli-mənəvi özünədərkə, milli kimliyə  çağırışın həyəcan təbilidir. Bu, dövrü mətbuatda Azərbaycan milləti ifadəsinin işlədildiyi ilk məqalə kimi də mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan ədəbi-ictimai mühitində «azərbaycanlılar» anlayışının ardınca «Azərbaycan milləti» ifadələri də meyana çıxmışdır. XIX əsrdə «millət» anlayışının gündəmə gətirilməsi Azərbaycanda baş verən kapitalist münasibətlərinin və genişlənən maarifçilik  hərəkatının doğurduğu reallıq idi. Bu, Azərbaycançılıq baxımından ölkəmizin ədəbi-ictimai fikrinin XIX əsrdə gəlib çatdığı ən uca nöqtə idi. 

«Avam gəzmək yuxu yatmaqmı dedin» məqaləsinin «Azərbaycanlı» gizli imzası ilə yazılması da Azərbaycançılıq baxımından böyük maraq doğurur. İlk növbədə bu, «Kəşkül» qəzetinin azərbaycançı mövqeyinin mətbu ifadəsidir. İkincisi, «Azərbaycanlı» gizli imzası «Avam gəzmək yuxu yatmaqmı dedin» məqaləsində irəli sürülən Azərbaycan milləti ifadəsinə adekvat olan əyani nümunədir. Gizli imza müəllifi bununla başa salmaq istəyirdi ki, məqaləni yazan şəxsdən tutmuş onu oxuyana qədər hər kəs Azərbaycanlıdır, Azərbaycan millətinin nümayəndəsidir. Üçüncü isə «Azərbaycanlı» imzası  «Avam gəzmək yuxu yatmaqmı dedin» məqaləsini yazan müəllifin azərbaycançı baxışlarının ifadəsidir. Araşdırmalar göstərir ki, «Azərbaycanlı» gizli imzasından istifadə edən «Kəşkül»ün baş redaktoru Cəlal Ünsizadədir ki, o bir müddət sonra «Azərbaycan» adlı qəzet nəşr etmək üçün də rəsmi dairələrə müraciət etmiş, lakin məqsədinə nail ola bilməmişdir. XIX əsrin axırlarında Çar Rusiyasının rəsmi dairələri «Azərbaycan» adlı qəzetin nəşrinə heç cür icazə verməzdi. 

XX əsrin əvvəllərində Azərbaycançı ideya yeni mərhələyə qədəm qoymuşdur. «Asiyanın oyanması» ilə səciyyələn bu tarixi dövrdə artıq «Haradır Azərbaycan» sualına konkret cavab axtarılmış, Azərbaycançı baxış daha da dərinləşdirilmişdir. Bu dövrdə meydana çıxmış bö­yük de­mok­rat ədib Cə­lil Məm­məd­qu­lu­za­də­nin “Azər­bay­can” (1917) mə­qa­lə­si mil­li kimlik dərs­li­yi qə­dər an­la­şıq­lı, əhatəli, təsirli və əhə­miy­yət­li­dir. Məqalədə ilk dəfə olaraq Azərbaycan dili və Azərbaycan xalqı kimi digər mətləblərlə yanaşı, «Haradır Azərbaycan» sualına da cavab verilmişdir: “Bə­zi vaxt otu­ru­ram və pa­pa­ğı­mı qa­ba­ğı­ma qo­yub fik­rə ge­di­rəm, xə­ya­la­ta cu­mu­ram və özüm­dən so­ru­şu­ram ki:

– Mə­nim anam kim­di­r?

Öz-özü­mə ca­vab ve­ri­rəm ki:

– Mə­nim an­am rəh­mət­lik Zəh­ra­ba­nu ba­cı idi. 

– Di­lim nə di­li­di­r?

– Azər­bay­can di­li­dir.

– Yə­ni Və­tə­nim ha­ra­dı­r?

–  Azər­bay­can vi­la­yə­ti­dir. 

– Haradır Azərbaycan? Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən, qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Bəyəziddən (Şərqi Anadoludan – İ.H.) ibarət olsun”. 

Vaxtilə Şah İsmayıl Xətainin qılıncı ilə cızdığı Azərbaycan xəritəsinin sərhədlərini Cəlil Məmmədquluzadə qələmi ilə çəkmişdir. Bu, - Azərbaycan mətbuatı tarixində «Azərbaycan» sözünün sərlövhəyə çıxarıldığı ilk məqalədir. Bu, Azərbaycanın ilk mətbuu xəritəsidir. Nəhayət, «Azərbaycan» məqaləsi Cəlil Məmmədquluzadənin Azərbaycan ideyasını yeni mərhələyə çatdırmaq üçün göstərdiyi mühüm xidmətdir. «Azərbaycan» məqaləsi Cəlil Məmmədquluzadənin Azərbaycançı mövqeyinin epiqrafıdır. Böyük demokrat-ədib 1917-ci ildə yazdığı «Cümhuriyyət» adlı məqaləsində ölkəsi üçün arzu etdiyi dövlət quruluşunun da xarakteri barədə görüşlərini cəmiyyətə çatdırmışdır: «Cümhuriyyət, yəni latınca respublika elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır. Camaat dedikdə vətənin sahibidir. Məmləkət müəyyən qanunlar ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə “Prezident” deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. 

 ... Cümhuriyyət idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da bir neçə qismdir. Əvvələn, etiqad azadlığı; ikincisi – yığıncaq azadlığı; üçüncüsü – birləşmək azadlığı; dördüncü – çap eləmək; beşinci – danışmaq; altıncı – siyasi partiyalar düzəltmək və yeddinci – dilbir olub, həmtəqdir olmaqdır. 

Budur Cümhuriyyətinin vacib əsasları!

Vətəndaşlar, bir tamaşa edin bu gözəl nemətlərə!

Əgər bizdə vətəndaşlıq hissi ölməyibsə - və güman edirəm ki, ölməyib, o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın Cümhuriyyət”!

Azərbaycan ide­ya­sı XX əs­rin əv­vəl­lə­rin­də ədəbi cəhətdən milli ədə­biy­yat kon­sep­si­ya­sı sə­viy­yə­si­nə çat­dı­rıl­mış­dır. Cə­lil Məm­məd­qu­lu­za­də­nin məş­hur “Ana­mın ki­ta­bı” (1920) dra­mı Azərbaycan idea­lı­nın ma­ni­fes­ti ki­mi mey­da­na çıx­mış­dır. “Anamın kitabı” – Azərbaycanın milli istiqlal kitabıdır. Əsərdəki Zəhrabəyim Ana Azərbaycan xalqının ümumiləşdirilmiş xalqımızın bədii obrazıdır. “Anamın kitabı”ndakı Gülbaharın monoloqu Azərbaycanın müstəqilliyinin, milli-mənəvi birliyi və  oyanışının, milli kimliyin dərk olunmasının dramatik üvertürasıdır: “Yer, göy, aylar və ulduzlar göylərdə seyr edib, gəzə-gəzə yenə əvvəl-axır günün başına dolanırlar. Çünki bunlar hamısı qədim əzəldən gündən qopub ayrılmış parçalardır.

Mən etiqad edirəm ki, mənim də qardaşlarım dünyada hər yanı gəzib diolaşsalar, gənə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar. Çünki ay və ulduz şəmsin parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanunu pozmaq istəyə. Onun insafı və vicdanı ona müdamül-həyat əziyyət edəcək. Nə qədər canında nəfəs var, peşman olacaq”

Bu, Azərbaycan xalqının ideya-siyasi və milli-mənəvi birliyi haqqında böyük ürək ağrısı və mütəfəkkir düşüncəsi ilə səsləndirilmiş haray səsidir, çağırışdır. Bütün bunlara görə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” dramını möhtəşəm  Azərbaycançılıq dərsləri adlandırmaq olar. 

 XX əs­rin əv­vəl­lə­rin­də Azərbaycançılıq məfkurəsinin ideoloqları xalqımızın nicatı məsələsinin müxtəlif siyasi-ideoloji istiqamətlərdə görmüşlər. Belə ki, Nəriman Nərimanov Azərbaycanın nicat yolunu bolşevik Rusiyasında görmüşdür. Məmməd Əmin Rəsulzadə nicat yolu baxımından əvvəlcə bolşevizm ideyalarına ümid bəsləmiş, sonra xilası türkçülükdə axtarmış, nəhayət, Azərbaycançılıq idealının ən düzgün yol olduğu qənaətində olmuşdur. Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilər isə milli istiqlal mübarizəsində Azərbaycan xalqına istinad etməyi,  milli kimlik məsələsini əsas olaraq ictimai-siyasi arenaya çıxarmağı, respublika tipli müstəqil dövlət qurmağı müdafiə etmişlər. Tarixi proseslər mollanəsrəddinçilərin daha haqlı olduğunu göstərir.

Azər­bay­can­da mil­li is­ti­qlal ide­ya­sı XX əs­rin əv­vəl­lə­rin­də ic­ti­mai fik­rin gün­də­min­də mü­hüm yer tut­muş­dur. Cə­lil Məm­məd­qu­lu­za­də­nin baş­çı­lıq et­di­yi “Mol­la Nəs­rəd­din” hə­rə­ka­tı mil­li is­tiq­lal uğ­run­da mü­ba­ri­zə ide­ya­sı­nın for­ma­laş­dı­rıl­ma­sı və xal­qa çat­dı­rıl­ma­sı yo­lun­da bir or­du­dan çox xid­mət gös­tər­miş­dir. Hət­ta Azərbaycançılıq ba­xı­mın­dan li­be­ral möv­qe tu­tan, türk­çü­lük və is­lam­çı­lıq ide­ya­la­rı­nı təb­liğ edən fü­yu­zat­çı­lar da Azər­bay­can­da mil­li is­tiq­la­lın qa­çıl­maz­lı­ğı­nı bə­yan et­miş­lər. Əli bəy Hü­seyn­za­də­nin aşa­ğı­da­kı fi­kir­lə­ri XX əs­rin əv­vəl­lə­rin­də öl­kə­də mil­li is­tiq­lal­çı­lı­ğa münasibəti dol­ğun şə­kil­də ifa­də edir: “Qaf­qaz türk­lə­ri (azər­bay­can­lı­lar – İ.H.) türk­lə­rin ən hür­riy­yət­pər­vər­lə­ri­dir. ...Bu məm­lə­kət­də (Azər­bay­can­da – İ.H.) heç bir qüv­və hür­riy­yət ar­zu­su­nu məhv edə bil­məz. Heç bir səbr və təz­yiq, ...heç bir zülm və si­təm hür­riy­yət odu­nu sön­dü­rə bil­məz. Qaf­qaz hür­riy­yət alə­mi­nin ta­ri­xin­də mü­hüm rol oy­na­ya­caq­dır. Bu rol­la­rın ən bö­yü­yü Qaf­qaz və Azər­bay­can türk­lə­ri­nə aiddir”.

“Azər­bay­canın is­tiq­lal mü­ba­ri­zə­si ta­ri­xi” ki­ta­bı­nın müəllifi Hü­seyn Bay­ka­ra­nın aşa­ğı­da­kı fi­kir­lə­ri mil­li is­tiq­lal ide­ya­sı­nın apa­rı­cı qa­yə­ olduğunu nü­ma­yiş et­di­rir: “Qaf­qaz ha­di­sə­lə­ri on­la­rı (is­tiq­lal mü­ca­hid­lə­ri­ni – İ.H.) öz­lə­ri­nin ön­cə­dən uzaq məq­səd ola­raq plan­laş­dır­dıq­la­rı Azər­bay­can is­tiq­la­lı yo­lu­na sü­rük­lən­dir­di. Bu vax­ta­dək Azər­bay­can is­tiq­la­lı­na nə rast gə­lin­miş, nə də baş ve­rən di­gər si­ya­si ha­di­sə ol­ma­mış­dır. Azər­bay­can xal­qı­nın ru­hun­dan do­ğan bu is­tiq­lal ha­di­sə­si ta­ri­xin axa­rı için­də öz ye­ri­ni tap­mış­dır”.

Göründüyü kimi, XX əsrin əvvəllərində Azərbaycan dili və Azərbaycan xalqı anlayışları xalqımızın milli kimliyini  müəyyən edən baxışın ifadəsidir. “Haradır Azərbaycan” sualı isə Azərbaycan uğrunda mübarizə Aktıdır. Milli Azərbaycançı şüur bu anlayışların meydana çıxması, dərk edilməsi və şərh olunması mərhələlərindən keçərək müstəqillik illərində Azərbaycançılıq dövlət ideologiyası dövrünə gəlib çatmışdır. Hazırda Azərbaycan cəmiyyəti ölkəmizdəki bütün xalqları vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideyasının təntənəsi dövrünü yaşayır.

So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də Azərbaycançılıq və­tən­pər­vər­lik adı ilə ya­şa­dıl­mış və inkişaf etdirilmiş­dir. Xalq şairi Səməd Vurğunun “Azərbaycan”, Süleyman Rüstəmin «Azərbaycana gəlsin», Bəxtiyar Vahabzadənin “Ana dili”, Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirləri Azərbaycan vətənpərvərliyinin mükəmməl poetik dərsləridir. Bununla belə, XX əsrin yetmişinci illəri ölkəmizdə Azərbaycançılığın ədəbiyyat müstəvisindən dövlət ideologiyasına doğru inkişafı mərhələsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Azərbaycançlıq istiqamətində həyata keçirdiyi geniş və ardıcıl tədbirlərlə Azərbaycançılığın ədəbiyyatdan dövlətçilik miqyasına qaldırılması mərhələsi başlanmışdır. Ulu Öndərin 1978-ci ildə Azərbaycan dilini Azərbaycan SSR-nin Konstitusiyasına dövlət dili kimi daxil etdirməsi bu tarixi mərhələnin ən böyük hadisəsidir. 

Müstə­q­il­lik döv­rün­də isə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycançılığı döv­lət ideo­lo­gi­ya­sı miqyasına çatdır­mış­dır. Bu, Ulu Öndər  Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı ən böyük xidmətlərindən biridir. «Hamımızın bir vətəni var – bu, Azərbaycandır» - deyən Heydər Əliyev dünya azərbaycanlıları anlayışını siyasi-ideoloji mühitə gətirmiş və xarici ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycançılıq amalı ətrafında birləşdirmək üçün konkret əməli addımlar atmışdır. “Dünya Azərbaycanlılarının  Həmrəylik Günü”nü təsis etməklə Heydər Əliyev dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları vahid amal ətrafında birləşdirmişdir. Dünya Azərbaycanlarının Qurultayının keçirilməsi ideyasının da baş memarı Ümummilli liderimiz Heydər Əliyevdir. Azərbaycan dili və Azərbaycan xalqı anlayışları Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqları özündə birləşdirən uzaqgörən dahiyanə kəşfdir.  Beləliklə, Azərbaycançılıq uzun əsr­lər ər­zin­də ilk dəfə olaraq XX əsrin əvvəllərində öl­kə ədə­biy­ya­tı­nın ide­ya əsa­sı ki­mi möv­cud ol­muş və ədə­bi-ictimai fi­kir­də mil­li ma­raq­la­rın ifa­də olun­ma­sı­na mey­dan aç­mış,­ nəhayət, inkişaf edərək müstəqillik dövründə dövlət ideologiyası miqyasına çatdırılmışdır.

Azərbaycançılıq – mil­li dü­şün­cə­nin və Və­tən an­la­yı­şı­nın bir yer­də qav­ra­nıl­ma­sı tə­li­mi kimi xal­qın və öl­kə­nin mil­li ma­raq­la­rı­nın – maa­rif­çi­lik­dən mil­li azad­lıq ide­ya­la­rı­na, is­tiq­lal mü­ba­ri­zə­si dü­şün­cə­si­nə, döv­lət müs­tə­qil­li­yi şüu­ru­na qə­dərki­ bü­tün ide­al­la­rı­nı qa­çıl­maz hə­ya­ti tə­lə­bat sə­viy­yə­si­nə qal­dı­ran ümum­mil­li məf­ku­rə­dir. Azərbaycançılıq – mil­­li ədə­biy­ya­tın axa­rı­nı öl­kə ma­raq­la­rı­na doğ­ru is­ti­qa­mət­lən­di­rən mü­hüm ədə­bi-ic­ti­mai tə­lim­dir. Azərbaycançılıq – ədə­biy­ya­tda mil­li-mə­nə­vi özü­nü­dərk və və­tən­pər­vər­lik ide­ya­la­rı­nın par­laq bə­dii tə­cəs­sümüdür, Azərbaycançılıq - xal­qın hər­tə­rəf­li in­ki­şa­fına xidmət edən ümum­mil­li məf­ku­rə­dir. Nə­ha­yət, Azər­­baycançılıq – xalqın mil­li is­tiq­lal və müs­tə­qil döv­lət­çi­lik ide­al­la­rı­nın tə­cəs­sü­mü olan əbə­di­ya­şar tə­lim­dir. 

Azərbaycançılıq – müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət ideo­lo­gi­ya­sı­dır! Müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin ba­ni­si və qu­ru­cu­su Ümum­mil­li li­de­ri Hey­dər Əli­yev Azər­baycançılıq döv­lət ideo­lo­gi­ya­sı­nın ya­ra­dı­cı­sı­dır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycançılıq məfkurəsini müstəqil dövlətin ideologiyası və Azərbaycan xalqının Birlik təlimi miqyasında qiymətləndirir və dönmədən həyata keçirir. Dövlət başçımızın 8 noyabr 2026-cı il tarixdə Zəfər bayramı münasibəti ilə Xankəndi də Zəfər abidəsi önündən səsləndirdiyi aşağıdakı fikirlər Azərbaycançılıq məfkurəsinin bütün mahiyyətini və miqyasını əks etdirir: «Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bizi irəli aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və Azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır… Bu, gələcəyə aparan yoldur. 

Bu, – Azərbaycançılıq ideologiyasının İlham Əliyev düsturudur.

Bu, – müstəqil Azərbaycan dövlətinin ümummilli ideologiyasının İlham Əliyev modelidir.

Bu, – Azərbaycançılıq ideologiyası və Azərbaycançılıq strategiyasının İlham Əliyev təlimidir. 

Bu, – müstəqil Azərbaycanın dövlətçilik ideologiyasının İlham Əliyev modelinin siyasi-nəzəri əsaslarıdır. 

Bu, – İlham Əliyev erasının müstəqil dövlətçilik ideologiyasının tezisləridir.

Bu, – müstəqil Azərbaycan dövlətinin və Azərbaycan gerçəkliyinin siyasi-ideoloji simasıdır. 

Nəticə olaraq bu, – müstəqil və güclü Azərbaycan idealı ilə Azərbaycançılıq ideologiyası arasında bərabərlik işarəsidir. 

Bu, – Azərbaycan cəmiyyətinin daxili mahiyyətini və təkamül proseslərini və inkişaf istiqamətlərini müəyyən edən dövlətçilik Aktıdır. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ – Vətən müharibəsində xalqımızın bütün təbəqələrini vahid amal – Azərbaycançılıq ideyası ətrafında birləşdirərək, tarixi Zəfərə nail olmuşdur. Prezident İlham Əliyev dünya azərbaycanlılarının lideri olaraq xalqımızın Birliyi və Həmrəyliyini dövlət siyasəti səviyyəsində uğurla həyata keçirir. Müstəqil Azərbaycan dövlətinin qazandığı nailiyyətlərin əldə olunmasında Azərbaycançılıq idealı xüsusi yer tutur. Hazırda Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan xalqları öz ətrafında birləşdirməklə bərabər, həm də böyük gələcəyə doğru vahid amal ətrafında mübarizəyə doğru istiqamətləndirir. İkinci Qarabağ müharibəsi cəbhələrində Azərbaycan Respublikasının vətəndaşı olan ölkəmizdə yaşayan bütün azsaylı xalqların, etnik qrupların mərd oğulları Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsində qəhrəmanlıqlar göstərmiş, şəhidlər vermişlər. Bu, Azərbaycançılıq ideyasının nə qədər böyük gücə və əhəmiyyətə malik olduğunu göstərən ibrətamiz tarixi faktdır. Dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi də müstəqillik epoxasının müasir dövrünün reallığı və nailiyyətidir.  

Göründüyü kimi, Azərbaycançılıq məfkurəsi uzaq əsrlərin dərinliklərindən keçərək davamlı olaraq məsuliyyətli və şərəfli yol keçərək, milli kimlik şüurundan Azərbaycançılıq ideyasına, müstəqil dövlətin ümummilli ideologiyasına və dünya Azərbaycanlılarını birləşdirən vahid amala qədər inkişaf etmişdir.

Azərbaycançılıq – vətəndaşlıq və vətənpərvərlik, millilik və mənəvi bütövlük təlimidir.

Azərbaycançılıq – vahid  amal uğrunda birgə fəaliyyət göstərmək və mübarizə aparmaq deməkdir.

Azərbaycan – Vətən və ideal, Azərbaycançı – vətəndaşlıq mövqeyi və əqidə birliyi, Azərbaycanşünaslıq – ölkəşünaslıq elmi, Azərbaycançılıq – dövlətçilik ideologiyasıdır. 

Azərbaycançılıq Birlik və Həmrəylik rəmzidir.

Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən və istiqamətləndirən ideya kimi daim inkişaf edir, yaşayır, zənginləşdirir və sabahlarımıza gur işıq salır.

İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik

"Xalq qəzeti"

  • Paylaş: