Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı
05.11.2026 10:00
  • A-
  • A
  • A+

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı

Mədəniyyətlərarası dialoqdan danışarkən, adətən, fərqli xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı anlaşması, birgəyaşayışı və bir-birinə hörməti nəzərdə tutulur. Lakin müasir dünyanın siyasi reallıqları göstərir ki, məsələ bununla bitmir. Mədəni müxtəlifliyin qorunması beynəlxalq səviyyədə geniş şəkildə təşviq olunsa da, milli kimliyə münasibətdə ayrı-seçkilik, dövlətlərin suverenliyinə müdaxilə və beynəlxalq hüququn seçmə qaydada tətbiqi kimi problemlər hələ də qalmaqdadır. Bu ziddiyyət mühüm bir sual doğurur: qarşılıqlı hörmət yalnız mədəni fərqliliklərin tanınmasını nəzərdə tutur, yoxsa xalqların özünəməxsusluğuna və dövlətlərin müstəqil iradəsinə hörməti də əhatə etməlidir? Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışına məhz bu sual kontekstində nəzər salmaq mümkündür. Çünki fərqli mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı anlaşması özlüyündə dialoqun bütün şərtlərini əhatə etmir. Bu anlayış, eyni zamanda, xalqların milli kimliyinə, tarixi yaddaşına və özünəməxsusluqlarını qorumaq hüququna, dövlətlərin isə suverenliyinə və müstəqil siyasi iradəsinə hörmət edilməsini tələb edir. Prezidentin çıxışında milli kimlik, dövlət suverenliyi, beynəlxalq hüquq və sülh məsələlərinin eyni müzakirə kontekstində yer alması da məhz bu yanaşmanın ifadəsidir.

Azərbaycanın multikulturalizm təcrübəsi mədəni müxtəlifliklə milli birlik arasındakı münasibəti yalnız birgəyaşayış müstəvisində deyil, dövlətçilik və ictimai həmrəylik kontekstində də nəzərdən keçirməyə imkan verir. Prezidentin çıxışında bu təcrübənin tarixi köklərinə istinadla yanaşı, onun müasir Azərbaycanın ictimai-siyasi həyatındakı rolunun vurğulanması diqqət çəkir. Müxtəlif etnik və dini icmaların Konstitusiya ilə təsbit olunmuş bərabər hüquqlara malik olması, cəmiyyətin ümumi həyatında iştirak etməsi və ortaq milli ideyalar ətrafında birləşməsi bu yanaşmanın əsasını təşkil edir. Bu kontekstdə azərbaycançılıq ideyası xüsusi məna qazanır. Azərbaycançılıq ideyası milli birliyi etnik və dini fərqlərin aradan qaldırılmasında deyil, müxtəlif kimliklərin ortaq dövlətçilik və vətəndaşlıq dəyərləri ətrafında birləşməsi prinsipi ilə əsaslandırır. Prezidentin bu birliyin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə də nümayiş etdirildiyini vurğulaması isə multikulturalizmin yalnız mədəni müxtəlifliyin qorunması deyil, həm də cəmiyyətin həmrəyliyi və dövlətçilik iradəsi ilə əlaqəli təqdim olunduğunu göstərir.

Cənab Prezidentin çıxışında dilin, ənənələrin və milli dəyərlərin müxtəlif siyasi sistemlər şəraitində qorunub saxlanılması ilə bağlı fikirlər də xüsusi diqqətə layiqdir. Dövlət müstəqilliyinin olmadığı dövrlərdə xalqın öz dilini, adət-ənənələrini və həyat tərzini qoruması milli varlığın davamlılığını təmin edən başlıca amillərdən biri olmuşdur. Bu prosesdə dil xüsusi yer tutur. Çünki dil xalqın tarixi təcrübəsini, kollektiv yaddaşını, mənəvi dəyərlərini və dünyagörüşünü nəsildən-nəslə ötürən əsas vasitədir. Dastanlar, folklor nümunələri, atalar sözləri və şifahi ənənələr vasitəsilə ötürülən mədəni yaddaş dilin milli kimliyin qorunmasındakı rolunu daha da gücləndirir. Ənənələr və həyat tərzi ilə birlikdə dil xalqın keçmişi ilə bu günü arasında əlaqə yaradır, tarixi şərait dəyişsə də, milli özünəməxsusluğun qorunub saxlanmasına xidmət edir. Prezidentin müxtəlif siyasi sistemlər dövründə Azərbaycanın öz dilini, ənənələrini və milli dəyərlərini qoruyub saxlamasına dair fikirləri milli kimliyin siyasi şəraitdən asılı olmayaraq davamlılığını ifadə edir. Müstəqilliyin bərpası isə həmin milli iradənin siyasi ifadəsini tapmasına və xalqın öz gələcəyini müəyyənləşdirmək imkanına qovuşmasına şərait yaratmışdır. Mədəniyyətlərarası dialoqun siyasi məzmunu da məhz bu nöqtədə üzə çıxır. Öz milli kimliyini qorumaq hər bir xalqın təbii haqqıdırsa, dövlətlərin suverenliyinə hörmət də beynəlxalq münasibətlərin əsas prinsiplərindən biri olmalıdır. Prezidentin çıxışında beynəlxalq hüququn aliliyi və ikili standartlar məsələsinə geniş yer ayırması bu baxımdan təsadüfi deyil. Beynəlxalq hüquq normalarının dövlətlərin siyasi və iqtisadi çəkisindən asılı olmayaraq eyni meyarlarla tətbiqi beynəlxalq münasibətlərdə etimadın əsas şərtidir. Əks halda, hüquq universal prinsip olmaqdan çıxaraq siyasi maraqların təsiri altına düşür. Bu isə yalnız ayrı-ayrı dövlətlərin hüquqlarına deyil, beynəlxalq sistemin bütövlükdə etibarlılığına xələl gətirir. Azərbaycanın Qarabağ münaqişəsi dövründə üzləşdiyi vəziyyət beynəlxalq hüququn tətbiqindəki problemləri aydın şəkildə ortaya qoyur. Cənab Prezident 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin uzun müddət icra edilməməsini xatırladır. Prezident qətnamələrin icrasını təmin edən mexanizmin olmadığını və Ermənistana qarşı sanksiyaların tətbiq edilmədiyini vurğulayaraq bu vəziyyəti beynəlxalq siyasətdə ikili standartların təzahürü kimi qiymətləndirir. Bu məsələnin əhəmiyyəti Azərbaycanın həmin dövrdə üzləşdiyi problemlərlə məhdudlaşmır. Burada beynəlxalq hüququn nüfuzu ilə onun praktiki tətbiqi arasındakı ziddiyyət üzə çıxır. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən mexanizmlər işləmədikdə həmin qərarların hüquqi və siyasi təsir gücü də məhdudlaşır. Nəticədə beynəlxalq hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiqi prinsipi sual altına düşür. Hüquqi öhdəliklərin icrasının siyasi maraqlardan asılı olması isə beynəlxalq hüququn universallığına və beynəlxalq təsisatların ədalətli fəaliyyətinə olan inamı zəiflədir. Beynəlxalq hüququn universal prinsiplərinə əməl olunması mədəniyyətlərarası dialoqun etibarlılığı üçün də vacib şərtdir. Çünki qarşılıqlı hörmət yalnız xalqların mədəni və dini fərqliliklərinin tanınması ilə məhdudlaşmır. Bu prinsip xalqların öz müqəddəratını təyin etmək hüququna, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə münasibətdə də ardıcıl mövqe tələb edir. Mədəni müxtəlifliyə hörmətin beynəlxalq münasibətlərdə real məna kəsb etməsi üçün bərabərlik və ədalət prinsipləri siyasi maraqlardan asılı olmayaraq qorunmalıdır. Əks halda, mədəniyyətlərarası dialoq çərçivəsində irəli sürülən qarşılıqlı hörmət və bərabərlik çağırışları ilə beynəlxalq münasibətlərin praktiki reallıqları arasında ziddiyyət yaranır. Belə bir ziddiyyət isə dialoqun əsasını təşkil edən etimadı zəiflədir. Bu mənada beynəlxalq hüquqa hörmət dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsi olmaqla yanaşı, mədəniyyətlərarası dialoqun da siyasi və mənəvi əsaslarından biridir.

Çıxışın digər mühüm istiqaməti müharibədən sonrakı dövr və sülh məsələsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar bu kontekstdə xüsusi yer tutur. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətnini paraflamış, Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri isə ABŞ Prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzalamışdılar. Bu hadisələr sülh prosesində mühüm siyasi irəliləyişin əldə olunduğunu göstərir. Cənab Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycanın hərbi qələbədən sonra qisas almaq niyyətində olmadığını bəyan edərək Ermənistanla sülh sazişinin təşəbbüskarı kimi çıxış etməsidir. Prezident İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması istiqamətində nümayiş etdirdiyi siyasi iradə və göstərdiyi səylər bu prosesin mühüm tərəfini təşkil edir. Bu səylər sülh təşəbbüsünün konkret razılaşmalar və praktiki addımlarla möhkəmləndirilməsinə, regionda davamlı sabitliyin təmin olunmasına yönəlib. Dövlət sərhədlərinin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də əldə olunan razılaşmaların icrası regionda qarşılıqlı etimadın möhkəmlənməsi və uzunmüddətli sabitliyin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışın digər mühüm istiqamətlərindən biri Azərbaycanın beynəlxalq siyasəti və qlobal əməkdaşlıq platformalarında artan fəallığı ilə bağlıdır. Son illərdə müxtəlif coğrafi və siyasi mərkəzlərlə qurulan əlaqələr, strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsi və beynəlxalq təşkilatlarda fəal iştirak Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterini nümayiş etdirir. 2025-ci ildə Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin, ABŞ-la isə Strateji Xartiyanın imzalanması, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə və sazişlərin mövcudluğu Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrini inkişaf etdirdiyini göstərir. Azərbaycanın AQEM-də sədrliyinin daha iki il uzadılması, Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi qəbul edilməsi də ölkənin regional əməkdaşlıq proseslərində artan iştirakının göstəricilərindəndir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi və Azərbaycanın təşkilata sədrlik etməsi, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə Bakının ev sahibliyi etməsi nəzərdə tutulur. Bu planlar Azərbaycanın beynəlxalq tədbirlər və çoxtərəfli dialoq üçün mühüm platforma kimi rolunu bir daha önə çıxarır. Cənab Prezident Azərbaycanın iqtisadi potensialını, fəal xarici siyasətini, inklüziv cəmiyyətini, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələrini ölkənin beynəlxalq mövqeyini gücləndirən və gələcəyə nikbin baxmağa imkan verən mühüm amillər kimi səciyyələndirir. Bu baxımdan ölkənin beynəlxalq mövqeyi fərqli siyasi və mədəni platformalarla əməkdaşlıq qurmaq, müxtəlif tərəflərlə dialoqu davam etdirmək və ortaq maraqlar əsasında tərəfdaşlıqları inkişaf etdirmək imkanları ilə səciyyələnir. Azərbaycanın müxtəlif beynəlxalq əməkdaşlıq formatlarında iştirakı isə bu yanaşmanın praktik müstəvidə həyata keçirilməsini nümayiş etdirir. Beynəlxalq platformalar fərqli siyasi və mədəni mövqelərin müzakirəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, ortaq yanaşmaların formalaşdırılması və konkret əməkdaşlıq təşəbbüslərinin inkişaf etdirilməsi baxımından mühüm imkanlar yaradır. Bu platformaların fəaliyyəti çoxtərəfli əməkdaşlığın genişlənməsinə, dialoq ənənələrinin möhkəmlənməsinə və beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmanın inkişafına töhfə verir. Dialoqun davamlılığı isə onun prinsiplərinin beynəlxalq münasibətlərin praktikasında da qorunması ilə şərtlənir.

Prezident İlham Əliyevin çıxışında mədəniyyətlərarası dialoqun milli kimliyə, dövlətlərin suverenliyinə və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında inkişaf etdirilməsinin vacibliyi ön plana çıxır. Milli kimliyin qorunması, dilin və mədəni yaddaşın yaşadılması, dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüququn hamı üçün eyni meyarlarla tətbiqi və sülhə sadiqlik bir-biri ilə sıx bağlı məsələlərdir. Bunlar qarşılıqlı anlaşmanın və etibarlı beynəlxalq münasibətlərin əsas şərtlərini təşkil edir. Çünki həqiqi dialoq xalqların milli kimliyinə və öz tarixi-mədəni irslərini qorumaq hüququna, eləcə də dövlətlərin müstəqil iradəsinə hörmət əsasında mümkündür.

Arzu İsgəndərzadə, AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: