Balakən rayonu ərazisində vaxtilə mükəmməl memarlıq nümunəsi olan bir neçə məscid binası mövcud olub. Təəssüf ki, onlardan yalnız Katex kəndinin Qarahacılı məhəlləsində yerləşən məscid günümüzədək qorunub saxlanılıb. Kortala kəndindəki eyni quruluşlu məscid heç bir məlumat verilmədən dağıdılıb, yerində kərpic və mişar daşından yeni məscid binası inşa edilib. Hənifə kəndində də eyni proses baş verib.
Bu barədə AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. Onun sözlərinə görə, XIX əsrdə yerli memarlıq üslubunda inşa edilən bu məscidlərin hər birinin üzərində dərin məna daşıyan kəlamların həkk edildiyi kitabələr olub. Təəssüf ki, həmin kitabələr də qəsdən və ya məsuliyyətsizlik üzündən “itirilib”. Bu məscidlər tarixi memarlıq abidələri olmaqla yanaşı, milli sərvətimizin bir parçası idi.