Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Elmir Babayev: Gənc alimlərin potensialının reallaşdırılması üçün müasir tədqiqat mühiti vacibdir
24.11.2026 14:46
  • A-
  • A
  • A+

Elmir Babayev: Gənc alimlərin potensialının reallaşdırılması üçün müasir tədqiqat mühiti vacibdir

Gənc alimlər elmin yenilənməsi, müasir tədqiqat istiqamətlərinin inkişafı və yeni elmi yanaşmaların formalaşmasında mühüm potensiala malikdirlər. Bu potensialın üzə çıxarılması üçün gənc tədqiqatçılara yalnız elmi fəaliyyət göstərmək imkanı yaratmaq deyil, həm də onların təşəbbüslərini dəstəkləyən, təcrübə qazanmasına və peşəkar inkişafına şərait yaradan mühit formalaşdırmaq vacibdir.

Bunu açıqlamasında AMEA Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev bildirib. Onun sözlərinə görə, gənc tədqiqatçıların elmi fəaliyyətində qarşılaşdıqları əsas məsələlərdən biri tədqiqatların aparılması üçün zəruri imkanlara çıxışın təmin edilməsidir. Müasir laboratoriya avadanlıqları, elmi məlumat bazaları, tədqiqatların maliyyələşdirilməsi, beynəlxalq elmi nəşrlərdə iştirak və elmi nəticələrin tanıdılması gənc alimlərin inkişafına təsir edən mühüm amillərdəndir. Bu baxımdan gənc alimlərin elmi layihələrdə iştirakının genişləndirilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi və təcrübəli alimlərlə əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Elmi fəaliyyətin ilkin mərhələsində olan tədqiqatçıların düzgün istiqamətləndirilməsi, onların ideyalarının layihələrə çevrilməsi və nəticələrinin elmi ictimaiyyətə təqdim olunması gələcək uğurlar üçün zəmin yaradır.

E.Babayev qeyd edib ki, Azərbaycan elminin beynəlxalq elmi məkanla əlaqələrinin genişləndirilməsi gənc alimlərin qarşısında yeni imkanlar açır. Xarici elmi müəssisələrlə birgə tədqiqatların aparılması, beynəlxalq konfrans və simpoziumlarda iştirak, elmi mübadilə proqramlarına qoşulmaq gənc tədqiqatçıların bilik və təcrübəsinin artırılmasına xidmət edir. Beynəlxalq əməkdaşlıq, eyni zamanda, Azərbaycan alimlərinin tədqiqat nəticələrinin dünya elmi ictimaiyyətinə təqdim olunması baxımından da əhəmiyyətlidir. Gənc alimlərin xarici həmkarları ilə birgə layihələrdə iştirakı yeni elmi əlaqələrin qurulmasına, qabaqcıl tədqiqat metodlarının mənimsənilməsinə və yerli elmi potensialın beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır. Hazırda süni intellekt, rəqəmsallaşma və böyük verilənlərin emalı elmi tədqiqatların aparılması üsullarını dəyişdirən əsas istiqamətlər sırasındadır. Bu texnologiyalar məlumatların daha sürətli təhlilinə, mürəkkəb elmi problemlərin araşdırılmasına və yeni tədqiqat yanaşmalarının formalaşdırılmasına imkan verir.

O bildirib ki, gənc alimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, süni intellekt alətlərindən elmi məqsədlərlə düzgün istifadə etməsi və yeni texnologiyaları tədqiqat prosesinə inteqrasiya etməsi müasir elmin tələblərindən biridir. Bununla yanaşı, elmi araşdırmalarda akademik dürüstlük, məlumatların etibarlılığı və tədqiqat etikası prinsiplərinin qorunması da diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, gənc alimlərin fəaliyyətinin qiymətləndirilməsində yalnız elmi məqalələrin və tədqiqatların sayı deyil, əldə olunan nəticələrin cəmiyyətə və iqtisadiyyata verdiyi töhfə də mühüm göstəricidir. Elmi nəticələrin istehsalatda tətbiqi, innovativ texnologiyaların hazırlanması, elmi ideyaların startap layihələrinə çevrilməsi elmlə real sektor arasında əlaqələrin gücləndirilməsini tələb edir. Bu istiqamətdə gənc tədqiqatçıların sənaye müəssisələri, texnologiya mərkəzləri və digər elmi qurumlarla əməkdaşlığının genişləndirilməsi əhəmiyyətlidir. Belə əməkdaşlıq həm elmi nəticələrin praktiki tətbiqini sürətləndirə, həm də gənc alimlərin tədqiqatlarının real ehtiyaclara uyğun istiqamətləndirilməsinə kömək edə bilər.

AzərTac

  • Paylaş: