II MƏQALƏ
Lider–xalq–ordu birliyi
Dünya dövlətlərinin tarixində ortaq bir məqam var: hər qələbənin təməlində hərəkətverici güc dayanır. Bu gücün mahiyyəti, xarakteri və özünügöstərmə xüsusiyyəti Zəfərin fəlsəfi və siyasi anlamını müəyyən edir. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərinin müxtəlif aspektlərdə anlamları haqqında fikirlər irəli sürülür və bu prosesin davamlı olacağı şübhə doğurmur.
Bu bağlılıqda Böyük Qələbənin milli, regional və qlobal konteksti üçün əhəmiyyətli olan bir məsələ aktualdır. Biz Zəfərin hərəkətverici faktorlarının dərk edilməsi zərurətini nəzərdə tuturuq. O cümlədən lider-xalq-ordu birliyinin Qalib dövlət obrazının formalaşmasındakı feili roluna baxmaq gərəkdir. Bu obrazın qavranılması, faktiki olaraq, Zəfərin anatomiyasının mühüm bir cəhətinin tarixi yaddaşa daxil edilməsi ilə əlaqəlidir.
Biz məsələyə üç tezisin prizmasında baxacağıq:
- Üç faktorun (xalq, ordu və lider) vəhdəti;
- Milli gücün vahid məqsəd istiqamətində səfərbərliyi;
- Zəfərdən daha güclü Azərbaycana aparan yol.
Birinci tezisin üç tərkib hissəsinə baxaq.
Xalq suverenliyinin milli həmrəylik komponenti
Elmi ədəbiyyatda suverenlik əsasən siyasi-hüquqi anlayış kimi təqdim edilir. Azərbaycan Konstitusiyasında xalq suverenliyi xalqın dövlət hakimiyyətinin legitim mənbəyini və dövlətin müstəqil qərarlar qəbul etməsini ehtiva edən təməl anlayış kimi izah edilir. Bununla yanaşı, Konstitusiyamızın məzmununda “milli iradənin dövlət idarəçiliyində ifadə edilməsi” kimi mühüm məqam da vardır.
Vurğuladığımız məqamları birləşdirsək, aşağıdakı məna sahəsini alırıq: xalq suverenliyi dövlət hakimiyyətinin legitmliyinin əsas mənbəyidir+dövlətin müstəqil qərarlar qəbul etməsinin təməl anlayışıdır+milli iradənin dövlət idarəçiliyində ifadə edilməsinin başlıca mexanizmidir. Bu üç tezisin ortaq məna sahəsi “legitimlik+müstəqil qərarlar+milli iradə” formulunun qarşılıqlı semantik münasibətləri nəticəsində formalaşır. Onların ortaq güc kimi aktuallaşması üçün mühüm bir faktor da mövcuddur: zaman-məkan kontinuumu! Bu faktor fikri müəyyən tarixi mərhələdə konkret ölkənin suverenliklə bağlı özəlliklərinin aktuallığının dərk edilməsinə istiqamətləndirir.
Milli iradə məsələsi diqqətləri suverenliyin mənəvi, əxlaqi, ideya və toplumsal özünütəşkili aspektlərinə yönəldir. Onun məna çərçivəsində milli iradə üçün milli həmrəyliyin prinsipial rol oynadığına kimsə şübhə etmir. Vətəndaş gündəlik davranışlarında bunun ideya və daha mücərrəd olan nəzəri və fəlsəfi mahiyyətini dərk etməyə bilər. Lakin vətəndaşın milli həmrəyliyinin sosial fəaliyyətdə öz ifadə formaları var.
Nümunə kimi ulu öndər Heydər Əliyevin bir çağırışı ilə milyonlarla insanın Prezident Aparatı binası önünə toplaşması və ya Zəfər Gününü bayram etmək üçün cəmiyyətin küçələrə axışması və s. göstərə bilərik. Onun ən bariz nümunələrindən biri də yüz minlərlə gəncin Vətən müharibəsində iştiraka can atması, bunu dövlət başçısından ərklə tələb etməsi və dünya üzrə azərbaycanlıların (həm də türk xalqları nümayəndələrinin) ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün hərb meydanına getməyə hazır olduğunu bəyan etməsindədir. Bu faktlar tarixi yaddaşımızın müqəddəs guşəsində yer almaqdadır.
Bu əsasda qürurla deyə bilərik: xalq Zəfər üçün mükəmməl həmrəyliyi ilə Liderinə sonsuz dəstəyini nümayiş etdirdi! Yəni xalq Zəfərin memarı olan Liderinin daim yanında oldu!
Beləliklə, Azərbaycan xalqı Zəfərə gedən yolda özünü hakimiyyətin mənbəyi kimi deyil, həm də yaratdığı müstəqil dövlətin və ölkənin taleyinə məsul olan fəal sosial, tarixi, mədəni güc kimi bir daha təsdiq etdi! Bu zaman bir neçə mühüm parametr sırasında aşağıdakılar da xüsusi rol oynadılar:
- Bütövlükdə cəmiyyət dövlətin təhlükəsizliyi və ölkənin ərazi bütövlüyü üçün məsuliyyətini tam dərk etdi;
- Toplum milli dəyərlərin və dövlətçilik ənənələrinin qorunması istiqamətində mükəmməl birlik nümayiş etdirdi;
- Dünya azərbaycanlıları miqyasında həmrəylik və onların müstəqil Azərbaycan dövlətinə etimadı yeni səviyyəyə yüksəldi. Müstəqil Azərbaycan dövləti isə təbii olaraq hər bir azərbaycanlının hüquqlarının təmin edilməsinə mükəlləfdir (Prezident İlham Əliyev).
Zəfərin əldə olunmasında bu faktorların rolu danılmazdr. Onların fonunda başqa bir faktorun çox mühüm rolunu vurğulamaq zəruridir. Həmin faktor milli gücdür.
Milli gücün sinerjisi
Milli güc potensial olaraq hər bir cəmiyyətin daxili resurslarında ehtiva olunur. Ancaq tarixin müəyyən dönəmlərində heç də hər bir cəmiyyət və onun dövləti milli gücü potensialdan aktuala çevirə bilmir. Bunun üçün cəmiyyətin əhvali-ruhiyyəsi ilə hakimiyyətin siyasi iradəsi harmoniya təşkil etməlidir. Çünki milli güc xalqın və dövlətin sahib olduğu bütün imkanlarının çalarlarını – daxili resurs sferalarını, əhatə edir.
Bura siyasi, iqtisadi, hərbi, sosial, mədəni, mənəvi, demoqrafik, elmi və informasiya-kommunikasiya aspektləri aiddir. Bu faktorlar milli maraqlar naminə sinerji halına gətirilə bilirlərsə, milli güc konkret tarixi mərhələdə böyük aktual təsir qüvvəsi olur. Bu keyfiyyətdə o, milli həmrəylik, sağlam iqtisadiyyat, vətənpərvər cəmiyyət, güclü ordunun toplum miqyasında harmoniyası ola bilir. Lakin onun əyaniləşməsi üçün müstəqil siyasi iradəyə əsaslanan güclü dövlət idarəçiliyi şərti ödənməlidir.
Belə alınır ki, “milli güc” anlayışı hər bir cəmiyyət və dövlətin müstəqilliyi kontekstində başlıca hərəkətverici qüvvə rolunu oynaya bilər. Bu da istənilən sferada zəfərlərin təməl mənəvi-mədəni şərtidir! II Qarabağ müharibəsində Azərbaycan Prezidenti həmin harmoniyanı təmin etdi və Böyük Zəfər əldə olundu. Bu hadisənin tarixi miqyasda rolu xüsusilə Azərbaycan xalqı üçün əhəmiyyətlidir. O mənada ki, Vətən müharibəsində potensial milli gücün real təsir qüvvəsinə çevrilməsində xalqın mənəvi birliyi ilə liderin güclü idarəetməsinin və yüksək siyasi iradə nümayişinin fəlsəfəsi təşviq edilməlidir.
Bu proses real həyatda vətəndaşın milli gücü daha dərindən dərk etməsinə və onun fonunda vətənpərvərlik, milli birlik duyğusunun inkişafına ayrıca təkan verə bilər. O prosesin işığında Zəfərin də dövlətçilik üçün əhəmiyyəti daha geniş kontekstdə aydın olar.
Prezident İlham Əliyevin yeni mərhələdə həyata keçirdiyi siyasi strateji kursun və onun çərçivəsində Azərbaycanın daha da güclənməsi üçün müəyyən etdiyi prioritet istiqamətlərin təbliği və təşviqinin səmərəli aparılmasının üsullarını müəyyən etmək mümkündür.
Zəfərdən güc alan Azərbaycan
Belə alınır ki, Zəfər ümumi səviyyədə milli iradənin, dövlətçilik şüurunun, lider-xalq-ordu birliyinin təcəssümü kimi dərin siyasi, geosiyasi və fəlsəfi mənaya malikdir. Bu, müasir dövlətçilik tariximizdə çox mühüm mərhələlərdən biridir.
Əlbəttə, Zəfər bütövlükdə, müstəqil Azərbaycan dövlətçiliyinin yeni mərhələyə keçidində həlledici rol oynamışdır. Bu hadisə, ümumiyyətlə, regional geosiyasətin dinamikasını və istiqamətini dəyişmişdir. Onun mərkəzində, təbii ki, müstəqil Azərbaycanın dövlət kimi inkişafı, geosiyasi rolunun artması və təsir əhatəsinin genişlənməsi dayanır. Yəni Zəfər böyük anlamda və dövlətçiliyin inkişafı kontekstində son məqsəd deyildir – daha güclü Azərbaycanın özünütəsdiqinin mühüm tarixi məqamıdır!
Bu sonuncu tezisdən çıxış edərək deyə bilərik ki, Zəfər əldə olunan hərbi uğuru dövlətimizin uzunmüddətli inkişaf strategiyasına transformasiya edilməsinin fəlsəfəsi ilə sıx bağlıdır. Konkret olaraq, vurğulanan aspektdə Zəfərdən daha güclü Azərbaycana transformasiya fəlsəfəsi xüsusi əhəmiyyət kəsb edən məsələdir.
Azərbaycan Prezidentinin bu bağlılıqda ifadə etdiyi fikirlər əsasında bir neçə faktoru vurğulamaq olar.
İlk növbədə, əldə olunan Zəfərin nəticələrini qorumaq və onları dövlətçilik kontekstində gələcəyə proyeksiya etmək zərurəti özünü göstərir. Bu da, öz növbəsində, ərazi bütövlüyünün təminini ön sıraya çıxarır, eyni zamanda, dövlət suverenliyini tam təminetmə məsələsini daha da aktuallaşdırır. Konkret ifadə etsək, bütövlükdə, təhlükəsizlik konsepsiyasının daha da zənginləşdirilməsinə ehtiyac yaranır. Zəfər başqa məqamlarla yanaşı, ideoloji təhlükəsizliyi də yeni prizmada inkişaf etdirmək ehtiyacını meydana gətirir.
Buna görə də dövlət başçısının ideoloji və fiziki təhlükəsizliklər arasındakı dərin bağlantını gündəmə gətirməsi strateji mahiyyətlidir. Onun gerçəkləşməsində azərbaycançılığın əsas rol oynamasının vurğulanması isə bu istiqamətdə elmi tədqiqatların daha da aktullaşması zərurətini ifadə edir. Yəni Azərbaycanın elmi və texnoloji baxımdan inkişaf etmiş, informasiya və ideoloji baxımdan təhlükələrə qarşı daim hazırlıqlı dövlət olmasının nəzəri-konseptual modeli hazırlanmalıdır. Bu model elmi olaraq hər bir dəyişikliyin adekvat nəzərə alınmasına açıq olmalıdır.
Zəfərdən daha güclü Azərbaycana aparan yol kontekstində milli güc məsələsinə təkrar qayıtmalı oluruq.
Daxili resursların yeni miqyası
Təbii ki, Zəfərdən sonra daha güclü Azərbaycanın qurulması çoxaspektli mürəkkəb və açıq prosesdir. Onun bir neçə təməl şərtləri ola bilər. Bununla yanaşı, milli güc faktorunun xüsusi sinerji qaynağı kimi rolunun ayrıca əhəmiyyətini inkar etmək mümkün deyildir. Bu bucaq altında baxanda gələcək kontekstində vəziyyət necə görünür?
Əvvəlcə, onu ifadə edək ki, bütün hallarda daha güclü Azərbaycana aparan yol milli gücün bütün tərkib hissələrini harmonik inkişaf etdirməkdən keçir. Bu baxımdan milli gücün insan kapitalı, sosial həmrəylik, elm və texnologiya, informasiya təhlükəsizliyi, diplomatik nüfuzun daha da artması, iqtisadi sistemin infrastrukturunun yeni inkişaf mərhələsinə yüksəldilməsi və digər komponentlərin ahəngdarlığının təmin olunması məsələsi yeni aktuallıqla qarşıda dayanır.
Bu prosesin istiqamətləri sırasında iqtisadi şaxələndirmə xüsusi yer tutmalıdır. O cümlədən enerji resurslarından daha səmərəli istifadə xətti inkişaf etdirilməlidir. Qeyri-neft sektoru və sənayenin davamlı tərəqqisinə nail olmaq gərəkdir. Bütövlükdə, innovativ iqtisadiyyat öz inkişafının yeni mərhələsinə yüksəldilməlidir.
Digər məqam insan kapitalının inkişafına dəstəyin yeni səviyyəyə çatdırılması ilə bağlıdır. Bu bağlılıqda keyfiyyətli təhsil və elmi institutlaşmanın daha da inkişafı zəruri şərtlərdən biridir.
Əlbəttə, müasir ordu quruculuğu dayanmadan davam etməlidir. Rəqəmsal və texnoloji suverenlik də vacib vəzifələrdəndir. Bu sırada milli texnoloji inkişafa daha çox diqqət ayrılmalıdır.
Bütün bunların nəticəsi daha qüdrətli müstəqil dövlət və yüksək rifah cəmiyyətinin yaradılması ilə bağlıdır. Bu da Azərbaycanın strateji inkişaf kursunun əsas hədəfidir!
Beləliklə, Zəfər həm güclü Azərbaycanın bir mərhələdə fəaliyyətinin yekunu, həm də daha güclü Azərbaycan modelinə keçidin başlanğıcıdır!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru