Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2026 10:12
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunun könüllülük proqramı çərçivəsində təşkil olunan nəzəri təlimlər yekunlaşıb

Arxeologiya və Antropologiya İnstitutunun könüllülük proqramı çərçivəsində təşkil olunan nəzəri təlimlər yekunlaşıb

AMEA Arxeologiya və Antropologiya İnstitutunun könüllülük proqramının əsas məqsədi könüllü gənclərin arxeologiya, tarix və antropologiya sahələri üzrə nəzəri biliklərinin genişləndirilməsi, müxtəlif tarixi dövrlər və arxeoloji mədəniyyətlər haqqında məlumatlılığının artırılması, eləcə də könüllülərin gələcək praktiki fəaliyyətə hazırlanmasıdır.

Təlim proqramı bir neçə elmi istiqaməti əhatə edib. İştirakçılar Paleolit və Mezolit dövrlərinin arxeoloji tədqiqi, Neolit və Xalkolit dövrlərinin arxeoloji mədəniyyətləri, Tunc və Erkən Dəmir dövrlərinin arxeoloji tədqiqi, Antik arxeologiya və tarix, Orta əsrlərin arxeoloji tədqiqi və İslam arxeologiyası, antropoloji tədqiqatlar, eləcə də muzey işinin inkişaf tarixi ilə bağlı mövzular üzrə məlumatlandırılıblar.

Təlimlərin ilk gününü AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi fond və ekspozisiya” şöbəsinin müdiri Orxan Zamanov açıb.

Daha sonra 27 oktyabr böyük elmi işçi, tarix elmləri doktoru, professor Məlahət Fərəcova tərəfindən “Paleolit və Mezolitin arxeoloji tədqiqi” mövzusunda mühazirə təqdim olunub.

Həmin istiqamət üzrə institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov tərəfindən təlim keçirilib. Eyni zamanda, Neolit və Xalkolit dövrlərinin arxeoloji mədəniyyətləri haqqında AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini, t.ü.f.d., dosent Pərviz Qasımov tərəfindən məlumat verilib.

Həmçinin, bu mövzular üzrə şöbə müdiri, t.ü.f.d., dosent Xaqani Alməmmədov, həmçinin xarici qonaq olan, Polşadan olan Almaniyanın Berlin Azad Universitetinin doktoru Karolina Hruby çıxış ediblər.

Tunc və Erkən Dəmir dövrlərinin arxeoloji tədqiqinə həsr olunan təlimləri t.e.d., professor Hidayət Cəfərov və t.ü.f.d, dosent Müzəffər Hüseynov keçirib.

Təlimlərdə Antik arxeologiya və tarix mövzusu üzrə institutun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova, Orta əsrlərin arxeoloji tədqiqi və İslam arxeologiyası mövzusu barəsində isə Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, elmi işçi Mircavid Ağalarov çıxış ediblər.

Antropoloji tədqiqatlar, eləcə də muzey işinin inkişaf tarixi istiqamətləri üzrə  mövzular institutun elmi işçisi Ülkər Allahverdiyeva və elmi işçi Günel Vəliyevanın apardığı təlimlərdə əksini tapıb.

Muzeydə turistlərlə bağlı bələdçilik işi mövzusunda son təlimi isə Ləman Kazımlı aparıb.

Təlimlər zamanı müxtəlif tarixi dövrlərin səciyyəvi xüsusiyyətləri, arxeoloji mədəniyyətlərin formalaşması və inkişafı, maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyəti, qədim cəmiyyətlərin həyat tərzi və Azərbaycanın arxeoloji irsi haqqında ətraflı məlumatlar təqdim olunub.

Könüllülər təlim prosesində fəal iştirak edib, öyrəndikləri mövzular ətrafında fikir mübadiləsi aparıb və onları maraqlandıran suallara cavablar əldə ediblər.

Nəzəri təlimlər könüllülük proqramının mühüm mərhələlərindən biri olmaqla iştirakçıların elmi biliklərinin möhkəmləndirilməsinə, arxeoloji irsin öyrənilməsi, qorunması və təbliği istiqamətində gələcək fəaliyyətlərinin formalaşdırılmasına xidmət edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: