Hər bir xalqın tarixi inkişafında onun milli kimliyini müəyyənləşdirən, ictimai birliyini möhkəmləndirən və gələcək inkişaf istiqamətlərini müəyyən edən ideoloji-fəlsəfi prinsiplər mühüm əhəmiyyət daşıyır. Bu prinsiplər xalqın tarixi təcrübəsinin, mədəni irsinin, mənəvi dəyərlərinin, siyasi düşüncəsinin və dövlətçilik ənənələrinin məcmusu kimi meydana çıxır. Azərbaycan xalqının milli kimliyinin və dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan belə ideoloji sistemlərdən biri də azərbaycançılıqdır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində azərbaycançılıq məfkurəsinin tarixi, fəlsəfi və siyasi əhəmiyyətinə toxunaraq bu ideologiyanın ölkənin inkişafını təmin edən və Azərbaycan xalqını gələcəyə aparacaq mühüm amil olduğunu xüsusilə vurğuladı. Ölkə başçısı təbrik çıxışında azərbaycançılıq məfkurəsini milli özünüdərkin, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin və vətəndaş həmrəyliyinin mühüm ideoloji-fəlsəfi ifadəsi kimi qiymətləndirdi.
Əlbəttə, Bu ideologiyanın formalaşmasında Azərbaycan xalqının tarixi yaddaşı, dili, mədəniyyəti, dini və dünyəvi dəyərləri, eləcə də müstəqil dövlətçilik təcrübəsinin özünəməxsus qanunauyğunluqları dayanır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin müstəqillik bərpa edildikdən sonra azərbaycançılıq ideologiyasının konseptual əsaslarının müəyyənləşdirilməsindəki rolu, İlham Əliyevin rəhbərliyi dövründə bu ideologiyanın müasir dövlətçilik, milli birlik və multikulturalizm kontekstində inkişafı bugünkü Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərinin əsasını təşkil edir.
Azərbaycançılıq yalnız müəyyən siyasi konsepsiya və ya milli ideologiya deyil, eyni zamanda Azərbaycan xalqının tarixi yaddaşını, mədəni özünəməxsusluğunu, mənəvi dünyasını və müasir dövlətçilik maraqlarını özündə birləşdirən geniş ictimai-fəlsəfi dünyagörüşüdür. Onun mahiyyətində Azərbaycanı tarixi vətən kimi qəbul etmək, dövlətin müstəqilliyini qorumaq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid cəmiyyət daxilində həmrəyliyini təmin etmək kimi fundamental prinsiplər dayanır.
Azərbaycançılığın ideoloji məzmunu tarixən müxtəlif mərhələlərdə zənginləşmiş, milli oyanış prosesləri, dövlətçilik təcrübəsi və ictimai-siyasi dəyişikliklər nəticəsində yeni məna çalarları qazanmışdır. Müasir dövrdə azərbaycançılıq milli dövlətçiliyin möhkəmləndirilməsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan cəmiyyətində mövcud həmrəylik düsturu, milli-mənəvi irsin qorunması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyinin müəyyənləşdirilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Azərbaycançılığın siyasi mahiyyəti, ilk növbədə, milli dövlətçilik, suverenlik, ərazi bütövlüyü, siyasi sabitlik və vətəndaş həmrəyliyi prinsipləri ilə müəyyən olunur. Bu ideologiya Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcudluğunun və inkişafının siyasi-fəlsəfi əsaslarını formalaşdıran mühüm konseptual istiqamətdir. Azərbaycançılıq dövlətin siyasi institutlarının, ictimai münasibətlər sisteminin və milli maraqların vahid ideoloji müstəvidə uzlaşdırılmasına xidmət edir. Bu mənada, azərbaycançılıq cəmiyyətin etnik, dini, sosial və regional müxtəlifliyinə baxmayaraq, vahid dövlət və vətəndaşlıq məkanı daxilində birləşməsini nəzərdə tutur. Başqa ifadə ilə desək, ideologiyanın əsas subyekti Azərbaycan dövlətinə və onun konstitusion dəyərlərinə bağlı olan bütün vətəndaşlardır.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi onların siyasi müstəqilliyi, iqtisadi potensialı, milli təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq imkanları ilə müəyyən olunur. Bu baxımdan azərbaycançılıq məfkurəsi milli maraqların qorunması və dövlətin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində mühüm siyasi prioritetdir.
Bununla belə, azərbaycançılığın davamlı və səmərəli ideoloji sistem kimi inkişafı onun yalnız tarixi və mədəni irsə əsaslanmasından deyil, həm də müasir cəmiyyətin hüquqi, sosial, intellektual və etik tələblərinə cavab verməsindən asılıdır.
Milli ideologiya vətəndaşların gündəlik həyatında hüquqa hörmət, sosial məsuliyyət, elmi düşüncə, qarşılıqlı etimad və ictimai ədalət prinsipləri ilə təsdiq olunmalıdır.
Nəticə etibarilə, azərbaycançılıq keçmişin tarixi yaddaşını, bu günün dövlətçilik məsuliyyətini və gələcəyin milli inkişaf perspektivlərini vahid ideya sistemində birləşdirən siyasi, fəlsəfi və ictimai konsepsiyadır. Onun əsas missiyası Azərbaycan xalqının milli-mədəni varlığını qorumaqla yanaşı, müstəqil dövlətin möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin inkişafı və ümumbəşəri dəyərlərə əsaslanan müasir cəmiyyətin formalaşdırılmasına xidmət etməkdir.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.