Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

04.11.2026 11:50
  • A-
  • A
  • A+

Zəfər Günü: müasir Azərbaycan tarixinin ən şərəfli səhifəsi - Prezident İlham Əliyevin rəhbərliyi hərbi strategiyanın məntiqi zirvəsidir

Zəfər Günü: müasir Azərbaycan tarixinin ən şərəfli səhifəsi - Prezident İlham Əliyevin rəhbərliyi hərbi strategiyanın məntiqi zirvəsidir

Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyan bu tarixi hadisə və onu şərtləndirən strateji amillər aşağıdakı əsas istiqamətlərdə qruplaşdırılır: Cənab İlham Əliyevin illər boyu apardığı məqsədyönlü iqtisadi siyasət və ordu quruculuğu 44 günlük Vətən müharibəsində həlledici rol oynadı.

Azərbaycan Ordusu müasir hərb tarixinə yeni ssenari qazandıraraq, yüksək texnologiyalı və minimum itki ilə maksimum nəticə verən döyüş modelini nümayiş etdirdi. Müharibəyə qədərki dövrdə istər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident diqqəti Azərbaycanın ən ağrılı problemi olan Qarabağ məsələsinə yönəldirdi. Cənab İlham Əliyevin vurğuladığı kimi, siyasi strategiyada emosiyalara deyil, dəqiq hesablanmış milli maraqlara və güc balansına üstünlük verilməsi uzunmüddətli hədəflərin reallaşmasına zəmin yaratdı. Vətən müharibəsi dövründə cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media orqanlarına verdiyi 30-dan çox müsahibə Azərbaycanın haqlı səsini beynəlxalq ictimaiyyətə çatdırdı və dezinformasiya hücumlarını iflasa uğratdı. Həmçinin dünya hərb elminin qızıl fonduna daxil olan Şuşanın azad edilməsi əməliyyatı müharibənin taleyini həll edən həlledici zərbə oldu. Ordunun texniki təchizatı ilə şəxsi heyətin yüksək döyüş ruhunun birləşməsi düşmənin uzun illər boyu qurduğu müdafiə xətlərini qısa müddətdə darmadağın etdi.

Hazırda cənab Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq, reallaşdırdığı enerji layihələri, dünyada sülhyaratma prosesində fəal iştirakı bizləri qürurlandırır. Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki nailiyyətlərinin nəzərdən keçirilməsi Azərbaycan Ordusunun dünyanın ən qabaqcıl hərbi texnikası ilə təchiz edilməsi və modernləşdirilməsi istiqamətində aparılan işlərlə sıx bağlıdır. Məhz ölkədə hərbi sənayenin yaradılması və ordunun müasirləşməsi hərbi diplomatik sahədə qazanılan uğurlara zəmin yaradır. Qarabağ münaqişəsinin həlli istiqamətində qazanılan qələbələr Prezident İlham Əliyev tərəfindən ölkənin hərbi potensialının gücləndirilməsi və uğurlu siyasi diplomatiyası­nın vəhdəti nəticəsində mümkün olmuşdur.

Prezident İlham Əliyevin Azərbaycan tarixi ilə bağlı irəli sürdüyü danılmaz faktlar hər bir vətəndaşımızın qarşısında real tarixin öyrənilməsi, tarixə məsuliyyətli münasibət kimi çox ciddi öhdəlik qoyur. Bəli, aparılan düzgün siyasət nəticəsində bu gün dünya məhz dövlət başçısı İlham Əliyevin konkret faktları, gətirdiyi dəlillərlə erməniliyin əsl mahiyyətini dərk edir və erməni ideologiyasının başlıca prinsiplərini başa düşür.

Prezident İlham Əliyevin qətiyyəti bir çox məsələlərdə Azərbaycana uğurlar qazandırdı. Prezident İlham Əliyev müdrik dövlət xadimi kimi Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksini yaratdı. Bu, başqa dövlətlərin ağır sənaye kompleksindən ölkəmizin asılılığını azaltmaq yolunda atılan məqsədyönlü addım idi. Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı diaspor təşkilatları ilə görüşüb, söhbət etməsi, hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq Azərbaycanın bir parçası olması fikrini onlara təlqin etməsi unudulmaz anlardı.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda həyata keçirdiyi işləri davam etdirən Ali Baş Komandan İlham Əliyev peşəkar zabitlərin yetişdirilməsinə xüsusi diqqət ayırırdı. Bu sahədə Türkiyə, İsrail, ABŞ və digər güclü orduları olan dövlətlərlə əməkdaşlıq gücləndirilmişdir. İxtisaslı zabitlərin hazırlanmasından əlavə, orduda xüsusi elit qoşun növlərinin yaradılmasına da əhəmiyyət verilmişdir. Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin mənsubları ABŞ və Türkiyədə keçirilən yarışlarda dəfələrlə qalib olmuşlar.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə Türkiyənin "TRT Haber", "CNN Türk", "Haber Global",  "Habertürk", "NTV", "A Haber", Rusiyanın "Rossiya-1", "Pervıy Kanal", "RBK" kanalları, TASS,  "İnterfax", "Ria Novosti" agentlikləri, Almaniyanın "ARD", Böyük  Britaniyanın "Sky  News", ABŞ-nin "Fox News", İspaniyanın  EFE televiziya kanallarının, İtaliyanın "Rai1" televiziya kanalının və  "la Repubblica" qəzetinin, Fransanın "France 24"  televiziya kanalı və "Le Figaro" qəzetinin, Yaponiyanın "Nikkei" qəzeti, o cümlədən nüfuzlu "Euronews", CNN, "BBC News", "Al Jazeera", "Al Arabiya" televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrin hər biri böyük dərslər idi. Prezident İlham Əliyevin təcrübəsi, diplomatiyası, sərkərdəlik qabiliyyəti tək postsovet məkanında deyil, regiondan kənarda da analiz edilir, öyrənilir.

Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq, dünya birliyinin bu kontekstdə məlumatlandırılması və əlaqələrin inkişaf etdirilməsi Prezident İlham Əliyevin siyasi strategiyasının əsas xəttini təşkil edirdi. Ali Baş Komandan İlham Əliyev Ordumuzun gücü ilə bir neçə on ilin, hətta əsrin problemini cəmi 44 gün içində həll etdi. Azərbaycan ordusu düşmənin 30 il müddətində qurduğu istehkamları dağıtdı, hərbi texnikasını sıradan çıxardı, onların bütün növ hərbi qoşun hissələrinə sarsıdıcı zərbələr vuraraq məhv etdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulmuşdur. Bütün bunlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, gərgin əməyi nəticəsində şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur.

Günel MƏLİKLİ, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

  • Paylaş: