Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Suveren Azərbaycanda konstitusion dövlətçilik: siyasi-hüquqi, hərbi-təhlükəsizlik konseptləri
12.11.2026 10:54
  • A-
  • A
  • A+

Suveren Azərbaycanda konstitusion dövlətçilik: siyasi-hüquqi, hərbi-təhlükəsizlik konseptləri

Hər dövlətin varlığı və inkişafı onun suverenliyi-müstəqilliyi əsasında dövlət hakimiyyətinin qurulmasında konstitusiya prinsiplərinin yaradılmasıdır. Hüquqi dövlətdə konstitusiya, insan haqları, hüquqları və azadlıqlarını, hakimiyyət bölgüsünü və sair bir çox vacib hüquqi bazanın prinsipləri müəyyənləşdirilir.

Xalq üçün öz müstəqil, azad, suveren dövlətini yaradaraq onu qorumaq, hər an müdafiəsinə hazır olmaq ölkəsinin tarixi-strateji təhlükəsizliyidir. Qanuni ərazisi, əhali və siyasi hakimiyyət kimi mühüm atributları ehtiva edən siyasi qurumun dövlət olaraq qəbul edilməsi üçün suverenlik, müstəqillik xarici və daxili siyasətində təhlükəsizlik parametrlərinə malikliyi əsas şərtidir.

Suveren Azərbaycanda Konstitusionalizm

Hər ölkənin müstəqil, azad bir suveren dövlətə mənsubluğu, milli-irsi, mədəni-mənəvi dəyərləri, birlik-həmrəyliyi, haqqa söykənən humanizmi, hüquqa söykənən ədalət və milli qanunlarla tənzimlənən inkişaflı cəmiyyətinin mənsubluğu olmaq Azərbaycan xalqının da əsrlərlə istəyi olmuşdur. Bəşər tarixinin müxtəlif inkişaf dönəmlərində çoxsaylı işğal, müdaxilə, təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı öz milli kimlik, mübarizə amalını hifz etmiş, dövlətqurma istəyi və ideallarına daima sadiq olmuşdur.

Azərbaycanın ilk Konstitusiyası I Ümumazərbaycan Sovetlər qurultayında 1921-ci il 19 mayda, sonradan yeni təkmil forması isə 1925-ci il 14 martda IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olundu, daha sonra 1927-ci il 26 mart və 1937-ci il 14 martda qəbul edilən konstitusiyalar qüvvədə olub. 1977-ci il SSRİ-nin yeni Konstitusiyası qəbul ediləndən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il 2 apreldə həmin layihə ilə çıxış edən Ulu öndər Heydər Əliyevin təklifilə 73-cü maddədə “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” yazılıb. Həmin Konstitusiyaya 1980-ci ildə çoxsaylı əlavə və dəyişikliklər edilibdir. Keçmiş SSRİ dövründə Azərbaycanda son Konstitusiya 21 aprel 1978-ci ildə qəbul edilmişdi. Azərbaycanlıların qanunla təsbit edilən haqq və hüquqlarının Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya Aktı statusuna malik olan ilk hüquqi sənəd – 1918-ci il İstiqlal Bəyannaməsində əks olunub.

Ulu öndərin müəllifi olduğu 1995-ci il 12 noyabr Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin çoxistiqamətli milli qanunvericilik və institusional əsasını formalaşdırdı. Konstitusiya milli Ali Qanun, dövlətin müstəqillik, suverenlik və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşların rifahlı həyatı, dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığın həyata tətbiqində əsas qanunvericilik bazası oldu.

XX əsrin əvvəli Azərbaycan Xalq Cümhuriyyəti və sonunda müasir Azərbaycanda yenidən dövlət müstəqilliyini qazanmışdır.

Bu mətndən də siyasi-hüquqi mətndə gedilən Azərbaycanda suverenlik və Konstitusiya yoluna nəzər yetirək. Belə ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında müstəqil ölkənin yeni Konstitusiyasının tərtibi nəzərə yetirilmişdi. Lakin, 1991-1993-cü illər ölkədə böhran, anarxiya, xaosa görə qanunçuluğun təmini mümkün olmadı. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin böyük siyasi-strateji təcrübəsi ilə dövlət quruculuğu və hakimiyyət strukturları yeni dövrə uyğun, yenidən formalaşdırıldı. 1918-1920-ci il 23 ay yaşayan AXC-dən sonra yenidən müstəqillik qazanan gənc respublikanın parçalanmasının qarşısı alındı, ictimai-siyasi daxili sabitlik təmin olundu.  Ulu öndər qeyd edirdi ki: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən... bəhrələnməliyik”.

Diqqətə yetirdik ki, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycanın Konstitusiya quruluşunun tarixi əsasən SSRİ dövrünə düşür. Müstəqil Azərbaycan Respublikasının suverenliyi 18 oktyabr 1991-ci ildə “Müstəqillik haqqında Konstitusiya Aktı” ilə hüquqi əsasa malik olmuşdur. 1991-ci il 29 dekabrda ümümxalq Referendumda məsələ müzakirəyə çıxarılıb, əhalinin 95 %-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 1995-ci il Konstitusiyası bu suverenliyin hüquqi zəmində gücləndirilmiş dövlət və hakimiyyət idarəetmə sisteminin qanuni bazasını yaratmışdır.

Suveren Azərbaycanda ilk milli Konstitusiya

Azərbaycanda “xalq”məfhumu Konstitusiyanın 1-ci maddəsinin II bölümündə təsbit edilib və nəzərə yetirilir ki: “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan, Azərbaycan Respublikasının vətəndaşlarından ibarətdir” (1;4). Burada da məhz xalq və vətəndaş anlayışını bir-biri ilə uyğunlaşdırır. Bu hal nə deməkdir... Hüquqi qanunlarda etnik, demoqrafik və sair əsasda xalq müəyyənləşdirilmir. Bu hal isə xalqı – yəni vətəndaşlar məcmusunu əxz etdirən şəxsi bildirir. Bu zəmində hüquq-qanunun etnik məsuliyyətə münasibət neytral olub, heç bir halda milliyyətdən bəhs edilmir. Amma vətəndaşa münasibətdə hüquq neytral deyil, məhz bu zəmində xalq hüquqi mətndə vətəndaşların məcmusunu əks edir.

1991-ci ilin oktyabrın 18 də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında” yeni Konstitusiyanın hazırlanması qeyd edilmişdi.

Nəzərə yetirək ki, müstəqilliyin ilk dövrü ölkədə bütün sahələrdə böhran, xaos idi. Keçmiş sovet sisteminin dağılması, yeni müstəqillik qazanan ölkədə dövlət idarəçiliyi, dövlət quruculuğu, vətəndaşların azad və hüquqlarının təmini önündə böyük problemlər yaranmışdı. 1993-cü il xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkədə daxili ictimai-siyasi sabitlik, əmin-amanlıq, iqtisadi dirçəliş, dövlət quruculuğu istiqamətində böyük işlər apardı. Nəzərə yetirək ki, Ulu öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası Referendum vasitəsilə qəbul edildi, 1995-ci il 27 noyabrda qüvvəyə mindi və ölkədə genişmiqyaslı milli qanunvericilik və dövlətçilik institutlarının formalaşdırılması respublikada hərtərəfli inkişafın təminatına şərait yaratdı.

Ulu öndər Heydər Əliyev vurğulayırdı ki: “Biz elə konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddətli yaşamasını təmin edən Əsas Qanun – tarixi sənəd olsun”.

Ümummilli Lider Heydər Əliyevin mükəmməl siyasi-strateji təcrübəsi, mili dövlətçilik institutu demokratik əsaslar yolunu tutdu. Müstəqil Azərbaycanda dövlətçilik institutunun yaradılmasına start verildi, hakimiyyət və dövlət orqanlı cəmiyyət həyatının əksər istiqamətlərini əhatə edən islahatlara başlanıldı. Bu zəmində məhz ictimai-siyasi sabitliyin təmini sosio-iqtisadi inkişaf yolu prioritetləşdirildi. İslahatlara əsas yaradan milli qanunvericiliyin – Konstitusiyanın yaradılması və s. çox vacib vəzifələr həyata keçirildi.

1995-ci il müstəqil Azərbaycanın ilk Konstitusiyası müasir dövlətçilik institutunun əsasını təşkil edən 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət fundamental hüquqi qanunnamədir. Konstitusiyada dövlət hakimiyyətinin bölünməsi prinsipi təsbit edilməklə icra, qanunvericilik və məhkəmə hakimiyyətləri arasındaki səlahiyyətlər bölgüsü də müəyyənləşdirilmişdir.

Məhz Ali Qanun – Konstitusiyanın qəbulu ilə müstəqil Azərbaycanda hüquqi, demokratik dövlət sisteminin qurulması başlanılmışdır. Konstitusiya - hüququ dövləti hakimiyyət və idarəetmə formasını insanların hüquq və azadlıqlarını, dövlətçilik institutları və hakimiyyət-icra strukturunu təmin edən qanuni rəsmi normativ aktlar sənədidir. Müstəqil Azərbaycan Respublikasında ən ali və birbaşa hüquqi qüvvəli qanunvericilik sistemi Konstitusiya ilə ilə təmin olunur, hüquqi və siyasi-ictimai sabitliyin tənzimi də burada təsbit edilərək, dövlət suverenliyinin mühüm təminatçısı kimi, Konstitusion normativlərlə ictimai-mədəni və sosio-iqtisadi münasibətlərin inkişafını müəyyənləşdirir.

Azərbaycan Konstitusiyasının qəbul edilməsi milli dövlətçilik İnstitutu siyasi-tarixində xüsusi əhəmiyyət daşıyır. Konstitusiya hüququ dövlətin təməl prinsiplərinin ilkin konseptual mahiyyəti oldu. Ulu öndər Heydər Əliyev 1996-cı il 1 noyabr Fərmanı ilə hər il noyabrın 12-ci ölkədə “Konstitusiya günü” kimi qeyd edilməyə başladı.

Azərbaycan Konstitusiyasının 2-ci maddəsi “Xalqın suverenliyi” adlanır və dövlətin müstəqilliyi və bölünməzliyi təsbit edilir ki, bu da hüquqi suverenliyin əsas göstəricisidir. Konstitusiyanın 2-ci maddəsinin I bölümündə yazılıb ki: “Sərbəst və müstəqil öz müqəddaratını həll etməsi və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Vacib məqam isə Konstitusiyanın preambulasındakı “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” niyyəti ilə bəyan edilir.

Müstəqil Azərbaycanda Konstitusiyada dəyişikliklər zamanın tələbidir.

Konstitusiya uzunmüddətli fəaliyyət mexanizmi üçün nəzərdə tutulan normativ hüquqi qanunlar sənədidir. Bu baxımdan Konstitusiyanın qəbulunda onun tənzimedilməsini təşkil edən ictimai münasibətlər, siyasi, mədəni, hüquqi, sosial və iqtisadi vəziyyətdir. Cəmiyyətdə elm və texnologiyaların inkişafı nöqteyi-nəzərindən də konstitusiya yeni dövrə uyğun olaraq təkmilləşdirilir.

Bu baxımdan da Azərbaycanda Konstitusiyaya dəyişikliklər və təkmilləşdirilmələr, dövlət və hakimiyyət idarəetmə sisteminin modernləşdirilməsinə yönəlik yenilənmədir.  2002, 2009 və 2016-cı illərdə konstitusiya dəyişiklikləri dövlət hakimiyyətinin fəaliyyətində yeniliklərin təmini məqsədilə həyata keçirilmişdir. Bu dəyişikliklər idarəetmə sisteminin qanuna müvafiq optimallığını, çevik və ədalətli hüquqi bazanın təkmilləşdirilməsini şərtləndirdi.

2002-ci il 24 avqustda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referendumun yekunu olaraq Konstitusiyaya zamanın obyektiv gerçəkliyindən meydana çıxan 22 maddəsinə və ölkənin ümumilikdə 31 əlavə və dəyişikliklər edilib və ölkənin hüquq sistemi təkmilləşdirilərək, bölmələrə yeni müddəalar daxil edilmişdir.

Azərbaycan klassik dövlətçilik əlamətlərini XXI əsrdə modern inkişafla ehtiva edən dövlətdir, hakimiyyət səlahiyyətlərini müstəqil yerinə yetirir.

Dövlət suverenliyi siyasi-hüquqi konsepsiyalarda belə prinsiplərlə əks olunur:

- Dövlət suverenliyinin konstitusion siyasi-hüquqi mahiyyətində;

- Dövlət suverenliyinin atributluluğunda;

- Dövlət suverenliyinin real göstəricilərində;

- Dövlət suverenliyinin dayanıqlı inkişaf parametrlərində;

Klassik yanaşmada dövlət suverenliyinin fəlsəfi mahiyyəti onun atributluluqudur.

Dövlət hakimiyyətinin aliliyi və müstəqilliyi (autarkiya) - yəni xarici şəraitdən asılı olmamaq, özünü təmin etmək, özünü idarə etmək dövlət suverenliyinin vacib atributu kimi qəbul edilir. Platon Aristotel, yaxud klassik fəlsəfi yanaşmada autarkiyanın mahiyyətində dövlət digər subyektlərdən başqa heç bir gücə malikliyi ilə yox, bütün səlahiyyətlərini müstəqil həyata keçirməsi ilə fərqlənir.

Dövr, zaman sürətlə dəyişir, müstəqil Azərbaycanda da yeni inkişaf xəttinə start verilir. Yeni nailiyyətlər, sosio-iqtisadi islahatlara ehtiyac yaradır, vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, ölkələrlə beynəlxalq əlaqələr və s. bir sıra vacib yeniliklərin Konstitusiyaya da bir sıra əlavə və dəyişikliklərin olmasını zəruriləşdirdi. Bu zəmində 2009-cu il martın 18-də keçirilən Referendiumda  Əsas Qanunun 29 maddəsinə, ümumilikdə 41 edilən əlavə və dəyişikliklər keyfiyyətcə Konstitusiyanın təkmilliyinə, əsasən də insan hüquq və azadlıqları ilə əlaqəli müddəaların  Əsas qanunda daha dolğun ifadəsi idi.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Referendumda Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər edilərək, habelə 6 maddə əlavə edilibdir. Konstitusiyaya edilən bu əlavə və düzəlişlər hüquqi dövlət prinsip və dəyərlərinin təminatında, insan hüquq və azadlıqlarının müdafiəsində dövrə uyğun təminatının göstəricisi idi.

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu Sərəncam ölkənin siyasi-hüquqi inkişafında yeni dönəm - mühüm mərhələdir.

Bu sərəncam hüquqi sistemin təkmilləşdirilməsinin, insanların hüquqi savadlarının artırılması və konstitusiya barədə biliklərinin artırılmasına yönəlik qərardır.

- Bu qərar Azərbaycan dövlətçilik institutunun siyasi tarixinin daha da geniş öyrənilməsində xüsusi əhəmiyyətli olub. Ölkənin dünəni, bu günü və gələcəyində hüquqi dövlət və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar zəminində tənzimlənməsidir.

Sərəncamda göstərildiyi kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən bpyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklər, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xaqlqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir”.

30 illik işğalda olan Qarabağ torpaqlarının azad olunması və suverenliyin tam təmini əsas qanunda ehtiva edilibdir. Azərbaycan Konstitusiyasının 11-ci maddəsində yazılıb: “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir”.

Postmüharibə dövrü Azərbaycan dövləti siyasi-diplomatik, informasion dialoq mətnində yeni uğurlara imza atdı. 2020-ci il 8 noyabr Zəfərindən sonra da Azərbaycan sərhədləri atəşə tutulur, ərazilərin minalanması davam etdirilirdi. 2023-cü il sentyabrın 19-da aparılan terrora qarşı genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah olunaraq, Qarabağ ərazilərindən tam qovulması, həmin torpaqlarda Azərbaycan Respublikası Konstitusiyasının bərpası üçün lokal miqyaslı 24 saatdan az müddətdə davam edən antiterror əməliyyatı nəticəsində işğalda qalan yerləri də azad etdi.

2020-ci il 19 sentyabr tarixi suverenlik və konstitusion əsaslı hüquqi dövlətçilik tarixinə qızıl səhifə kimi yazıldı. Ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Azərbaycan Konstitusiyasının hüquqi təminatı işğaldan azad olunan bütün ərazilərdə bərqərar edildi. Dövlət və xalqın siyasi tarixində xüsusi əhəmiyyətli bu Qələbənin yekunu kimi Azərbaycanın Dövlət bayrağı suverenliyini bərpa edildiyi bütün ərazilərdə sancılaraq, dalğalandı. Konstitusion Respublikada həyata keçirilən səmərəli dövlət-hakimiyyət idarəçiliyi, təhlükəsizlik və daxili ictimai-siyasi sabitliyin gücləndirilməsi, suverenliyin, müstəqilliyin daha da gücləndirilməsi ilə vəhdətdə oldu.

Postkonflikt dövrü işğaldan azad olunan ərazilərdə yenidənqurma, dağıdılanların bərpası və dirçəlişi həyata keçirilərək, Şuşada, Qarabağ və Şərqi Zəngəzurda çoxşaxəli quruculuq layihələri aparılır, dövrün standartlarına uyğun yeni infrastruktur qurulur. Qarabağın dirçəlişi, bütün bərpa və yenilənmələr Azərbaycan Respublikası ərazisinin unitar, toxunulmaz, bölünməz, suveren ölkə kimi konstitusion hüquqlarının təmininin bariz əksidir.

Müstəqil Azərbaycanda sosio-iqtisadi inkişaf ölkənin siyasi-hüquq idarəetməsində modernliyi vətəndaşların hüquqlarının və azadlıqlarının effektiv müdafiəsini meydana çıxardı.

 Prezident İlham Əliyevin imzaladığı 2024-cü il dekabr Sərəncamında qeyd olunur: “Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur”.

Konstitusiya və Suverenlik ili – 2025-ci il

Azərbaycan Konstitusiyasının preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Qarabağ bölgəsi torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkə ərazisinin bütövlüyünün, suverenliyinin bərpası Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdi.

2020-ci il sentyabrın 27-də qonşu Ermənistanın təxribatlarına adekvat cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də Vətən müharibəsindən sonra ölkənin ərazi bütövlüyü və suverenlik tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Konstitusiyanın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyanın qəbulunun 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü nəzərə alınaraq, məhz 2025-ci il “Suverenlik Konstitusiya ili” adlandırılmışdır.

2020-ci ilin sentyabrın 27-si Ermənistanın ölkəyə təxribatlarına cavab olaraq başlamış Vətən müharibəsi tarixi zəfər və Qalib xalq olması ilə sona yetdi. 2023-cü il sentyabrda həyata keçirilən lokal antiterror əməliyyatının yekununda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

Bu nöqteyi-nəzərdən həm 1995-ci ildə ilk Konstitusiya qanununun – yəni Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsi qələbəsinin beşinci ilini nəzərdə tutaraq, 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu həm siyasi-tarixi qiymət, həm dövlətin keçdiyi yolun mahiyyətinə bir nəzər salmaq, həm də hər bir azərbaycanlının qürurla qeyd etdiyi tarixi faktların təsbitidir.

2025-ci il həm müstəqil Azərbaycanda Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Vətən müharibəsindəki Qələbənin 5 illik yubileyidir. Bu keçilən yolların siyasi-nəzəri tarixinin araşdırılması, əsasən də gənc nəslin geniş məlumatlandırılması ilə maarifçilik missiyasının aparılması zərurətdir.

-Prezident İlham Əliyev tərəfindən "2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi siyasi-hüquqi və ictimai-mədəni tariximizə verilən milli dəyər komponentidir.

-2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olması dövlətçilik ənənələri və hüquqi-siyasi islahatlar nəzərindən əhəmiyyəti nədir...

-2025-ci il - “Konstitusiya və Suverenlik İli” müstəqil Respublikanın hüquqi əsaslarının gücləndirilməsi, dövlət suverenliyinin daha da möhkəmlənirilməsi məqsədi daşıyır.

-Konstitusiya xalqın azadlığının, dövlət və hakimiyyətin suverenliyinin hüquqi təməl sütunudur.

Qeyd etdik ki, Prezident İlham Əliyevi sərəncamı ilə Azərbaycanda 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib. Bu 2025-ci ilin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının gerçəkliklərinə bir daha diqqətin yönəldilməsidir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən  ilk milli Azərbaycan konstitusiyasının 30-cu və Qarabağ torpaqlarının işğaldan azad edilən ərazilər üzərində dövlət suverenliyinin bərpasının, Zəfərin 5-ci ildönümündə ehtiva olunur.

-1991-ci il müstəqilliyin bərpasından sonra azad Azərbaycanda ən vacib vəzifələrdən biri hüquqi baza yaradılması idi.

-12 noyabr 1995-ci il Azərbaycan Konstitusiyası xalqın iradəsinin əksi, əsas qanunu, demokratik dövlət quruculuğu yolunu müəyyənl\şdirən qanunlar məcəlləsidir.

-Ali qanun tək hüquqi yox, həm də dövlət suverenliyini, ərazi bütövlüyünü və gücünün ifadəsi olan dəyərdir.

-2025-ci il suverenlik, müstəqillik, azad Azərbaycanın Böyük Nailiyyətlərinin siyasi-nəzəri tarixidir.

-Suverenlik bir prinsip, xalqın öz taleyinin müəyyənləşdirilməsi, sərhədlərin toxunulmazlığı, dövlətin tam müstəqil siyasət aparması yoludur.

Suverenlik və Konstitusiya İlinin elanı edilməsi perspektivdə hüquqi islahatların dövrə uyğun həyata tətbiqi üçün vacib zəmindir.

Dövlət suverenliyinin qorunması və hüquqi aktların modernləşdirilməsi Azərbaycan dövlətinin yeni islahatlar xəttinin əsas istiqamətlərindəndir.

Suverenlik və konstitusiya hüququ XXI əsrin dövlətçilikdə fundamental prinsiplərinin əsasıdır. Bu mənada Azərbaycanda “Suverenlik və Konstitusiya İlinin” elan olunması, hüquqi islahatların yenilənməsi və dövlətçiliyin inkişafına xidmət edir. Bu da Konstitusiya dəyərlərinin qorunması və hüquqi aktların təkmilləşdirilməsi zəminində dövlətin gələcək inkişaf göstəricisidir.

-“Suverenlik və Konstitusiya İlində” siyasi-hüquqi biliklərin artırılması, siyasi hüquqi islahatların daha ardıcıl tətbiqi, vətəndaşların hüquqi biliklərinin yüksəldilməsi məqsədinə xidmət edir. Bu təşəbbüs siyasi-hüquqi, bilik, savad, təhsil və məlumatlandırıcı maarifləndirməni yüksəltməklə, əhalinin öz konstitusiya hüquqları ilə əlaqəli informasiyalarını artırır. Siyasi-hüquqi maarifləndirmə cəmiyyətin milli qanunvericiliklə bağlı hüquqi biliklərinin formalaşmasında vacib əhəmiyyət daşıyır. Konstitusiya dəyərlərinin təşviqi, tədqiqi və  təbliği müstəqil, hüquqi, suveren dövlətin bütün istiqamətlər üzrə inkişafı nəzərindən vacib əhəmiyyətlidir.

-2025-ci il ictimai-siyasi həyatdakı kimi elmin, təhsilində dövlətçilik institutu və xalq üçün tarixi əhəmiyyətli bu iki hadisənin siyasi-fəlsəfi mahiyyətini araşdırmaq və təhlil etməklə, geniş ictimaiyyətə aşılamaqla bilgiləndirməkdir.

-Azərbaycanın heç bir hərbi-siyasi bloklara üzv olmaması reallığı;

Dünya dövlətlərilə balanslı ikitərəfli qarşılıqlı münasibətləri, öz mənafe və maraqlarını müəyyənləşdirməsi gerçəkliyi;

-Suveren Respublikada heç bir dövlətin hərbi bazasının yerləşməməsi;

-Xalq və onun mənafeyi ilə bağlı dövlətin iradəsinə heç bir xarici faktorun təsirinin olmaması dövlət suverenliyinin göstəriciləridir.

-2012-ci ildə Azərbaycanda Rusiya Federasiyasının Qəbələ Radiolakasiya Stansiyasının fəaliyyətinin ləğvi, qurumun hərbi kontingentinin ölkə ərazisindən tam çıxarılması;

-Milli Ordunun 2020-ci il 8 noyabrda Qarabağda Ermənistanın silahlı-hərbi birləşmələrinin işğalına son qoyması;

-2023-cü il sentyabrda erməni işğalçılarının Qarabağdan tam təmizlənərək separatizmin dağıdılması;

-Rusiya sülhməramlılarının işğaldan azad edilmiş torpaqlardan çıxarılaraq müasir Azərbaycan dövlətinin real və gerçək suverenliyinin tam bərpasının real təsdiqidir.

Suveren Azərbaycan Dünya azərbaycanlılarının hüquq və haqlarının qorunmasının müvəkkili olan müstəqil dövlət olmasıdır.

- Dövlət suverenliyinin və konstitusiya quruluşunun onun bütün ərazilərində müstəsna təmininin təsbitidir.

Beləliklə, XXI əsrdə müasir Azərbaycanda dövlətçilik institutu Konstitusion əsaslı çətin geosiyasi dəyişikliklərin baş verdiyi dəyişən dünya nizamında suverenliyini tam bərqərar etmiş, öz milli iradəsinin ifadəçisi kimi hakimiyyətinin mənbəyi xalq olan suveren dövlətdir.

Rəna Mirzəzadə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, f.e.d., professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: