Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

17.11.2026 11:46
  • A-
  • A
  • A+

7 qapını açıb keçən şeiriyyət

7 qapını açıb keçən şeiriyyət

Fərdi və sosial harmoniyanın poetik vəhdəti

İnsanın qəribə taleyi var: dünyaya hakim olmaq imkanları genişləndikcə, özünə hakim olmaq problemi daha da mürəkkəbləşir. Qloballaşma insanları eyni informasiya məkanına gətirir, virtuallaşma ünsiyyəti görünməmiş dərəcədə artırır, lakin bunların heç biri öz-özlüyündə mənəvi yaxınlıq yaratmır. Bəlkə də çağdaş sivilizasiyanın ən böyük paradoksu elə budur: insan dünyanı dəyişməkdə fövqəladə güc qazanıb, özünü dəyişməkdə isə əvvəlki qədər çətinlik çəkir. Bu halda tərəqqinin meyarı nədir? Daha çox istehsal etmək, daha sürətlə yaşamaq, yoxsa daha yaxşı insan ola bilmək?

Yaşar Qarayevin Şərq və Qərb tərəqqi modellərinə dair düşüncələrindən çıxış etdikdə mühüm bir fəlsəfi fərq görünür: Qərb sosial təşkilatlanmasının müəyyən modelində kamil fərdlər olmadan da kamil cəmiyyət qurmağın mümkünlüyü qəbul edilir; Şərq müdrikliyinin mənəvi kamillik xəttində isə cəmiyyətin kamilliyi fərdin daxili mənəvi-əxlaqi kamilləşməsindən başlanır. Birində nizamı təmin edən institutların mükəmməlliyi ön plana keçir, digərində insanın vicdanı. Bu qarşılaşdırma insanla cəmiyyət arasındakı səbəbiyyətin istiqamətini dəyişən 2 düşüncə modelini görməyə imkan verir. Axı nizamsız adamların qurduğu ən mükəmməl sosial mexanizm nə qədər davam gətirə bilər?

Nazim Aslanın “Yeddi qapı” poemasını oxuduqca bu sual məni yenidən düşündürdü. Əsərdə bir-birinin ardınca açılan hər qapı əvvəlkini tamamlayır, sonrakına zəmin hazırlayır, nəhayət, bütün yollar bir pərdədə qovuşur. Müəllif xalq təfəkküründən gələn son dərəcə tanış obrazlara elə yeni kompozisiya verir ki, qədim hikmət müasir insanın özünüdərk dramına çevrilir. Poemanın bədii uğuru məhz bu çevrilmədədir.

“Yeddi qapı”da xalqın min illərlə sınadığı yol, qapı, qoca, sirr və 7 rəqəmi insanın daxili mənəvi bütövlüyünü anlamağa xidmət edən fəlsəfi işarələr sisteminə çevrilir.

Folklorda yol çox vaxt coğrafi hərəkətdən daha artıq məna daşıyır. Nağıl qəhrəmanı evdən çıxır, naməlum məkanlara keçir, sınaqlardan adlayır, müdrik qocanın sözünü eşidir və geri dönəndə artıq əvvəlki adam olmur. Yol onu dəyişir. Qapı isə həmin dəyişmənin sərhədidir: bir tərəfdə əvvəlki bilik, o biri tərəfdə hələ mənimsənilməmiş təcrübə dayanır. Nazim Aslanın qəhrəmanı da yuxuda sehrli bir yola çıxır; qarşısında açılan 7 qapı insan ömrünün müxtəlif mənəvi vəziyyətləridir. Burada qapıdan keçmək yeni bir otağa daxil olmaq yox, insan haqqında yeni bir həqiqəti öz təcrübənə çevirməkdir. Beləliklə, folklorun sınaq modeli mənəvi özünüdərk modelinə yüksəlir:

Bir səs eşidildi: Öz yolunu seç,

Bu yeddi qapıdan keçməlisən sən.

Amma hər qapıdan tək bir dəfə keç,

Açsan hər qapının sirrini əhsən..

“Tək bir dəfə” şərti xüsusilə düşündürücüdür. Ömrün geri qaytarılmayan zaman olduğunu bir neçə kəlmə ilə bundan aydın necə ifadə etmək olar? 7 rəqəmi xalq yaddaşında bütövlük və tamamlanma işarəsidir. Ancaq şair 7 qapını tamamlayandan sonra daha bir maneə yaradır. Deməli, ömrün bütün mərhələlərindən keçmək hələ onun mənasını tapmaq deyil. Həyat yaşanır, amma yaşanmış həyatın hökmü sonra verilir.

1-ci qapı bəxt və qismətdir, 2-ci qapı zəhmət. Bu ardıcıllıq təsadüfi görünmür. İnsan dünyaya hansı ailədə, hansı zamanda, hansı imkanlarla gələcəyini seçmir; lakin həmin şərtlər daxilində öz yolunu seçə bilir. Tale insanın başlanğıcıdır, bütün bioqrafiyası deyil. Müəllif bunu xalq müdrikliyinin təbii ahəngi ilə ifadə edir:

Bəxtin bağladığı bir qapı varsa,

Zəhmətin açdığı min bir qapı var.

Burada zəhmət yalnız maddi uğurun vasitəsi deyil, insanın taleyə münasibətinin mənəvi formasıdır. Əgər insan hər şeyi qismətin üzərinə qoysa, əməlinin məsuliyyətindən də imtina etmiş olar. Halbuki mənəvi kamillik seçimin mümkünlüyündən başlanır. Şairin ağac əkmək, yol çəkmək, körpü tikmək haqqında obrazları bu fikri daha da genişləndirir: insan əməyinin bəhrəsini həmişə özü görmür; bəzən onun yaratdığı nemət gələcək nəsillərin həyatında davam edir. Beləcə, fərdi zəhmət sosial yaddaşa çevrilir və poemanın sonrakı ömür fəlsəfəsi ilk qapılarda görünməyə başlayır.

Var-dövlət qapısında başqa bir çevrilmə baş verir. Sərvət kimin əlində nə qədər toplandığı ilə deyil, hansı münasibətə daxil olduğu ilə qiymət qazanır. Bir tikə çörəyini ac adamla bölüşən qoca, əslində, sərvətin məzmununu dəyişir: sahiblikdən səxavətə, toplamaqdan bölüşməyə keçid baş verir. Maddi nemət mənəvi dəyərə yalnız insan münasibətlərində çevrilir. Mənəvi zənginliyin paradoksu da buradadır: maddi sərvət verildikcə azala bilər, xeyirxahlıq isə paylaşıldıqca çoxalır.

Sevgi qapısı həmin düşüncəni insan münasibətlərinin daha həssas müstəvisinə keçirir. Şair yazır:

Sevmək - sahib olmaq demək deyildir,

Sevmək - bir ürəyə sahib olmaqdı.

Bu 2 misranın zahiri oxşarlığında incə bir fəlsəfi gərginlik yaşayır: sahib olmaqla ürəyə yol tapmaq eyni şeydirmi? Sevgi məhz bu sərhəddə sınağa çəkilir, sevgi ilə elm ayrı qapılardan keçsə də, bir-birini tamamlayır. Elm dünyanı tanımağa, hikmət biliyin mənəvi istiqamətini müəyyənləşdirməyə, sevgi isə həmin biliklə insan arasında canlı bağlılıq yaratmağa xidmət edir.

“Elm” ilə məlumat, həm bilik qazan,

“Hikmət”lə biliyi idarə et sən.

Müasir dünyanın ən ciddi suallarından biri burada yenidən səslənir: bilmək yaxşılıq etmək deməkdirmi? Elmi kəşf insanı xilas da edə bilər, məhv də. Fərq bilikdə deyil, onun hansı məqsədə yönəldilməsindədir. Deməli, elm qüdrət, hikmət istiqamət, sevgi isə insanilik ölçüsüdür. Onlardan biri digərini əvəz etmir. Mənəvi harmoniya məhz bu müxtəlif imkanların bir şəxsiyyətdə bir-birini tənzimləməsindən doğur.

Müəllif şöhrət və şərəf qapısında müəllif ictimai tanınma ilə mənəvi dəyər arasındakı sərhədi müəyyənləşdirir:

“Şöhrət” bir zirvədir, çətindir qalxmaq,

“Şərəf” o zirvədə “İnsan” qalmaqdır.

Bu misraların təsir gücü şöhrəti inkar etməməsindədir. Şöhrət yüksəlişdir, şərəf həmin yüksəklikdə özünü itirməmək qabiliyyəti. İnsan başqalarının nəzərində böyüdükcə, öz vicdanının nəzərində kiçilə bilər. İnsanın qanadlarını qıran sərvət, şöhrət, yaxud arzu deyil; onlardan başqa heç nə görməyən mənəvi korluqdur.

7-ci qapı sağlam ömürdür. Sağlamlığın insanın başındakı görünməz tac olması haqqında məşhur hikmət burada başqa bir həqiqətlə tamamlanır: yaşamaqla ömür sürmək, ömür sürməklə mənalı yaşamaq eyni deyil. Bioloji zaman hamı üçün irəli gedir, mənəvi zaman isə insanın başqalarının taleyində buraxdığı izlə ölçülür. Poemadakı “Ömür, yaşatdığın canların cəmi” hökmü ömrü təqvimdən çıxarıb sosial yaddaşa daxil edir. İnsan öz illərinin sayından daha böyük, yaxud daha kiçik ola bilər. Onun fiziki mövcudluğu sona çatanda da etdiyi yaxşılıq, yetişdirdiyi insan, qoruduğu ümid yaşamağa davam edə bilər. Bu mənada, mənəvi bioqrafiya bioloji tərcümeyi-haldan daha uzunömürlüdür.

7 qapı tamamlanır. Amma qəhrəmanın qarşısına ağ-qara pərdə çıxır. Əsərdə bütün hərəkətlər, sanki, bu səhnəyə hazırlıq imiş. Şərq poetik düşüncəsində pərdə görünənlə gizlənən, zahirlə batin, bilinənlə hələ dərk olunmayan həqiqət arasında sərhəd yaradır. Təsəvvüfü məna qatında pərdənin qalxması zahiri bilikdən daxili idraka keçid kimi də oxuna bilər. Nazim Aslanda bu simvol son dərəcə konkret mənəvi məzmun qazanır: pərdə insanın vicdanıdır:

Səs dedi: Bu pərdə istəmir heç nə,

Nə şöhrət, nə qüdrət, nə də mükafat.

Bu pərdə soruşur: Yaşadın necə?

Necə insan oldun, yaşayıb həyat?

Bu səhnədə vicdan 8-ci qapı kimi əvvəlkilərin sırasına əlavə edilmir, bütün qapıların mənasını yoxlayan son meyardır. Zəhmət nə üçün çəkilib? Sərvət kimə xidmət edib? Sevgi başqasının azadlığını tanıyıbmı? Elm insanlığı ucaldıbmı? Şöhrət şərəflə tamamlanıbmı? Ömür kimlərin həyatına işıq salıb? 7 qapı insanın nə qazandığını göstərirdisə, pərdə həmin qazanclarla necə insan olduğunu soruşur. Vicdan dəyərlərdən biri deyil, onların mənəvi həqiqiliyini müəyyənləşdirən daxili məhkəmədir. Ağ və qaranın qarşılaşması da insanın xeyirlə şər arasında etdiyi seçimlərin simvolik mənzərəsidir.

Finalda pərdə arxasındakı qocanın qəhrəmanın özü olduğu aydınlaşır. O, bütün ömrü boyu dünyanı tanıyıb, amma özünü tanımağa vaxt ayırmayıb. Əsərin ən sarsıdıcı həqiqəti budur: insan bəzən həyatın bütün qapılarını açır, özünə açılan qapını isə ömrün sonunda görür. Bu son qarşılaşmada yolun məkanı da dəyişir; artıq insan dünyanı deyil, yaşadığı dünyadakı öz mənəvi yerini dərk etməyə çalışır:

Bəli, bu mən idim, baxdım üzümə.

Bu qoca tanışmı, yadmı bu qoca?

Dünyanı tanıdım, amma özümə,

Zaman ayırmadım ömür boyunca.

İnsan kimdir? Taleyinin məhsulu, zəhmətinin nəticəsi, topladığı sərvət sevgilərinin cəmi, bildiklərinin miqdarı, qazandığı şöhrət, yaşadığı illərin sayıdırmı? Bəlkə bütün bunların heç biri ayrılıqda insan deyil, onların bir-birinə münasibətindən doğan mənəvi bütövlükdür insan? Bəlkə insanın əsl kimliyi özündə saxladıqlarında yox, özündən kənara ötürdüklərində, etdiyi yaxşılıqlarda, öz gücünü məhdudlaşdıran vicdanında görünür? Yaşar Qarayevin şəxsiyyətin mənəvi meyar olması ilə bağlı düşüncə xəttini yada salanda Nazim Aslanın poemasının mənası daha aydın görünür: insanın qiyməti malik olduğu nemətlərin cəmində deyil, həmin nemətləri necə bir şəxsiyyətə çevirməsindədir.

Buradan əsərin bütöv fəlsəfi modeli görünür. Qismət insanın başlanğıc şərti, zəhmət onun yaradıcı iradəsi, sərvət sosial məsuliyyəti, sevgi başqasına açılması, elm idrak qüdrəti, hikmət həmin qüdrətin mənəvi istiqaməti, şərəf ictimai yüksəlişin əxlaqi ölçüsü, ömür isə bütün bunların zaman daxilində gerçəkləşməsidir. Vicdan bu dəyərləri bir-birinə bağlayaraq fərdin mənəvi-əxlaqi harmoniyasını yaradır. Fərdin içində yaranan bu harmoniya başqaları ilə münasibətlərə keçdikcə sosial məzmun qazanır. Cəmiyyətin mənəvi bütövlüyü yalnız kənardan tətbiq edilən nizamla deyil, həmin nizamın daxilində yaşayan insanların bir-birinə münasibətində də qurulur.

Nazim Aslanın “Yeddi qapı” poemasını oxuyub son səhifəni çevirəndən sonra insanın yadında 7 öyüd yox, 1 böyük sual qalır: ömrün sonunda özünlə üz-üzə dayananda hansı cavabı verəcəksən? Şairin bədii tapıntısı budur ki, bu sualı mücərrəd nəsihətə çevirmir; onu folklorun yol yaddaşından keçirir, qapılara bölür, hikmətli qocaların dilində səsləndirir və nəhayət, ağ-qara pərdənin arxasında insanın öz surəti ilə qarşılaşdırır. Dünya fəth oluna bilər, zaman sürətləndirilə bilər, sərvət toplana, şöhrət qazanıla, bilik sonsuz dərəcədə artırıla bilər. Amma bütün bunların fövqündə bir həqiqət qalır: insan özündən qaça bilmir. Onun ən uzaq səfəri də sonda öz vicdanına qayıdır. “Yeddi qapı”nın mənəvi fəlsəfəsi məhz budur: dünyaya açılan bütün qapıların açarı axırda insanın öz vicdanında tapılır.

Sərxan XAVƏRİ,

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri,

filologiya elmləri doktoru

“Xalq qəzeti”

  • Paylaş: