Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində və aqroemal sənayesinin xammal təminatında mühüm rol oynayan heyvandarlıq aqrar biznesin prioritet istiqamətlərindən biridir. Bu sahənin inkişafı yalnız heyvandarlıq məhsullarının istehsalından deyil, həm də yem bazasının yaradılmasından, emal və satış proseslərinin düzgün təşkilindən, maliyyə və insan resurslarından səmərəli istifadədən asılıdır.
Bunu açıqlamasında Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov bildirib.
Alim qeyd edib ki, heyvandarlıq sahəsində aqrobiznesin təşkili zamanı təsərrüfatların fəaliyyət miqyası, regional xüsusiyyətləri, istehsal imkanları və mövcud resursları kompleks şəkildə qiymətləndirilməlidir. Bu baxımdan maldarlıq təsərrüfatlarının fəaliyyətini dörd əsas model üzrə təsnifləşdirmək mümkündür. Birinci model yalnız heyvandarlıq istehsalını əhatə edir və “təchizat – istehsal – satış” prinsipi əsasında qurulur. İkinci model heyvandarlıqla əkinçiliyin birgə təşkilini, üçüncü model heyvandarlıq məhsullarının istehsalı ilə yanaşı emalını, dördüncü model isə yem bazasının formalaşdırılması, istehsal və emal proseslərinin vahid təsərrüfat sistemində birləşdirilməsini nəzərdə tutur.
Professorun sözlərinə görə, xüsusilə ikinci və dördüncü modellər iqtisadi səmərəlilik baxımından diqqətəlayiqdir. Belə ki, yaşıl ot, yonca və digər yem bitkilərinin təsərrüfatın özündə yetişdirilməsi bəzi heyvandarlıq məhsullarının maya dəyərinin 4-11 faiz azalmasına imkan verir. Bu, həm mənfəətin artmasına, həm də məhsulların daha rəqabətqabiliyyətli qiymətlərlə satışına şərait yaradır. İstehsal, yem təminatı və emal mərhələlərinin birləşdirildiyi kompleks təsərrüfat modelində isə bəzi məhsul növlərinin maya dəyərinin aşağı salınmasında 25 faizədək qənaət mümkündür. İstehsalla emalın əlaqələndirilməsi məhsulların çeşidinin genişləndirilməsinə, keyfiyyətinin yüksəldilməsinə və bazara təqdimat imkanlarının yaxşılaşdırılmasına da müsbət təsir göstərir. Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında bu istiqamətdə təşkil olunan təsərrüfatlarda emal mərhələsində məhsulların maya dəyərinin 2-6 faiz azalması müşahidə olunub.
O vurğulayıb ki, heyvandarlıq biznesinin təşkili zamanı fəaliyyət istiqamətinin düzgün seçilməsi də mühüm əhəmiyyət daşıyır. Maldarlıq, xırdabuynuzlu heyvandarlıq, quşçuluq və arıçılıq kimi sahələrin hər biri özünəməxsus istehsal və texnoloji xüsusiyyətlərə malikdir. Buna görə də təsərrüfatların ixtisaslaşması zamanı coğrafi mövqe, mövsümilik, regional imkanlar, seleksiya və baytarlıq amilləri nəzərə alınmalıdır. Heyvan xəstəliklərinin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi və sağlamlığın qorunması təsərrüfatların davamlı fəaliyyəti üçün vacib şərtlərdəndir. Alimin fikrincə, aqrar biznesin inkişafında maliyyə imkanlarının qiymətləndirilməsi və düzgün biznes-planların hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Təsərrüfatların öz maliyyə vəsaitləri kifayət etmədikdə güzəştli kreditlərdən və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə olunması, texniki təminatın yaxşılaşdırılması və əsas fondların yenilənməsi istehsal imkanlarını genişləndirə bilər. Bu zaman təsərrüfat binaları, avadanlıqlar, nəqliyyat vasitələri və digər istehsal vasitələrinə olan ehtiyaclar əvvəlcədən müəyyənləşdirilməlidir. Kompleks təsərrüfat modelinin tətbiqi ixtisaslı kadrların cəlb edilməsini də zəruri edir. Təchizat, marketinq, uçot, heyvanların saxlanılması və sağlamlığının qorunması üzrə peşəkar mütəxəssislərin fəaliyyəti idarəetmənin səmərəliliyini artırır. Eyni zamanda, işçilərin sosial tələbatının nəzərə alınması, əlverişli əmək şəraitinin yaradılması və onların əməyə həvəsləndirilməsi məhsuldarlığa müsbət təsir göstərir.
Onun sözlərinə görə, aqrar biznesin təşkilində inzibati-hüquqi amillər də mühüm rol oynayır. Təsərrüfatların qanunvericiliyə uyğun qeydiyyata alınması, vergi və digər tənzimləmə tələblərinə, baytarlıq və müvafiq fitosanitar qaydalara riayət edilməsi fəaliyyətin hüquqi və iqtisadi əsaslarını möhkəmləndirir. Alim hesab edir ki, heyvandarlıq təsərrüfatlarında bütün bu amillərin sistemli və kompleks şəkildə nəzərə alınması istehsalın iqtisadi səmərəliliyini, məhsulların rəqabət qabiliyyətini və təsərrüfatların davamlılığını artırmaqla aqrar sektorun inkişafına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.