Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2026 10:05
  • A-
  • A
  • A+

Azərbaycan arxeoloqları Türk Dünyası Arxeoloji tədqiqatlarının birinci beynəlxalq arxeoloji toplantısında iştirak ediblər

Azərbaycan arxeoloqları Türk Dünyası Arxeoloji tədqiqatlarının birinci beynəlxalq arxeoloji toplantısında iştirak ediblər

Türkiyənin Qaziantep şəhərində Türk Arxeologiyası və Mədəni İrs İnstitutunun ev sahibliyi ilə «ARICA – Türk Dünyası Arxeoloji Qazıntılarının Nəticələrinə dair I Beynəlxalq Toplantı» keçirilib.

Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan və Macarıstandan alimlərin iştirak etdiyi tədbirdə arxeoloji tədqiqatların nəticələri, ortaq tarixi-mədəni irsin öyrənilməsi və beynəlxalq elmi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev rəhbərlik edib. O, toplantının elmi sessiyalarından birinə sədrlik edib.

Tədbirin açılışında Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan, Türk Arxeologiyası və Mədəni İrs İnstitutunun rəhbəri, professor Şaban Doğan və digər rəsmi şəxslər çıxış edərək arxeoloji irsin qorunmasının, sistemli tədqiqinin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Toplantıda Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev də iştirak edib.

Simpozium çərçivəsində Türk dövlətlərinin arxeoloji elmi-tədqiqat mərkəzlərinin rəhbərlərindən ibarət toplantı keçirilmişdir. Toplantıda 2027-ci ildə türk dövlətlərinin arxeoloji irsinin öyrənilməsi ilə əlaqədar ARICA – Türk Dünyası Arxeoloji Qazıntılarının Nəticələrinə dair II Beynəlxalq Toplantının Azərbaycanda keçirilməsi qərara alınıb.

Beynəlxalq toplantıda Azərbaycanı təmsil edən arxeoloqlar ölkəmizin müxtəlif bölgələrində aparılmış tədqiqatların nəticələrinə dair elmi məruzələr təqdim ediblər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşları dosent Bəhlul İbrahimli «Naxçıvanın Qızıl Orda və Elxanilər dövrünə aid arxeoloji abidələri», dosent Xaqani Alməmmədov «Qarabağdakı qədim neolit yaşayış məskənləri», dosent Müzəffər Hüseynov «Azərbaycanın Goranboy bölgəsində Tunc və Erkən Dəmir dövrü qəbir abidələri: dəfn ənənələri və maddi mədəniyyət», dosent Akif Quliyev isə «Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalasında arxeoloji tədqiqatlar», doktorant Mircavid Ağalarov «Şəmkirin Səlcuq dövrü: arxeoloji tapıntılar və şəhər həyatı» mövzularında çıxış ediblər.

Məruzələrdə Azərbaycanın Neolit dövründən orta əsrlərədək arxeoloji irsini əks etdirən yeni tədqiqat nəticələri, maddi mədəniyyət nümunələri və tarixi-mədəni proseslər elmi ictimaiyyətin diqqətinə çatdırılıb.

Toplantının yekununda türk dünyasının arxeoloji irsinin birgə tədqiqi, qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Beynəlxalq tədbir Azərbaycan arxeologiyasının elmi nailiyyətlərinin təqdim edilməsi, xarici tədqiqatçılarla əlaqələrin möhkəmləndirilməsi və gələcək birgə arxeoloji layihələrin inkişafı baxımından əhəmiyyətli platforma olub.

Qeyd edək ki, 2023-cü il 10 noyabrda Türk Akademiyasının təşəbbüsü, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkistan, Qaraqalpaqstan (Özbəkistan) və Tatarıstanın (RF) tanınmış elmi-tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyi (Association of Research Institutes and Archaeological Centres of the Turkic World / ARICA) yaradılmışdır. Təşkilatın ilk iclası 2024-cü il sentyabrda Şuşa şəhərində keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: