İnsan ömrü özlüyündə bir dəyərdir. Lakin bu dəyərin mahiyyətini anlamaq, yaşanmış illərin arxasında dayanan mənanı bütün dərinliyi ilə dərk etmək heç də asan deyildir. Çünki insan ömrünün mənası onun nə qədər yaşadığı ilə deyil, necə yaşadığı, hansı amallara xidmət etdiyi, özündən sonra qoyub getdiyi mənəvi irslə də müəyyən olunur. Yaşanan illər zamanın ölçüsünə sığsa da, həmin illərdə görülən işlərin, insanların həyatına göstərilən təsirin, cəmiyyətə verilən töhfələrin mənəvi miqyasını bu ölçü ilə müəyyənləşdirmək mümkün deyildir. Xüsusilə ömrünü elmə, təhsilə və cəmiyyətə xidmətə həsr etmiş insanların həyatı bu həqiqəti daha aydın göstərir. Belə dəyərli ömürlərdən birini də görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Ziyat qızı Abbasova yaşamışdır.
Adilə Abbasova 1942-ci il avqustun 3-də Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olmuşdur. Elmə marağın mövcud olduğu bir ailədə böyümüşdür. Atası Ziyad Məmmədov kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, biologiya elmləri namizədi kimi tədqiqatlar aparmışdır. Atasının əkiz qardaşı Atlıxan Xanməmmədov da biologiya elmləri namizədi olmuş, uzun illər elmi müəssisələrdə çalışmışdır. Bu ailə ənənəsinin Adilə xanımın həyata və təhsilə münasibətinin formalaşmasında öz yeri olmuşdur. O, atasının və əmisinin elmi yolunu təkrar etməmiş, öz marağını fizikaya yönəltmişdir.
İbtidai təhsilini Pirçivanda almış, sonra Bakının 7 nömrəli orta məktəbində oxumuş və məktəbi gümüş medalla bitirmişdir. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna göndərilmiş, burada əmək fəaliyyətinə başlamışdır. 1966–1969-cu illərdə həmin institutun aspirantı olmuş, 1968–1969-cu illərdə Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunda tədqiqat aparmışdır. 1970-ci ildə H.B. Abdullayevin elmi rəhbərliyi ilə «GaSe monokristallarında rekombinasiya və yapışma proseslərinin tədqiqi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə, 1995-ci ildə isə professor elmi adına layiq görülmüşdür.
Adilə xanımın elmi fəaliyyətində yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsi əsas yer tutmuşdur. GaSe monokristallarında rekombinasiya və yapışma prosesləri üzərində başladığı tədqiqatları sonrakı illərdə layvari kristalların öyrənilməsi ilə davam etmişdir. Onun elmi işləri sırasında bu kristalların əsasında fotohəssas quruluşların alınması, müxtəlif ionlaşdırıcı şüaların həmin kristallara və quruluşlara təsirinin tədqiqi, fotohəssaslığın mexanizminin müəyyənləşdirilməsi mühüm yer tutur. Bu istiqamətdə aparılan tədqiqatlarda layvari yarımkeçirici kristallar əsasında fotohəssas quruluşlar və ionlaşdırıcı şüalanmanın onların fiziki xassələrinə təsiri öyrənilmişdir.
Adilə Abbasova 150-dən çox elmi əsərin, beş ixtiranın və bir neçə monoqrafiyanın müəllifi olmuşdur.
Onun elmi fəaliyyətinin bir mərhələsi Moskva ilə bağlı olmuşdur. 1974-cü ildə oradakı Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutuna ezam edilmiş, 1982-ci ildə müsabiqə yolu ilə həmin institutda baş elmi işçi vəzifəsini tutmuşdur. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra laboratoriya müdiri seçilmiş və 1992-ci ilədək bu vəzifədə çalışmışdır. Moskva elmi mühitindəki fəaliyyəti, müxtəlif elmi-tədqiqat müəssisələri ilə əlaqələri onun peşəkar həyatının mühüm hissəsidir. Adilə xanım Almaniya, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, məruzələrlə çıxış etmişdir.
Adilə Abbasovanın pedaqoji əməyini də ayrıca xatırlamaq istərdim. O, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında dərs demiş, bakalavr və magistrantlara yarımkeçirici çeviricilər, nizamsız sistemlər fizikası, yarımkeçirici materialların və cihazların fiziki xassələrinin tədqiqi üsulları, səth və kontakt hadisələri haqqında mühazirələr oxumuşdur. Magistratura üçün fənn proqramlarının hazırlanmasında iştirak etmişdir. Üç elmlər namizədinə elmi rəhbərlik etmiş, bir elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. Uzun müddət AMEA-nın Radiasiya Problemləri İnstitutunda Dissertasiya Müdafiə Şurasının üzvü kimi çalışmışdır. Tədrislə məşğul olmaq onun üçün elmi fəaliyyətdən kənar bir iş deyildi: tədqiqat illərində qazandığı bilik və təcrübə bu dəfə tələbə və gənc mütəxəssislərlə ünsiyyətdə davam edirdi.
Adilə xanım Azərbaycan Respublikası Ali Sovetinin Aparatına dəvət edilmiş, Sosial-mədəni qanunvericilik məsələləri şöbəsinin Elm, təhsil və mədəniyyət bölməsinin müdiri təyin olunmuşdur. Sonrakı illərdə parlament aparatında müxtəlif rəhbər vəzifələrdə çalışmış, 1995–2020-ci illərdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri olmuşdur. Elm, təhsil, səhiyyə, mədəniyyət, qadın və uşaqların sosial müdafiəsi ilə bağlı qanunvericilik işlərinin hazırlanmasında iştirak etmişdir. Bu qədər məsuliyyətli inzibati fəaliyyətlə yanaşı, elmlə və universitetlə əlaqəsini qoruyub saxlaması onun ömür yolunda xüsusi diqqətə layiqdir. O, dövlət qulluğunda uzun illər çalışsa da, onu yetişdirən elmi mühitdən ayrılmamışdır.
Adilə xanım 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında, 1996-cı ildə Türkiyədə qadın problemləri ilə bağlı «Habitat» beynəlxalq konfransında iştirak etmiş, Azərbaycanı müxtəlif beynəlxalq toplantılarda təmsil etmişdir. Dövlət qulluğundakı xidmətlərinə görə 2004-cü ildə 2-ci dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi almış, 2007-ci ildə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı, 2020-ci ildə isə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunmuşdur.
Adilə xanımın xatirələrində Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinə münasibəti xüsusi yer tuturdu. 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında keçirilən etiraz tədbirində Adilə xanım da iştirak etmişdir. O, sonralar Heydər Əliyevin həmin gün nümayiş etdirdiyi mövqeyi, faciəni törədənləri qınamasını, günahkarların cəzalandırılmasını tələb etməsini, dərin ehtiramla xatırlayırdı. Xalqın ağır günündə göstərilən bu qətiyyəti Vətənə sevginin, millətin taleyinə həssas münasibətin nümunəsi kimi yaddaşında qoruyurdu. Adilə xanımın uzun illər sonra da həmin hadisəyə qayıtması onun üçün bu mövqenin mənəvi əhəmiyyətini göstərirdi.
Doğma Zəngilan onun yaddaşında həmişə yaşamışdır. 2020-ci ilin oktyabrında rayonun işğaldan azad edilməsi Adilə xanım üçün böyük sevinc olmuşdur. 2021-ci il oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilanda ictimaiyyət nümayəndələri ilə görüşündə iştirak etmiş, bu görüşün təəssüratlarını AZƏRTAC-la bölüşmüşdür. «Mən bu torpaqda doğulmuşam, uşaqlıq illərim burada keçib», deyə o, Pirçivanda aldığı ibtidai təhsili, atasının Zəngilan rayonunda çalışdığı illəri xatırlamışdır. Görüş zamanı rayonda aparılan quruculuq işlərindən danışılmış, doğma torpaqda «Qarabağ şikəstəsi» səslənmişdir. Adilə xanımın müsahibəsindəki sevinc və qürur onun yaşadığı uzun ayrılıqdan sonra doğma yurda qovuşmasının təbii ifadəsi idi.
Ailəsinin elmi ənənələri ilə bağlı bir hadisəni də xatırlatmaq istəyirəm. 2012-ci il mayın 17-də AMEA Rəyasət Heyətinin binasında Ziyad Məmmədov və Atlıxan Xanməmmədovun həyatına və elmi fəaliyyətinə həsr edilmiş «Əkizlər» bədii-sənədli filminin təqdimatı keçirilmişdir. Həmin dövrdə Akademiyanın birinci vitse-prezidenti kimi tədbirdə mən də iştirak etmiş, çıxış edərək bu iki alimin ömür yolundan, elmi əməyindən danışmışdım. Adilə xanım filmin yaradıcı heyətinə və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdi. İndi o təqdimatı xatırlayanda bir ailənin müxtəlif nəsillərində elmə bağlılığın necə davam etdiyini düşünürəm. Adilə xanımın özünün fizikada keçdiyi yol həmin ailə tarixinin ayrıca və dəyərli səhifəsidir.
Onu da qeyd edim ki, Adilə xanım Fizika İnstitutunda da çalışırdı. O, elmi fəaliyyəti ilə yanaşı, institutun ictimai-mədəni həyatında fəal iştirak edir, Ümummilli Liderimiz Heydər Əliyevin anım günlərinə həsr olunmuş tədbirlərdə, azərbaycançılıq dəyərlərinin təbliği istiqamətində görülən işlərdə yaxından iştirak edirdi.
Adilə xanım həyatı sevirdi. O, həm də çalışdığı Fizika İnstitutunu, onun dəyərli kollektivini həyatı qədər sevirdi. Fizika İnstitutu onun üçün sadəcə iş yeri deyil, özünü doğma hiss etdiyi, mənəvi bağlılıq duyduğu bir mühit idi. Bu sevgi qarşılıqlı idi. Fizika İnstitutu da Adilə xanımı sevirdi. Onun əziz xatirəsi institutun kollektivinin, həmkarlarının və onu tanıyan insanların yaddaşında daim yaşayacaqdır.
Adilə xanımın vəfatından duyduğumuz dərin kədəri bölüşür, ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Akademik Arif HƏŞİMOV
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.