Məlum olduğu kimi, insanın ləyaqətli bir fərd olaraq formaşalmasında etik meyarların, xüsusilə ədalətin xüsusi yeri vardır. Ədalət hüquqa mənsub olan qaydaları nizamlayır və bu qaydaları struktura uyğun olaraq tənzimləyir. Ədalət təkcə fəzilət (virtue) deyil, həm də şəxsi və sosial hüquqları ehtiva edən ümumibəşəri prinsipdir ki, hər bir fərdin buna riayət etməsi zəruri hesab olunur. Məhz buna görə də müasir filosofların, etik mütəxəssilərin və hüquqşünas filosofların əsərlərinə istinad edərək ədalət anlayışının təkcə fəlsəfi, hüquqi aspektlərini deyil, digər mühüm – üstün və fərqli xüsusiyyətlərini araşdırmaq faydalı olmaqla yanaşı, həm də müasir dövrün tələbidir. Ədalət qanunun ayrılmaz hissəsi, qanunun legitimliyini və məcburiliyini qoruyan etik meyardır. Məhz buna görə də ədalətsiz qanunlar qeyri-legitim hesab olunur. Filosofların nəzərində ədalət anlayışı, insanların haqqına riayət edərkən qərəzli yanaşmadan çəkinmək, fərdin təhlükəsizlik və azadlıq haqlarına heç bir fərq qoymadan, qərəzsiz şəkildə təmin etməkdir. Ədalət anlayışı dedikdə, qanunların dəyərləndirilməsi, qanuniləşdirilməsi və qanunun aliliyinin bərqərar edilməsi və bütün hallarda qorunmasıdır.
Etika və hüquqdan bəhs edərkən ədalət anlayışına xüsusi diqqət yetirilməlidir; ədalət təkcə etik bir meyar deyil, həm də ictimai-siyasi məsələləri əhatə edən daşıyıcı bir qüvvədir. Ədəlat baxımından düzgün qanun cəmiyyətin təhlükəsizliyini və azadlığını qorumaq, müdafiə etmək üçün təsbit olunan və ictimaiyyətdə tətbiq olunan qanunlardır. Məhz buna görə də ədalət anlayışı qədim dövrlələ yanaşı müasir dövrdə də daha çox diqqət olunan mövzudur. Baxmayaraq ki, mövzumuz əsasən müasir dövrdə ədalət anlyışının tədqiqidir, yaxşı olar ki, müasir dövrlə yanaşı modern dövrün də ədalət anlayışına qısa bir nəzər salaq.
Modern dövrü (fransızca: modernité) yeni cəmiyyətə aid olan bir dövrü əhatə edir. Modernlik XV əsrdən başlayaraq XX əsrə qədər çoxsaylı, mədəni və intellektual hərəkatlara malik olan tarixi bir dövrdür. Almaniyalı modernist filosof və sosioloq Yurgen Habermas (almanca: Jürgen Habermas 1929) hesab edir ki, modernlik yarımçıq bir layihədir və hələ tamamlanmamışdır. Tarix baxımından bu dövr İntibah (renaissance) dövrü ilə başlansa da, Maarifçiliklə, Amerika və Fransa inqilabları, Alman idealizmi ilə Qərbin güclü bir dövrünə çevrildi. Mənbənin yazdığına görə, modern dövrü tarixi hadisələri, o cümlədən Amerikanın qəbul etdiyi Müstəqillik Bəyannaməsini, 1789-cu ildə qəbul olunmuş Fransa İnsan və Vətəndaş Hüquqları Bəyannaməsini, həmçinin elmi-siyasi, texnoloji, estetik və fəlsəfi modernliyi özündə əks etdirirdi. Məhz bu dövrdə digər sahələrlə yanaşı fəlsəfi biliklərə də xüsusi diqqət yetirilirdi.
Müasir dövrə əsasən ədalət anlayışına gəldikdə isə qeyd etməliyik ki, bu dövrdə ədalət anlayışını ilk dəfə tərif edən ingilis filosofu Tomas Hobbes olmuşdur. O, ədalətdən bəhs edərkən özündən əvvəlki mütəfəkkirlətdən fərqli olaraq yeni bir konsepsiya təklif etməsədə, ədalət anlayışı ilə bağlı terminoloji fikirlərini irəli sürmüşdür. O, “Leviafan” (Thomas Hobbes: Leviathan, 1651) adlı əsərində təbiətin üçüncü qanunu adlandırdığı ədaləti ədalətsizliklə qarşı-qarşıya qoyaraq belə tərif edir: “Ədalət anlayışı dedikdə, yəni insanlar bağlanmış müqavilələri icra edirlər”. Hobbesin tərifində siyasi məsələlərlə bağlı mühüm nəticələr vardır, çünki bu tərif fərdlər arasında bağlanan xüsusi müqavilələrə aid olduğu üçün bütövlükdə cəmiyyətə də aiddir. Hobbesin nəzərində ədalət təkcə haqq və qanunlarda deyil, həm də ictimai-siyasi məsələləri də əhatə edir. Onun fikrincə, hakimiyyətin legitimliyi birtərəfli əhdin yerinə yetirilməsi zərurətindən irəli gəlir. Hakimiyyət xalq arasında müqavilə bağlamaq yolu ilə yaranır, buna əsasən xalq hakimiyyət başçısına itaət etməyi öhdəsinə götürür, ancaq hakimiyyət başçısı bu müqavilədə heç bir öhdəliyi qəbul etmir. Hobbesin ədalət barədə gəldiyi nəticə bundan ibarətdir ki, insanlar hakimiyyət başçısına itaət etməkdən imtina edərlərsə, əhdi pozmuş və ədalətsizlik etmiş olurlar, digər tərəfdən, əgər hakimiyyət başçısı xalq qarşısında heç bir öhdəliyi üzərinə götürməmişdirsə, onda ədalətsizlik anlayışının onun üçün heç bir əhəmiyyəti yoxdur və onun hərəkətləri heç bir halda ədalətsiz sayıla bilməz. Göründüyü kimi, Hobbesin ədalətin konseptual təkamülünə töhfəsi konsepsiya yaratmaqla deyil, söz yaratmaqla məhdudlaşır. Bu sırada təkcə Hobbes deyil, Leybnits də ədalət barədə yeni bir konsepsiya deyil, xüsusi ifadələrlə kifayətlənmişdir. Leybnitsin nəzərində ədalət anlayışı müdriklik və yaxşılıqdan başqa bir şey deyil: “Başqalarına qarşı müdrik və xeyirxah olmaq digərlərinin də buna sövq olunmasına səbəb olur”.
Ədalət anlayışı barədə məşhur ingilis filosofu, siyasi iqtisadçısı Mill Con Sturatın (John Stuart Mill: 1806-1873) fikirlərinə gəldikdə isə o, daha çox Roma hüququna istinad edərək ədaləti sosial aspektdə tərif edir. Con Mill yeganə filosofdur ki, etikada “utilitarizm”i (ing: utilitarianism; normativ etik nəzəriyyə) müdafiə etməklə, ədalətlə yanaşı bərabərlik anlayışına da diqqət etmişdir. Lakin onun ədalətlə bağlı düşüncələri o qədər mürəkkəb və çoxşaxəlidir ki, hətta onun fikirlərini şərh edənlərin də başa düşülməsi üçün çətinliklər yaratmışdır. Bu barədə David Lyons “Millin ədalət nəzəriyyəsi” (Mill’s Theory of Justice) adlı məqaləsində buna işarə etmişdir. Ancaq burada bizim məqsədimiz ondan əvvəlki mütəfəkkirlərlə müqayisədə Con Milin ədalət anlayışı barədə yeniliklərini daha aydın və konkret formada təqdim etməkdir. Con Mill başlanğıcda ədaləti sadə bir formada tərif edir: Ədalət, “qanuna uyğunluq” (conformity to law), ədalətsizlik isə qanunu pozmaq deməkdir. Lakin qanun dedikdə, dövlət hakimiyyəti tərəfindən qəbul edilən və həyata keçirilən qərarlar nəzərdə tutlumur, çünki insanların da qəbul etdiyi bəzi qanunlar səhv ola bilər; ədalət, yəni qanuna riayət etmək, ədalətsizlik isə qanuna hörmətsizlik etmək deməkdir. Həmçinin qanunlara ədalətlə riayət etmək insanların hüququna riayət etmək deməkdir. Burada hüquq dedikdə, Con Mill nəyə işarə edir? O, haqlardan bəhs edərkən bu barədə yazır: “Haqq hər hansı bir fərd qarşısında müəyyən olunmuş vəzifə və öhdəlikdir”. İnsanlarla bağlı olan vəzifələr (öhdəliklər) iki hissəyə bölünür: tam və mükəmməl vəzifələr (perfect obligations), tam və mükəmməl olmayan vəzifələr (imperfect obligations). Ədalət başqalarının fərdi hüquqlarına riayət olunmasıdır; insanların fərdi hüquqları isə onların başqa şəxsə və ya şəxslərə qarşı qanuni iddialarıdır. Milin nəzərində bu tərif ədalətin tam tərifi deyil, çünki Con Stuart Mill çalışır ki, bu suala cavab versin: “Başqalarının riayət etməyə borclu olduqları fərdi hüquqlar hansılardır”? Bu sualın cavabında bildirir ki, “təhlükəsizlik” və “azadlıq” fərdi hüququn əsasını təşkil edir. Hər bir fərdin başqalarının zərərindən qorunmaq, həmçinin şəxsi işlərində başqalarının müdaxiləsinə yol verməmək hüququ vardır. İnsanların təhlükəsizlik və azadlıq kimi iki əsas hüququ vardır ki, başqalarının bunlara riayət etməsi ədalətin tələbidir və hüquqların pozulması isə cəzalandırılma ilə nəticələnir. Con Milin ədalətlə bağlı digər arqumenti fərdlərin hüquqlarına riayət edərkən insafa riayət etmək və qərəzli yanaşmadan çəkinməkdir. Ədalət şəxslərin təhlükəsizlik və azadlıq hüququna qərəzsiz şəkildə hamı tərəfindən hörmət edilməli və müxtəlif fərdlər arasında heç bir fərq qoyulmamalıdır.
Müasir dövrə əsasən ədalət anlayışından bəhs edərkən ingilis filosofu və iqtisadçısı Henri Sidqvikin (Henry Sidgwick: 1838-1900) fikirlərinə diqqət etmək faydalı olardı, çünki onun ədalət barədə yeni fikirləri ədalət anlayışına təsir etmişdir. Henri Sidqvik ədaləti iki mühüm hissəyə ayırır: ədalət geniş mənada qanunun aliliyini bərqərar etmək, digəri isə bütün fəaliyyəti sözügedən qanuna uyğunlaşdırmaq deməkdir. Ədalətin digər bir mənası da qanunun inkişafına xidmət etməsidir. O, ədaləti sosial həyatın fayda və çətinliklərinin fərdlər arasında bölüşdürülməsi ilə əlaqələndirir ki, bu da cinayətə görə cəzanın verlməsini və təzminatların başqalarına paylanmasını əhatə edir. Sidqvik ədalətin sosial mənasını izah etdikdən sonra diqqəti ədalət anlayışına yönəldir. Onun fikrincə, ədalət var-dövlət, nüfuz və digər xüsusiyyətlərə görə insanlar arasında ayrı-seçkilik qoyulmadan qanunun tətbiqidir. Beləliklə, bərabərlik və ayrı-seçkilik kimi elementlər Sidqvikin ədalət anlayışına daxil edilir.
Qeyd olunduğu kimi, ədalət sosial həyatın fayda və çətinliklərinin fərdlər arasında bölüşdürülməsi ilə əlaqələndirilir və bu da öz növbəsində iki hissəyə bölünür: “mühafizəkar ədalət” (conservative justice) və “ideal ədalət” (ideal justice). Mühafizəkar ədalətə görə hər bir insanın malik olduğu bütün haqlara (cəmiyyətin qanunları, konvensiyaları, adət-ənənələri) riayət olunmalıdır, mühafizəkar ədalət, yəni hər bir fərdin hüquqlarına qanun çərçivəsində riayət olunmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cəmiyyətdə mövcud olan bəzi qanunlar, qərarlar, konvensiyalar, adət-ənənələr etik baxımından yanlış da ola bilər və belə olan halda ideal ədalətə ehtiyac duyulur. İdeal ədalətin əsas hədəfi cəmiyyətdə mövcud olan qanunların, adət və ənənələrin çatışmazlıqlarını, qüsurlarını aradan qaldırmaqdır, ideal ədalət cəmiyyətdə hər bir fərdin malik olduğu hüquqlara riayət olunmasını ifadə edir, halbuki mühafizəkar ədalət cəmiyyətdə fərdlərin rəsmi hüquqlarına riayət olunmasını təmin etməyə çalışır.
Göründüyü kimi, ədalət anlayışının tərifində ayrı-seçkiliklə yanaşı, digər elementin – hər bir fərdin malik olduğu hüquqlara riayət olunması da əksini tapır. Bundan başqa, Sidqvikin baxışı Con Millin baxışına bənzəyir. Fərq ondadır ki, Sidqvik ədaləti mühafizəkar və idealist bir termində birləşdirərək (konseptuallaşdırmadan çox) yeni bir terminologiya təqdim etmişdir. Beləliklə, Sidqvikin yeniliyi ədalətə yeni yanaşmanı konseptuallaşdırmaqdan daha çox, söz yaratmaqla məhdudlaşır. Eyni zamanda, Sidqvikin terminologiyasının sosial ədalət anlayışını dərk etməyimizə danılmaz töhfə verdiyini etiraf etmək lazımdır.
Ədalət anlayışı və tərifi barədə siyasi xadimlər və tarixçilər də fərqli fikirləri ilə yadda qalmışlar. Bunların içərisində rus siyasi fəalı, alimi və filosofu Pyotr Alekseyeviç Kropotkini (Pyotr Alexeyevich Kropotkin: 1842-1921) və fransız siyasətçisi və tarixçisi Lui Jan-Jozef Şarl Blankı (Louis Jean Joseph Charles Blanc: 1811-1882) misal gətirmək olar. Pyotr Kropotkinin bu sahədəki yeniliklərindən biri də ədalətin tərifində yeni anlayış olan “ehtiyac” (need) sözünü siyasi düşüncəyə daxil etməsidir. Kropotkinin nəzərində ədalət, insaf və bərabərlik eyni məna daşıyır. Bundan əlavə, onun fikrincə, insafın mahiyyəti “qızıl qayda”da ifadə olunur: “Başqaları ilə elə rəftar et ki, səninlə də eyni cür davranmalarını istəyəsən”. O, bərabərlik prinsipi kimi qızıl qaydaya istinad edir və bununla da ədaləti bərabərliklə eyniləşdirir. Bütövlükdə, Kropotkinə görə, ədalət insaf mənasındadır və insaf, qızıl qaydada ifadə olunduğu kimi, insanların bərabərliyi deməkdir.
Ədalət anlayışına digər yanaşmanı Şarl Blankın fikirlərində müşahidə edirik. Cəmiyyətin ədalət barəsində tələbatının ödənilməsi zərurəti ilk dəfə inqilabi şüar kimi məhz onun tərəfindən qaldırılmışdır. Onun 1839-cu ildə qeyd olunmuş məşhur ifadəsində deyilir: “Hər kəsə istedad və qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə verilməlidir” (from each according to his abilities, to each according to his needs). Bu yeni ədalət anlayışı heç bir şəkildə insanları eyniləşdirmir, həmçinin romalıların tərifinə də (fərdlərin ləyaqətini meyarlar əsasında araşdırmaq) bənzəmir. Bu yeni fikrə əsasən, hər bir insan başqaları ilə müqayisə edilmədən nəzərə alınır; hər bir fərdin ehtiyacları, istedadı, bacarığı onun ictimai həyatda qazandığı zəhmət, mənfəət və naliyyətlərlə ölçülür. Ədalətin bu tərifi onu deməyə əsas verir ki, hər bir insanın öz ehtiyacları, bacarığı və qabiliyyəti vardır və o, bacardığı qədər çalışmalıdır. Amma bəzi filosoflar ədalət anlayışı və tərifi barədə deyilən fikirlərlə razılaşmamışlar. Onların fikrincə, qeyd olunanlar ictimai ehtiyacların inkişafına səbəb olmuş, ancaq yeni bir dönüş yaratmamışdır.
Ədalət və insan hüquqları barədə yazıları ilə yadda qalan, etika üzrə tanınmış filosof David Rafael (David Daiches Raphael: 1916-2015) belə hesab edir ki, bu alimlərin heç biri ədalət anlayışının yeni tərifini verməyə səy göstərməmişlər, onlar ədalətin meyarlarından bəhs edərkən insan ehtiyacları anlayışını irəli sürmüşlər. Ancaq buna baxmayaraq, onların ədalət anlayışına verdiyi töhfələri etiraf etməliyik; bu gün fərdlərin ehtiyaclarını ödəmək mənasını verən ədalət anlayışı, siyasi fəlsəfədəki nəzəriyyələrdən biridir. Bəzi hüquqşünas filosoflar ədalət anlayışından bəhs edərkən təkcə ədalət anlayışına deyil, ədalətin xüsusiyyətlərinə də diqqət etmişlər. Onlar diqqəti daha çox ədalət və insaf arasında olan fərqə yönəldərək bunların arasında heç bir fərqin olmadığını bildirmişlər.
Ədalət anlayışı və onun funksiyaları barədə geniş tədqiqatlar aparan və bu mövzu ilə daha çox tanınan amerikalı siyasi filosof Con Ravlsın (John Bordley Rawls: 1921-2002) fikrincə, ədalət anlayışı dedikdə burada əsas hədəf insafdır. Digər bir tərifdə isə ədalət anlayışı başlanğıcda hüququn hədəfi və dəyəri adlandırılır. Müəllif ədalət anlayışından bəhs edərkən ədalətin təkcə hüquqi aspektlərini deyil, həm də ictimai dəyərini göstərmişdir: “ədaləti ümumi olaraq şərh etsək, deyə bilərik ki, ədalət həm də ictimai dəyərdir”.
Nəticə. Mövzunu araşdırarkən belə nəticəyə gəlmək olar ki, ədalət iki əsas elementi ehtiva edir: haqlara riayət edilməsi və qərəzsizlik. Ədalət ictimai münasibətləri, həmçinin hər bir fərdin digər fərdlərə olan qarşılıqlı münasibətlərini əhatə edir. Ədalət və hüququn qarşılıqlı əlaqəsi fərdlərin qazanc və itkilərinə təsir edən ictimai münasibətlərdir. Ədalət, başqalarının azadlıq və toxunulmazlıq hüququna qərəzsiz riayət edilməsi, həmçinin təhlükəsizlik və azadlıq hüququndan istifadə edərkən digərlərinə zərər vurmaqdan çəkinməyi ifadə edir. Ədalət anlayışı o qədər geniş və əhatəli mənaya dəlalət edir ki, bu, təkcə hüquq və qanunvericilik sahəsində deyil, digər məsələlərdə də böyük təsirə malikdir. Ədalətin üstünlüyü ondadır ki, haqları müəyyən edərək etika çərçivəsində cəmiyyətdə tətbiq olunmasına səy göstərir. Burada müəlliflər arasında fikir ayrılığına baxmayaraq, ədalət hüquqi və etik bir anlayış kimi qəbul olunur. Ədalət etik anlayış olmaqla yanaşı, həm də qanunla sıx bağlıdır.
Əntiqə Paşayeva, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.