III SİLSİLƏ
IV MƏQALƏ
“Forma”dan “dövr”ə
Azərbaycançılığın əsas prinsiplərinin adekvat fəlsəfi dərki (bizim yanaşma aspektində) üçün əsas epistemoloji məqam bununla bağlıdır. Çünki C.S.Braun məntiqində bütövlükdə elmi idraka aid edilən və o kontekstdə dərk olunan “forma”nı necə konkret elm sahələri üzrə təfəkkürün dövrləşdirilməsinə rasional proyeksiya etməyin səmərəli koqnitiv mexanizmlərini müəyyən etməyə “şüuri pəncərə” açılır. Biz əsasən akademik İsa Həbibbəyli yanaşmasında ədəbiyyatın dövrləşdirilməsində istifadə olunan “dövr” anlayışının təhlilinə fokuslanacağıq.
Bu yanaşma çərçivəsində, ümumiyyətlə, “forma” “müəyyən tarixi mərhələ” ifadəsinə proyeksiya edilir. Ancaq bu, “terminoloji miqrasiya” baxımından son məqsəd deyildir. Konsepsiyada o, aralıq koqnitiv mərhələni xarakterizə edir. Çünki ümumiyyətlə, “idraki forma”dan tarixi aspektə konseptual keçid olur və onun bünövrəsində müəyyən sferadakı idraki (koqnitiv) fərqləndirmə mexanizmi dayanır. Əyani şəkildə bu, formadan tarixi mərhələyə keçidin müəyyən dövr daxilində elmi təfəkkürün təkrar fərqləndirilməsi (re-entry) metodunun tətbiqi deməkdir.
Beləliklə, elmi təfəkkürün dövrləşdirilməsi konsepsiyasının xüsusi ümumidraki konteksti mövcuddur və ayrıca məntiqi yanaşma prizmasında izah oluna bilər. Re-entry-nün bir neçə metodoloji xüsusiyyətini vurğulayaq.
Elmi təfəkkürün özünüdərki
İdraki situasiyaya təkrar daxilolma (re-entry) mahiyyətcə, təfəkkürün özünümüşahidəsinin bir əlamətidir. Bunun üçün təfəkkür həmən bunu edə bilmir. Müəyyən zaman keçməlidir ki, əvvəlki situasiyanı şüur təcrübə kimi qəbul etsin (və ya yadda saxlasın). Bu baş versə, onda dərkedən (subyekt) yenidən əvvəlki situasiyaya koqnitiv daxil olmaqla özünün oradakı mövcudluğuna tənqidi baxır. Bu, müasir fəlsəfədə “fərqlilikləri yenidən fərqləndirmək deməkdir. Deməli, re-entry elmi təfəkkürün daxili tələbatından yaranan və keçilmiş situasiyaya yenidən baş vurmaqla özünü yenidən “müşahidə etmək” imkanı əldə etməklə sıx əlaqəlidir.
İkincisi, dərketmə situasiyasına təkrar baş vurmaq öncəki mərhələdə elə kriteriyaları, koqntivi vahidləri təsbit etmək deməkdir ki, idrakın sonrakı mərhələsi üçün müəyyənedici və istiqamətverici faktor rolunu oynaya bilsin.
Üçüncüsü, re-entry şüurun mərhələləri arasında bağlantıları təmin etməlidir və hər növbəti mərhələ öncənin təkamülü, davamı və ya inkişafı statusunda qəbul olunmalıdır. Bu isə şüurun tarixiliyi ilə dövrün tarixiliyi və baxılan sahənin mərhələliyi anlamları arasında məntiqi və məzmun əlaqələrinin mövcudluğu məsələsini aktuallaşdırmaq deməkdir.
Biz mürəkkəb fəlsəfi və sinergetik mahiyyət kəsb edən bu qəliz koqnitiv dinamikanın konseptual aspektdə təhlilini burada dayandırırıq. Onun təhlili daha geniş kontekst və sırf fəlsəfi-elmi yanaşma tələb edir. Burada biz baxılan dövrləşdirmə konsepsiyasının tətbiqi dərki üçün əhəmiyyətli saydığımız məqamlar üzərində dayanaq.
Azərbaycançılığın elmi dövrləşdirilməsi
Qarşıya qoyulan elmi məqsəddən asılı olaraq eyni tarixi mərhələdə təfəkkürün dövrləşdirilməsində əsas prinsip olaraq fərqli parametrləri seçmək olar. Dövrləşdirmədə başlıca kriteriyaları dövlətçilik, məfkurəçilik, sivilizasiyalılıq, tarixi mərhələnin real elmi mühiti kimi faktorlardan ibarət olursa, Azərbaycan üçün azərbaycançılıq ideya, anlayış, konsept və konsepsiya kimi mərkəzi yer tuta bilər. Çünki bu yanaşmada elmi əsaslılıqla onun sosial-mədəni və siyasi aspektlərə münasibəti ön sıraya çıxarılır. Re-entry bu prosesin sadəcə koqnitiv sübutluluğu funksiyasını yerinə yetirir. Yəni elmi təfəkkür re-entry vasitəsilə artıq mövcud olan fərqliliyi (baxdığımız konsepsiyada azərbaycançılığı) sonrakı mərhələnin xüsusiyyətləri prizmasında “yenidən fərqləndirir”. Nəticədə iki idraki mərhələnin daxili bağlantısı təmin edilir və onun başlıca müəyyənedici prinsipi dəqiqləşir. Bu, baxdığımız nümunədə azərbaycançılıqdır.
Onu dəqiq bilmək lazımdır ki, burada hər hansı etik mənsubluqdan söhbət getmir, çünki həmin məsələ qədim dövlətçiliyi olan cəmiyyətdə birdəfəlik müəyyən edilmişdir. Onun söz ifadəsi “Azərbaycan türk dövlətidir”. Azərbaycançılıq bu əbədi həqiqətin hər tarixi mərhələdə mənəvi, mədəni, ideoloji identikliyini istiqamətləndirən əvəzolunmaz ideya, konsept, konsepsiya və prinsipdir. Deməli, azərbaycançılıq özünün hər təsdiq halında baş tezis olan “Azərbaycan müstəqil dövlətdir” şüuri təcrübəsini yenidən təsdiqləyir, onu bu keyfiyyətdə elmi təfəkkürün tədqiqat predmetinə çevirir.
Bununla azərbaycançılıq dövrləşdirmənin mənəvi-milli istiqamətini formalaşdırır. Məfkurəvilik onun məzmun və məqsədinin “kompası”dırsa, sivilizasiya faktoru bilik və metod çərçivəsini dünya miqyasına proyeksiya etmənin başlıca şərti kimi çıxış edir. Onların semantik sintezi və funksional səmərəsi baxılan konsepsiya prizmasında humanitar elmi təfəkkürün dövrləşdirilməsini milli və ümumbəşəri kontekstdə əsaslandırmağa imkan yaradır.
Elmi təfəkkürün dövrləşdirilməsi konsepsiyası üçün vurğuladığımız xüsus mərkəzi mövqeni ifadə edir. Onun əyani dərk edilməsi üçün konsepsiyada müəyyən edilmiş ədəbiyyat tarixinin 10 mərhələsinin hər birində azərbaycançılığın ifadə formasını müəyyənləşdirməyə çalışaq. Öncə vurğulayaq ki, bu məqalədə məsələnin fəlsəfi və konseptual aspektinə tam nəzər sala bilməyəcəyik. Onun üzərində çox ümumi formada dayanmalı olacağıq.
I mərhələ: Etnosdan-eposadək (ən qədim dövrlərdən VII əsrə qədər).
Dövrəşdirmə konsepsiyasında birinci mərhələ azərbaycançılıq kontekstində aşağıdakı kimi xarakterizə olunur: Azərbaycançılıq əsasən etnik kollektiv yaddaşın qorunması, torpağa və məskunlaşma ərazisinə bağlılıq, mifoloji şüurun dominantlığı, kollektiv qəhrəmanlıq haqqında təsəvvürlərin həyat tərzinin müqəddəs dəyəri kimi reaktuallaşdırılması, dilin birləşdirici və toplumyaradıcı funksiyasının inkişafı sayəsində özünü mövcud mədəniyyətin xüsusiyyətləri çərçivəsində davamlı olaraq təsdiqləyir.
Qnoseoloji (və ya fəlsəfi-epistemoloji) kontekstdə vurğulanan özəlliklər ilkin mərhələdə azərbaycançılığın protoformalarından, ilkin mədəni və kollektiv kimlik kodlarının axtarışından bəhs etməyin mümkünlüyünü ifadə etdiyini deyə bilərik.
II mərhələ: ortaq başlanğıc dövr (VII-X əsrlər).
Dövrləşdirmə konsepsiyasında azərbaycançılığın II mərhələdə başlıca konseptual xüsusiyyətləri aşağıdakı dörd tezisin semantikasında təqdim edilir:
– Milli kimlik yazıda ifadə olunan və bu formada qorunan, sonrakı nəsillərlə dəyişməz olaraq ötürülməli olan ümumAzərbaycan mədəni dəyəri səviyyəsində dərk edilir. Bu, azərbaycançılığın konseptuallaşdırılmasında ciddi bir addımdır;
– Təfəkkürlə dil arasında məntiqi və məna bağlantıları yeni səviyyəyə yüksəlir, bu bağlantının ifadə forması ədəbi linqvistikada sabitləşir. Bu, ikinci mühüm konseptual özəllikdir;
– Bu mərhələdə proses, dövrləşdirmə konsepsiyasına görə, bununla məhdudlaşmır; bütövlükdə Azərbaycan ədəbi təfəkkür ənənəsi sistem halını almağa başlayır.
Bu ümumi konseptual yeniliklər öz növbəsində dövrləşdirmədə daha ümumi bir tezisin fonunda dərk edilməlidir: “ortaq başlanğıc”! Həmin ümumi ifadə azərbaycançılığın dövlətçilik kontekstində adekvat dərki üçün həqiqi anlamda elmi tapıntıdır. Çünki bu termində Azərbaycanın müəyyən tarixi mərhələdə daxili tarixi, sosial-mədəni mühiti ilə türk-müsəlman sivilizasiyası kontekstinin qarşılıqlı əlaqəsinin ortaq semantik xüsusiyyəti yığcam ifadə olunmuşdur. Yəni “ortaq başlanğıc” dövrləşdirmə konsepsiyasında adi bədii və ya sırf nəzəri anlamı olan termin deyildir; özünün fəlsəfi-epistemoloji çalarlı mənası olan anlayış və hətta ideyadır!
III mərhələ: İntibah dövrü (XI-XII əsrlər).
Bu mərhələdə azərbaycançılıq dövrləşdirmə konsepsiyasında dil və bədii ifadə formasının yeni səviyyəyə yüksəlməsi fonunda estetik yüksəlişin baş verməsi kimi xarakterizə olunur. Onun mühüm aspektlərindən biri humanizmin xüsusi yer tutması ilə bağlıdır. Yekun olaraq isə bu semantik yeniləşməni mədəni ideya və intellektual inkişafın bir mərhələsi kimi dərk etmək olar ki, onu ümumi olaraq azərbaycançılığın ədəbi-bədii təfəkkürü nümunəsində mədəni kontekstdə özünüdərkdə keyfiyyətcə yeni mərhələyə qalxması kimi xarakterizə etmək olar.
IV mərhələ: Orta əsrlər (XIII-XVI əsrlər).
Bu mərhələ artıq ən ümumi səviyyədə dövrləşdirmə konsepsiyasında klassik milli ədəbiyyatla mədəni suverenliyin vəhdəti kimi təqdim edilir. Özlüyündə azərbaycançılıq baxımından mühüm bir idraki keçiddir. Onun əsas elementləri kimi aşağıdakılar göstərilir:
– Klassik ədəbi ənənənin dövrün (burada “dövr” anlayışı dövrləşdirmə konsepsiyası çərçivəsində “forma”nın bədii-ədəbi təfəkkür miqyasında konkret məzmunlaşması aspektində dərk edilir) şərtləri daxilində oturuşması;
– Dövlətçilik mədəniyyətinin azərbaycançılıq prizmasında təkamülü;
– Ana dilinin sosial-mədəni və idarəetmədə yeri və rolunun möhkəmlənməsi;
– Dini düşüncə ilə milli şüurun sintezi istiqamətində axtarışların getdikcə güclənməsi.
V mərhələ: erkən realizm və maarifçiliyin başlanğıcı (XVII-XVIII əsrlər).
Bu mərhələni konsepsiya çərçivəsində ümumi olaraq, “maarifçi oyanış dönəmi” kimi xarakterizə etmək olar. Onun başqa bir aspekti isə “sosial dirçəliş” prosesi ilə bağlıdır. Bu mərhələdə əsas faktorlar kimi təhsil və tərəqqi ideyası fonunda cəmiyyətin tənqidi ilə xalqı maarifləndirməyin sintezində azərbaycançılığı dərk etməklə əlaqəlidir. Konsepsiyada onun başlıca reallaşma mexanizmi kimi ədəbiyyatın ictimai funksiyasının ön plana çıxması müəyyən edilir. Bizcə, bu, dəqiq bir təsnifdir. Həmin dövrdə Azərbaycan maarifçiliyinin Avropa maarifçiliyindən başlıca fərqi məhz vurğulanan məqamdadır. Yəni Avropada maarifçilik əsasən fəlsəfi-elmi semantika ilə “yüklü” idisə, Azərbaycanda bu funksiyanı ədəbiyyat yerinə yetirirdi.
VI mərhələ: maarifçi realizm dövrü (XIX əsr).
Bu mərhələdə azərbaycançılığın konseptual səviyyədə məna kəsb etməsinə milli maarifləndirmədən qaynaqlanan milli tərəqqi ilə modern milli şüurun yetkinləşməsinin sintezi ciddi təsir edir. Həmin prosesin mərkəzində ana dili və milli kimlik arasındakı sıx əlaqələrin dərk edilməsi dayanır. Onun fonunda cəmiyyətin sosial-mədəni yeniləşməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün bunların cəmiyyətə proyeksiyası olaraq sosial ədalətlə vətəndaşlıq ideyalarının harmoniyası məsələsi aktuallaşır.
VII mərhələ: tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).
Konsepsiyada bu mərhələ iki aspektdə maraqlı təqdim olunur. Onlardan biri həmin dövrdə azərbaycançılığın mənaca açıq milli ideologiya səviyyəsinə yüksəlməsi, digəri isə onun dövlətçilik düşüncəsi kontekstidir. Bununla faktiki olaraq elmi təfəkkürün dövrləşdirilməsinə yanaşmada yeni keyfiyyət səviyyəsinə keçilir. Konkret olaraq, dövrləşdirmədə azərbaycançılıq şüuri təcrübə nümunəsi kimi birbaşa dövlətçiliyə bağlanır. Bu yanaşma müasir mərhələdə Azərbaycançılığı adekvat dərketmə baxımından prinsipial fəlsəfi-elmi anlam kəsb edir. Onun tədqiqi ayrıca mövzu kimi arxivacib vəzifədir.
Burada yalnız onu vurğulayaq ki, həmin mərhələdə ədəbiyyatda istiqlal, milli dövlət quruculuğunun müxtəlif aspektləri və toplumun özünüdərkində siyasi motivin ön sıraya çıxarılması əsas yeri tutmuşdur.
VIII mərhələ: sosialist realizmi dövrü (1920-1960-cı illər).
Bu mərhələdə azərbaycançılığın mərkəzin təzyiqləri, məhdudiyyətləri, aqressiv həmlələri fonunda özünüqoruma potensialı və üsulları baxımından orijinal təcrübə toplaması ilə xarakterizə olunur. Dövrləşdirmə konsepsiyasında onun iki aspekti xüsusilə vurğulanır. Birinci aspekt mədəni müqavimətlə bağlıdır. İkinci aspekt isə azərbaycançılığın “gizli proses” formasına keçməsi ilə əlaqəlidir.
Bu iki istiqamətin qarşılıqlı münasibətlərində Azərbaycançılıq milli ideoloji konsept kimi həm qorunur, həm də ədəbiyyatda müxtəlif metaforalar vasitəsi ilə inkişaf etdirilir (çoxlu sayda nümunələr mövcuddur). O cümlədən, dil və milli identiklik, tarixi-mədəni və dövlətçilik yaddaşı dolayı anlayışlarla rəmzi olaraq ifadə edilir. Azərbaycançılığın bu dövrünün elmi və siyasi şüur kontekstlərində dərindən tədqiqi olduqca aktual məsələlərdəndir.
IX mərhələ: Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər).
Həmin mərhələnin əsas özəlliyi kimi dövrləşdirmə konsepsiyasında Azərbaycan ədəbiyyatının məzmun və məqsədcə sovet ideoloji çərçivəsindən tədricən uzaqlaşması fonunda milli düşüncənin oyanışının başlıca xətt olması ilə əlaqələndirilir. Bunun üçün ədəbiyyatda insanın mənəvi aləminə dərin nüfuz etmək trendi əsas yeri tutur. Bu da realist bədii axtarışların genişlənməsi kontekstində o dövr üçün xarakterik olan realist təsvirin sərtləşməsi ilə müşaiyət olunurdu.
Vurğulanan xüsusiyyətlər işığında dövrləşdirmə konsepsiyasında “istiqlal ədəbiyyatı” məcazının yer alması ədəbi-bədii təfəkkür çərçivəsində 1960–1980-ci illərin ədəbiyyatının 1990-cı illərdə yaranan müstəqillik dövrü ədəbiyyatının ideya və estetik zəmini kimi qəbul edilməsi ilə bağlıdır. Yəni həmin məqamda dövrləşdirmənin X mərhələsinin re-entry üsulu ilə özündən əvvəlki IV mərhələyə təkrar daxil olması əlaməti konseptual şəkildə ifadə edilmişdir.
X mərhələ: müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
Bu, azərbaycançılıq kontekstində ədəbi-bədii təfəkkürün dövrləşdirilməsinin indiki dönəmdə pik nöqtəsidir. Burada ilk olaraq “çoxmetodluluq” termini diqqəti çəkir. Onu “qloballaşma və yeni humanitar düşüncə mərhələsi” kimi də xarakterizə etmək olar. Çünki bu mərhələdə azərbaycançılığın məfkurəviliyi ilə sivilizasiya faktorunun qarşılıqlı semantik münasibətləri mükəmməl şəkildə dövlətçilik kontekstində ön plana çıxarılır. Burada başlıca məqsəd kimi milli dəyərin qlobal miqyasda yenilənməsinin ədəbi obrazının yaradılmasını qəbul etmək olar. Onda ədəbiyyat tarixinin dövrləşdirilməsinin hələlik son olan mərhələsində “Azərbaycançılıq qlobal sivilizasiya, rəqəmsallaşma, yeni media və modern kommunikasiya şəraitində yenidən mənalandırılır” nəticəsini çıxarmaq olar.
Təəssüf ki, biz bu məqalədə dövrləşdirmə konsepsiyasının re-entry səviyyəsində və fəlsəfi-epistemoloji çərçivədə detallı tədqiqini apara bilmirik. Ancaq yuxarıda ifadə edilən fikir ardıcıllığından görünür ki, dövrləşdirmə konsepsiyasında tədrici olaraq azərbaycançılığın dövlətçilik baxımından Azərbaycan humanitar elmi təfəkküründə yeri və rolu ciddi konseptual kontekstdə təhlil və təsnif edilmişdir. Məsələnin bu aspektinin dərin fəlsəfi tədqiqi geniş epistemoloji və metodoloji yanaşma tələb edir. Biz bunun üzərində işləyirik.
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru