Noyabrın 26-da qeyd olunan Ümumdünya İnformasiya Günü informasiyanın müasir cəmiyyətin inkişafında, ictimai düşüncənin formalaşmasında və milli dəyərlərin qorunmasında rolunu bir daha gündəmə gətirir. Müasir dövrdə informasiya yalnız məlumat əldə etmək vasitəsi deyil, həm də insanın dünyagörüşünün, milli özünüdərkinin və ictimai mövqeyinin formalaşmasına təsir göstərən mühüm amildir.
Bunu açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova Ümumdünya İnformasiya Günü ilə bağlı açıqlamasında bildirib. O qeyd edib ki, informasiya ilə bilik arasında mühüm fərq var. Hər bir məlumat insanı avtomatik olaraq bilikli etmir. Məlumatın biliyə çevrilməsi üçün onun təhlil edilməsi, müqayisə olunması və mahiyyətinin dərk edilməsi vacibdir. İnformasiya bolluğu şəraitində doğru ilə yanlışı ayırmaq, tənqidi düşünmək və müstəqil mövqe formalaşdırmaq xüsusi əhəmiyyət daşıyır. Bahar Məmmədovanın sözlərinə görə, informasiya məsələsinin mühüm istiqamətlərindən biri milli yaddaşın qorunmasıdır. Tarixi sənədlər, arxiv materialları, ədəbi və fəlsəfi irs, mətbuat nümunələri, eləcə də şifahi xalq yaradıcılığı xalqın tarixi yaddaşının əsas daşıyıcılarıdır. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi milli özünüdərkin möhkəmlənməsinə xidmət edir. O vurğulayıb ki, Azərbaycançılıq ideyası xalqın tarixi yaddaşını, dövlətçilik ənənələrini, ana dilini, mədəniyyətini və mənəvi dəyərlərini birləşdirən dünyagörüşüdür. Bu ideyanın yaşadılması üçün milli dəyərlər yalnız qorunmamalı, eyni zamanda elmi əsaslarla öyrənilməli, ictimaiyyətə düzgün çatdırılmalı və yeni nəslin mənəvi dünyasının ayrılmaz hissəsinə çevrilməlidir.
İnformasiya məkanında milli kimliyin qorunmasında Azərbaycan dilinin də xüsusi yer tutduğunu bildirən Bahar Məmmədova qeyd edib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi təcrübəsini və düşüncə tərzini yaşadan mənəvi sistemdir. Azərbaycan dilində elmi əsərlərin, informasiya resurslarının və elektron məlumat bazalarının zənginləşdirilməsi milli düşüncənin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. İnformasiya təhlükəsizliyinə toxunan institut rəsmisi bildirib ki, yanlış məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və ictimai rəyə məqsədli təsirlər bu məsələnin yalnız texniki deyil, həm də mənəvi və ictimai problem olduğunu göstərir. Öz tarixini və milli dəyərlərini dərindən tanıyan cəmiyyət informasiya təsirlərinə daha şüurlu yanaşmaq imkanına malik olur. O, süni intellektin inkişafının informasiya ilə insan düşüncəsi arasındakı münasibətlərə yeni məzmun gətirdiyini də diqqətə çatdırıb. Bu texnologiyalar məlumatların təhlili və biliklərin sistemləşdirilməsi üçün geniş imkanlar yaratsa da, insanın düşünmək, qərar vermək və etik prinsipləri qorumaq məsuliyyətini əvəz etmir. Bu baxımdan Azərbaycan dilində məlumat bazalarının zənginləşdirilməsi, milli elmi və ədəbi irsin elektron resurslarda qorunması, tarixi və fəlsəfi irsin etibarlı mənbələr əsasında təqdim olunması vacibdir.
Bahar Məmmədova vurğulayıb ki, elmi müəssisələr, ali təhsil ocaqları, kitabxanalar, arxivlər və media subyektləri milli fəlsəfi irsin öyrənilməsi, azərbaycançılıq ideyasının nəzəri əsaslarının araşdırılması və elmi nəticələrin ictimaiyyətə çatdırılması istiqamətində mühüm rol oynayırlar. Onun sözlərinə görə, informasiya məkanının fəlsəfi mahiyyəti insanı yalnız məlumatlandırmaqda deyil, həm də düşündürməkdədir. Məlumatın çoxluğu həqiqətin dərk edilməsi demək deyil. Tarixi yaddaşa sədaqət, milli dəyərlərə şüurlu bağlılıq və intellektual müstəqillik informasiyanın mənəvi məzmununu müəyyənləşdirən əsas amillərdir.