Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri, elmin keşiyində uzun illər yorulmadan çalışan dəyərli alimimiz professor İsmayıl Oruc oğlu Məmmədlinin 80 yaşı tamam olur. İsmayıl müəllim elə insanlardandır ki, ömrünə yalnız yaşadığı illər çərçivəsindən baxmaq haqsızlıq olardı, bu ömrün əsl dəyəri gördüyü işlərdə, elmə və cəmiyyətə verdiyi töhfələrdədir. İsmayıl müəllimin 80 illik ömür yoluna nəzər saldıqda qarşımızda, əslində, Azərbaycan dilinin və dilçiliyinin müəyyən bir dövrünün canlı mənzərəsi dayanır. O, ömrünü sözə həsr edib. Bəzən deyirlər ki, “çörəyi daşdan çıxır”. İsmayıl müəllimin isə ruzisi sözdəndir. O, ömrü boyu sözlə işləyib, sözə xidmət edib, sözün keşiyində dayanıb. Sözə xidmət etmək heç də asan deyil, çünki söz yalnız bir ifadə vasitəsi deyil, xalqın yaddaşıdır, tarixidir, düşüncəsidir, dünyagörüşüdür. Bir sözün mənasını düzgün müəyyənləşdirmək, məna çalarlarını dəqiq açmaq və lüğətdə olduğu kimi təqdim etmək böyük zəhmət və məsuliyyət tələb edir. İsmayıl müəllimin elmi fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz lüğətçilik sahəsi olması təsadüfi deyil. Onun adı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Yeni sözlər və yeni mənalar lüğəti”, “Azərbaycan dilinin məcazlar lüğəti” kimi mühüm nəşrlərlə yanaşı, “Ekran, efir və dilimiz”, “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Qəzet dilinin leksikası”, “Axtarışlar, yozumlar, anımlar” kimi əsərlərdə yaşayır. Dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin hazırlanmasında iştirakı, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”, “Cəfər Cabbarlının bədii dilinin lüğəti” və digər leksikoqrafik əsərlərin tərtibindəki əməyi onun Azərbaycan lüğətçiliyinin inkişafına verdiyi töhfələrin mühüm göstəricisidir. İsmayıl müəllimin özünün də dediyi kimi, lüğət hazırlamaq olduqca ağır və məsuliyyətli işdir. Bu sahə yalnız dərin bilik deyil, həm də böyük səbir, dəqiqlik və zəhmət tələb edir.
İsmayıl müəllimin Azərbaycan dilçiliyində xidmətlərini səciyyələndirən mühüm cəhətlərdən biri də dilə münasibətidir. O, dili yalnız elmi tədqiqat obyekti kimi öyrənməklə kifayətlənməyib, onun televiziyadakı fəaliyyəti – 1980-ci illərdə Azərbaycan dilinin ictimai həyatımızda bugünkü mövqeyə və imkanlara malik olmadığı bir dövrdə “Azərbaycan dili” verilişinin aparıcısı olub. “Dil xalqın mənəvi sərvətidir” televiziya proqramı ilə yanaşı, bu veriliş də minlərlə tamaşaçının diqqətini ana dilimizin zənginliyinə, gözəlliyinə və düzgün işlədilməsi məsələlərinə yönəltmişdi. Beləliklə, İsmayıl müəllimin fəaliyyəti iki mühüm istiqaməti özündə birləşdirir: bir tərəfdən, dilin elmi şəkildə araşdırılması və qorunması, digər tərəfdən isə dil haqqında biliklərin geniş ictimaiyyətə çatdırılması. Bu mənada o, həm alim, həm müəllim, həm də ana dilimizin təbliğatçısıdır.
İsmayıl müəllimin elmi fəaliyyətinin əhəmiyyəti yalnız yazdığı əsərlərlə və gördüyü işlərlə məhdudlaşmır. Onun yetişdirdiyi alimlər, tədqiqatçılar, məsləhət və rəylərindən bəhrələnən insanlar da bu fəaliyyətin davamı, elmi irsinin mühüm bir hissəsidir. Elmi rəhbərliyi ilə çoxsaylı fəlsəfə və elmlər doktorları yetişib. Əsl müəllimlik elə budur: özü elmi əsərlər yazmaqla kifayətlənmir, başqalarının da elmi yolunu, tədqiqat istiqamətini müəyyənləşdirməsinə kömək edir.
Dilçilik elə bir elm sahəsidir ki, burada sözün hər bir incəliyi, hər bir məna çaları diqqət və dəqiqlik tələb edir. İsmayıl müəllimin uzun illər lüğətçilik sahəsində çalışması, çoxsaylı elmi və publisistik əsərlərin redaktəsində, müzakirəsində və qiymətləndirilməsində iştirakı, müxtəlif tədqiqatlara rəhbərlik etməsi onun tələbkarlığının bariz nümunəsidir.
Əziz İsmayıl müəllim! Sizin 80 illik yubileyiniz, əslində, yalnız bir insanın əlamətdar gününün qeyd olunması deyil, Azərbaycan dilinə həsr edilmiş böyük bir ömrün bayramıdır:
Siz sözlərimizi topladınız, izah etdiniz, lüğətlərdə yaşatdınız!
Siz dilimizi efirdən səsləndirdiniz, onun zənginliyini və gözəlliyini geniş auditoriyaya çatdırdınız!
Siz dilimizin elmi sərvətini gələcək nəsillərə ötürmək üçün uzun illər yorulmadan çalışdınız!
Siz Azərbaycan dilinə xidmətin yalnız bir peşə deyil, həm də mənəvi məsuliyyət olduğunu öz elmi fəaliyyətinizlə göstərdiniz!
80 yaş insan ömründə böyük bir mərhələdir, amma Sizin timsalınızda bir daha görürük ki, elmə və sözə xidmətin yaşı yoxdur – söz yaşadıqca, dil yaşadıqca, elm yaşadıqca Sizin əməyinizə, təcrübənizə və müdrikliyinizə ehtiyac olacaq. Sizə möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram. Qarşılıqlı olsun: qoy ömrünüzü həsr etdiyiniz Azərbaycan dili bundan sonra da Sizin adınızı uzun illər yaşatsın!
Nadir Məmmədli, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.