AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərova “Sözün tarixi” elektron leksikoqrafiya saytını (khadijaheydarova.github.io) istifadəyə verib.
Saytda müəllifin özünün tərtib etdiyi “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” (3 cild), “Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti”, “Heydər Əliyevin siyasi dilinin lüğəti” və “Leksikoqrafiya terminlərinin izahlı sözlüyü”, həmçinin üç monoqrafiyası yerləşdirilib. Bundan əlavə, Dilçilik İnstitutunun kollektiv əsərləri – X.Heydərovanın layihə rəhbəri və həmmüəllifi olduğu üçcildlik “Türk mənşəli arxaizmlər lüğəti” və məsul redaktoru olduğu “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” də sayta daxil edilib.
Ümumilikdə 17 minə yaxın söz eyni anda bütün lüğətlərdə axtarılır, nəticələr mənbələr üzrə göstərilir, hər maddədə mənbəyə tam istinad verilir. Saytdan pulsuz və qeydiyyatsız istifadə etmək mümkündür. Sayt dil tarixi, leksikologiya və leksikoqrafiya, klassik ədəbiyyat və mətnşünaslıq üzrə tədqiqatçılar, ali məktəb müəllimləri, magistrant və doktorantlar, tələbələr, tərcüməçilər, eləcə də ana dilimizin tarixinə maraq göstərən bütün oxucular üçün nəzərdə tutulub.