(əvvəli 14 noyabr tarixli sayımızda)
Dilimizin inkişafı, bax, belə mərhələlərdən keçib və nəhayət, bugünkü zəngin dilimiz formalaşıb. Əgər biz həmin tarixi məqamları bir daha xatırlasaq, görərik ki, 1936-cı ildən indiyədək Azərbaycanda dilimiz Azərbaycan dili adlandırılmışdır. Bütün sənədlərdə, rəsmi mənbələrdə bu ad təsbit olunmuşdur. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada da “Azərbaycan dili dövlət dilidir” müddəası öz əksini tapmışdır. Ümummilli lider Heydər Əliyev 5 noyabr 1995-ci il tarixli yekun iclasda keçirilən müzakirələr zamanı bu məsələyə münasibətini bildirərək demişdir: “...1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dövlət dili Azərbaycan dili yazıldığına və on illər müddətində Azərbaycan dili həyatımızın hər yerində bərqərar olduğuna görə biz layihənin 23-cü maddəsində yazdıq: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
Heydər Əliyev tarixi köklərimizə və keçmişimizə hörmətlə yanaşmağın vacibliyini vurğulayaraq dilimizin tarixi inkişaf yolunu, milli dövlətçilik baxımından qazandığı mövqeyi belə əsaslandırırdı: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən düzgün deyil – həm tarixi, həm fəlsəfi, həm də Azərbaycanın dövlətçiliyi, ölkəmizin bugünü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil. ...Bir dəfə demişəm ki, biz gərək öz milli mənliyimizi heç vaxt itirməyək. Xalqların hər biri tarixi yol keçib və hər birinin özünəməxsus nailiyyətləri var. Bizim ərazimizdə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır. Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik. Yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var. Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dili var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm, yenə də deyirəm, türk dilləri qrupuna məxsus olan digər dillər, ola bilər, həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir. Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik”.
Bu fikirlərdə Heydər Əliyev milli kimliyin 2 mühüm tərəfini – xalqın tarixi-etnik mənşəyini və müasir milli dövlətçilik çərçivəsində formalaşmış kimliyini aydın şəkildə fərqləndirir. Türk mənşəyimizi və dilimizin türk dilləri ailəsinə mənsubiyyətini qəbul etməklə yanaşı, Azərbaycan xalqının özünəməxsus milli kimliyini, Azərbaycan dilinin müstəqil adını və dövlət dili statusunu qorumağın vacibliyini vurğulayır. Bu yanaşma azərbaycançılıq ideyasının əsas məzmununu təşkil edən milli mənlik şüurunun, tarixi yaddaşın və dövlətçilik düşüncəsinin vəhdətini ifadə edir. Heydər Əliyev Azərbaycan dilinin zənginliyini və beynəlxalq miqyasda tanınmasını xüsusi vurğulayaraq bildirirdi: “Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixində keçirilmiş referendumunda qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bununla da Azərbaycan dilinin müstəqil dövlətin rəsmi dili statusu konstitusiya səviyyəsində təsdiq edildi. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və onun tətbiq dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı oldu. Fərmanda qeyd edilirdi: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır… Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biridir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi çətinlikləri özündə əks etdirmişdir. Xalqın ən ağır günlərində belə milli mənliyinin qorunub saxlanılmasında, onun xoşbəxt gələcəyə inamının möhkəmlənməsində mühüm rol oynamışdır.
Ümummilli lider Heydər Əliyev dövlət dili məsələsinin tarixi-fəlsəfi, hüquqi və milli-mənəvi prinsiplər əsasında həllinə xüsusi önəm verirdi. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin elmi cəhətdən əsaslandırılmasında Azərbaycan dilçiləri, xüsusilə də sosiolinqvistik tədqiqatlar mühüm rol oynadılar. Akademik Ağamusa Axundov dövlət dilimizin adının Azərbaycan dili kimi qəbul edilməsini və təsbit olunmasını tarixi, milli və dövlətçilik prinsipləri baxımından hərtərəfli əsaslandırdı. Bununla da Azərbaycan dilinin adı və dövlət dili statusu həm siyasi-hüquqi, həm də elmi müstəvidə əsaslandırılmış oldu.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də 2001-ci il 9 avqust tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Prezident fərmanı Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirmiş, onun tətbiqi, qorunması və inkişafı istiqamətində həyata keçirilməli olan tədbirlərin hüquqi əsaslarını müəyyənləşdirmişdir. Müstəqilliyimizin bərpasından sonra yaranmış yeni tarixi şərait Azərbaycan xalqının dünya xalqlarının istifadə etdiyi müasir yazı sisteminə inteqrasiyası üçün geniş imkanlar açdı. Bu baxımdan, latın qrafikalı Azərbaycan əlifbasının bərpası tarixi zərurətə çevrildi və müvafiq qanun XXI əsrin əvvəllərindən etibarən Azərbaycan dilinin inkişafı və dövlət dili kimi tətbiqi ilə bağlı islahatlar daha geniş və aktual xarakter almağa başlayır. Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı və 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə həyata keçirilən dövlət siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş tətbiq olunmağa başladı, onun dövlət dili kimi maneəsiz inkişafı üçün əlverişli şərait yarandı.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda Azərbaycan dilinin milli sərvət kimi qorunmasının əhəmiyyəti xüsusi vurğulanaraq qeyd edilir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”. Azərbaycan dilinin geniş tətbiqi, inkişafı, qorunması və istifadəsinə dair norma və tələblər qeyd olunan hüquqi sənədlərdə ətraflı şəkildə öz əksini tapmışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili kimi işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri hesab edir, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Qanun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu müəyyənləşdirir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur. Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində dövlət dili kimi işlədilir. Azərbaycan Respublikası dövlət dilinin istifadəsini, qorunmasını və inkişafını təmin edir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Prezident Azərbaycan dilinin tarixi və mədəni zənginliyi xüsusi vurğulanaraq qeyd edilir: “Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. …Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...” Bu müdrik sözlər ümummilli lider Heydər Əliyevə məxsusdur.
Azərbaycan dilini sevmək, qorumaq, onun geniş tətbiqini təmin etmək və təbliğ etmək məsələlərinə ümummilli lider Heydər Əliyev çıxışlarında xüsusi diqqət yetirmiş, bu barədə dəyərli fikirlər söyləmişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Ümummilli lider milli-mənəvi dəyərlərimizin qorunmasını və zənginləşdirilməsini xalqımızın milli varlığının davamlılığını təmin edən başlıca amillərdən biri kimi daim diqqət mərkəzində saxlamışdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə güclü dövlətçiliyin siyasi və iqtisadi əsaslarını yaratmış, Azərbaycan xalqının milli intibahının ideya təməli olan azərbaycançılıq məfkurəsini yeni inkişaf mərhələsinə yüksəltmişdir. Azərbaycançılıq keçmiş tarixi dövrlərin mədəni kodlarını və rəmzlərini mənimsəyərək onlardan müasir milli ideyaların əsaslandırılmasında, milli dövlətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində istifadə edən, bu gün cəmiyyətimizin quruculuq və inkişaf potensialını səfərbər edən ideoloji məfkurədir. Bu ideologiya güclü dövlət hakimiyyətinin, möhkəm milli intizamın, milli maraqların qorunmasının və milli özünüdərkin formalaşmasını zəruri hesab edir, Azərbaycanda vahid cəmiyyətin və vahid xalqın formalaşmasına xidmət edir. Azərbaycançılıq hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətini, inkişaf strategiyasını və təşkilati formalarını müəyyənləşdirən etnosiyasi baxışlar sistemidir. O, cəmiyyətin müxtəlif sosial təbəqələri arasında həmrəyliyin möhkəmləndirilməsini, millətin və dövlətin real imkanlarından irəli gələn ardıcıl, lakin ölçülü islahatların həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycançılıq məfkurəsinin əsasını Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi və mədəni birliyi ideyası təşkil edir. Bu məfkurə yalnız müasir cəmiyyətimizin deyil, gələcək nəsillərin də milli kimliyinin, tarixi yaddaşının və dövlətçilik düşüncəsinin qorunmasına xidmət edəcəkdir. Azərbaycançılıq Vətənə sevgi, Azərbaycan torpağının təəssübünü çəkmək, milli mədəniyyətimizi sevmək, ona hörmətlə yanaşmaq və onu daim təbliğ etmək deməkdir. Başqa sözlə, Azərbaycanla bağlı bütün müsbət dəyərlərin vahid məfkurə ətrafında birləşməsidir. Azərbaycançılıq həm müasirlik ruhunu, həm də dünya azərbaycanlılarını öz ətrafında birləşdirən vahid ideyanı ifadə edir. Bu ideologiya cəmiyyətdə milli birliyi və ümumxalq həmrəyliyini qorumağa, millətin və onun dövlətinin mövqeyini möhkəmləndirməyə və inkişaf etdirməyə xidmət edir: xalqın milli-mənəvi varlığını və kimliyini əks etdirən, milli təfəkkürünü formalaşdıran və birləşdirən dəyərlər sistemidir. Dil, ərazi, vətəndaşlıq, adət-ənənələr və ideoloji birlik kimi amillərin vəhdəti azərbaycançılıq məfkurəsinin davamlı inkişafını təmin edir.
Azərbaycançılıq ideologiyasının daşıyıcıları sırasında yalnız Azərbaycandan kənarda yaşayan soydaşlarımız deyil, milliyyətindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, milli birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını dəstəkləyən hər bir insan da yer alır. Azərbaycançılığın əsaslarından danışarkən söhbət təkcə milli dildən, dindən, adət-ənənələrdən, mədəni-mənəvi dəyərlərdən və bu dəyərlərin müvafiq dövlət sənədlərində hüquqi baxımdan təsbit olunmasından getmir. Bu milli sərvətlərin öyrənilməsi, dəyərləndirilməsi və qorunması da özlüyündə kifayət deyil. Onlar ictimai həyatın ayrılmaz tərkib hissəsi kimi daim yaşadılmalı, dinamik proses şəklində inkişaf etdirilməlidir. Ümummilli lider Heydər Əliyev azərbaycançılığın coğrafi sərhədlərlə məhdudlaşmadığını, onun daha geniş siyasi və mənəvi məna daşıdığını vurğulayaraq demişdir: “Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır… Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər!”
Müasir dövrdə qloballaşmanın müxtəlif təzahürləri milli mənsubiyyətə münasibətə və milli kimlik şüuruna təsir göstərir. Qloballaşan dünyada vətənpərvərlik hissinin bəzən vətəndaşlıq, dövlətə və cəmiyyətə sədaqət, tolerantlıq kimi anlayışlarla əvəz olunduğu müşahidə edilir. Sənayeləşmə, demokratikləşmə, informasiya mübadiləsinin genişlənməsi və qloballaşmanın digər atributları etno-milli mənsubiyyətlə bağlı təsəvvürlərə təsir göstərməklə yanaşı, müəyyən hallarda ziddiyyətlərin və münaqişələrin yaranmasına da zəmin yaradır. Təsadüfi deyil ki, qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyi barədə fikirlər də səsləndirilir. Bu baxımdan, müasir dövrdə milli ideologiya ilə ümumbəşəri dəyərlər arasında ahəngin təmin edilməsi, qloballaşma prosesinə milli-mənəvi irsi qoruyub saxlamaqla qoşulmaq hər bir xalq üçün xüsusi əhəmiyyət daşıyır. Dövlətlər qlobal proseslərdə fəal iştirak etməyə, bir sıra daxili problemlərinin həllini isə beynəlxalq əməkdaşlıq çərçivəsində axtarmağa üstünlük verirlər. Azərbaycançılıq ideyası da bu çağırışlara cavab verərək milli mənsubiyyətin qorunmasını ümumbəşəri dəyərlərlə uzlaşdırır və Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsaslarından birini təşkil edir. Azərbaycanın dünya birliyinə inteqrasiyasını şərtləndirən siyasi, iqtisadi və mədəni amillər də mövcuddur. Bu ideya Azərbaycanın dünyada tanıdılmasına xidmət edir, tolerantlıq və etnik müxtəliflik kimi mütərəqqi dəyərləri özündə birləşdirən ideologiyanı təbliğ edir. Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını vacib hesab edir, ölkəmizin müasir milli inkişaf və modernləşmə perspektivini Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi təcrübəsi göstərir ki, müxtəlif siyasi və iqtisadi kataklizmlərə, hakimiyyət, dövlət quruluşunda baş verən dəyişikliklərə baxmayaraq, bu ölkələrin müstəqillik və demokratik inkişaf yolu dönməz xarakter daşıyır. Azərbaycançılıq ideyası da insan hüquqlarının qorunması, Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət və digər mühüm universal dəyərləri əsas götürərək qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi kimi qəbul edir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizi qoruyub saxlamaq şərtilə dünya birliyinə inteqrasiya etməkdir. Bu prosesdə Azərbaycanın beynəlxalq miqyasda özünəməxsus yer tutması, eyni zamanda milli kimliyini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir. Prezident bu fikri belə ifadə edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycançılıq ideologiyasının qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, eləcə də Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davam etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu ideologiyanın ümummilli dəyər kimi cəmiyyətin bütün sahələrində möhkəmləndirilməsi və onun gələcək nəsillərə ötürülməsi həmin strateji xəttin əsas istiqamətlərindən birini təşkil edir.
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor