Azərbaycan teatrşünaslığının müasir inkişaf mərhələsində teatr sənətinin estetik təbiətinin, sosial funksiyalarının, tarixi yaddaşla əlaqələrinin və yeni ifadə formalarının tədqiqi xüsusi aktuallıq kəsb edir. Bu kontekstdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Teatr sənət deyil” adlı kitabının (“Seçilmiş məqalələr” toplusu. Bakı, 2026) nəşri teatr tarixi, teatr tənqidi və nəzəriyyəsinin fundamental problemlərinə yeni düşüncə rakursundan nəzər salmaq baxımından diqqətəlayiq hadisə kimi dəyərləndirilə bilər.
Kitabın janr müxtəlifliyi nəşrin daxili quruluşunu müəyyənləşdirən mühüm amildir. Vidadi Qafarova görə “... bu kitab sevgi dolu SALAMDIR. İnsanlığa salam, keçmişə salam, gələcəyə salam, yəni TEATRA salam!”dır. “Ona görə də TEATR SƏNƏT DEYİL... Teatr həyata, insanlara sevgidir, yaddaşdır, həyatdır, dünyanın özüdür...”.
Kitab “Mövqe”, “Sinkretizm - ən universal fəlsəfi-estetik nəzəriyyə kimi (Komplementar komplimentlər)”, “Gözləməkliyin fenomenologiyası”, “Folklor teatrında grotesk məzmunyaradıcı forma kimi”, “Teatr güzgüdür və ya güzgüdən görünən teatr”, “Sabah Don Kixot bizə gələcək!”, “27 mart Beynəlxalq Teatr Günü təbriki və ya bahri-təvil üstündə “Aman tello” xalq mahnısı” və digər məqalələri ehtiva edir.
“Mövqe” bölümü nəzəri-estetik problemlərdən ictimai teatr məsələlərinə, oradan isə konkret zamanın və mədəni hadisələrin şərhinə doğru genişlənən çoxşaxəli quruluşa malik olub, kitabın nəzəri-estetik istiqamətini müəyyənləşdirən yazıları birləşdirir. Belə yazılardan bəzilərinə diqqət yönəldək: “Sinkretizm — ən universal fəlsəfi-estetik nəzəriyyə kimi (Komplementar komplimentlər)”. Məqalənin kitabın başlanğıcında yerləşdirilməsi onun prinsipial əhəmiyyətini ön plana çıxarır. Sinkretizm problemi müxtəlif sənət növlərinin, ifadə vasitələrinin və mədəni təcrübələrin qarşılıqlı münasibətləri ilə bağlıdır.
“Gözləməkliyin fenomenologiyası” məqaləsi kitabın nəzəri istiqamətlərini estetika və insan qavrayışı problemlərinə doğru genişləndirir. Gözləmək insanın zamanla dialoqu, gələcəklə mübahisəsi, ümidlə mövcudluq arasında yaşadığı səssiz dramaturgiyadır. Müəllif nümunə kimi S.Bekketin “Qodonu gözlərkən” absurd dramının qəhrəmanları “Qodonu gözləmək üçün yaranıblar, Qodonu gözləmək onların həyat tərzidir” fikrini önə çəkir.
Folklor teatrında grotesk elementlər sosial münasibətləri, insan xarakterlərini və kollektiv təsəvvürləri şərti, şişirdilmiş və bəzən paradoksal obrazlar vasitəsilə ifadə edə bilər. “Folklor teatrında grotesk məzmunyaradıcı forma kimi” məqaləsi , müəllifin qənaətinə görə, xalq oyun və tamaşalarında qrotesk maska teatrı nümunələri olaraq milli gülüş mədəniyyətimizi zənginləşdirmişdir.
“Teatr güzgüdür və ya güzgüdən görünən teatr”. Bu bölümdə yer alan məqalələrdə teatrın sosioloji problemlərinə xüsusi həssaslıqla yanaşılmış, müəllifin publisistik ifadə imkanlarına diqqəti, tarixi mövzularla yanaşı, obrazlı-publisistik düşüncəyə də müraciət etməsi teatrşünaslığın aktual problemlərini nəzəri-konseptual müstəvidə təhlillərini təsbit edir.
“Tarix” bölməsində Azərbaycan teatrının tarixi inkişafını, milli teatr institutlarının formalaşmasını və mədəni siyasət məsələlərini əhatə edən yazılarla qarşılaşırıq. Bölməsinin əsas elmi üstünlüyü teatrı yalnız tamaşalar və sənətkarlar tarixindən ibarət hadisə kimi deyil, milli mədəniyyətin və ictimai həyatın tərkib hissəsi kimi araşdırmaq potensialıdır.
Oxucunu fərdi yaradıcılıqdan milli mədəniyyətin bütöv mənzərəsinə doğru istiqamətləndirən, Azərbaycan ədəbiyyatı, musiqisi və teatrı ilə əlaqəli şəxsiyyətlərə həsr olunmuş yazıları bir araya gətirən “Simalar” bölməsində Nizami Gəncəvi, Məhsəti Gəncəvi, “türk xalqlarının nəğməkar baharı” Koroğlu, əbədiyyat şairi Nəsiminin ehtişamlı obrazlarının teatr səhnəsində təcəssüm olunduğu tamaşalar təhlil edilir, Azərbaycan mədəniyyətinin milli kimlik abidəsi adlandırılan Üzeyir Hacıbəyli yaradıcılığı milli mədəniyyətin və kimliyin formalaşması kontekstində təqdim edilir.
“Resenziyalar” adlanan bölmədəki resenziyaların başlıqlarında obrazlılıq, metafora və emosional ifadələr diqqəti cəlb edir. Seçilmiş resenziyaların kitabdakı rolu və əhəmiyyəti teatrşünaslıq düşüncəsinin nəzəriyyə və tarixlə məhdudlaşmadığını, canlı teatr prosesinə münasibət bildirmək və konkret tamaşaları qiymətləndirmək funksiyasını da əhatə etdiyini isbatlayır.
Tofiq Kazımov teatrına fərqli teatroloji münasibətin bariz nümunəsi Vidadi Qafarovun teatrşünas alim, professor Məryam Əlizadənin “Dördüncü ölçünün rəngləri” kitabına həsr etdiyi “Dördüncü ölçünün rəngləri və ya Tofiq Kazımov teatrına göy qurşağından baxış” başlıqlı məqaləsində əks edilir. “Dördüncü ölçü” və “göy qurşağı” ifadələri zaman, məkan, rənğ və çoxqatlı baxış assosiasiyaları yaradır.
“Müsahibələr” hissəsində sənətşünaslıq doktoru, professor İnqilab Kərimovla “Teatr qayğını hiss etməlidir” dialoqu və görkəmli teatr xadimi Hüseynağa Atakişiyevlə “Hamı qocalır da...” müsahibəsi ilə tanış oluruq.
Vidadi Qafarovun elmi axtarışlarında teatr sənətinə, onun fəlsəfi mahiyyətinə, milli mədəni yaddaşa və sənətkar şəxsiyyətinin yaradıcı dünyasına bu qədər həssaslıqla yanaşmağı “Teatr sənət deyildir” toplusunda daha ifadəli məna və düzümlə təqdim olunur. Müəllifin irəli sürdüyü mülahizələrin elmi əsaslara söykənməsi, faktların dəqiqliyi və müəllif mövqeyinin qorunması kitabın mühüm prioritetidir.
“Teatr sənət deyil” kitabı teatrı yalnız səhnə əsərlərinin və sənət növlərinin məcmusu kimi deyil, nəzəri düşüncənin, tarixi yaddaşın, milli mədəniyyətin, sənətkar şəxsiyyətinin və canlı teatr prosesinin qarşılıqlı münasibətləri daxilində araşdırmaq üçün əhəmiyyətli material təqdim edir. Həmçinin teatrşünaslıq elminin yeni elmi-nəzəri-ontoloji sənət platforması olaraq gələcəyin teatr tədqiqatçılarına müəllifin layiqli töhfəsidir.
Nərminə Ağayeva, AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent