Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

26.11.2026 17:25
  • A-
  • A
  • A+

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da AMEA-nın Rəyasət Heyətində olub.

Qonaqları Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bir sıra üzvləri müşayiət edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanı qarşılayaraq gül dəstələri təqdim edib.

Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binası ilə tanışlıq zamanı AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Ərtegin Salamzadə ölkə əhəmiyyətli bu abidənin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verib. Qeyd edib ki, bina 1908-1913-cü illərdə Azərbaycanın neft milyonçusu Musa Nağıyev tərəfindən vaxtsız vəfat edən oğlu İsmayılın xatirəsinə tikdirilib. O, “İsmailiyyə” binası kimi tanınan tikilinin inşasında orta əsrlər Avropa memarlığında geniş yayılmış Qotika üslubu ilə yanaşı, Azərbaycanın milli ornamentlərinin də istifadə edildiyini söyləyib. Diqqətə çatdırıb ki, bina 1918-ci ilin Mart hadisələri zamanı ermənilər tərəfindən yandırılıb və növbəti illərdə bərpa olunub.

Daha sonra qonaqlar AMEA-nın Rəyasət Heyətinin binasındakı Böyük akt zalı ilə tanış olublar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara Azərbaycan-Özbəkistan elmi münasibətləri və qardaş ölkənin Elmlər Akademiyası ilə yenilənməkdə davam edən əlaqələri haqqında məlumat verib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv Ərtegin Salamzadə iştirakçılara çatdırıb ki, Birinci Türkoloji Qurultay 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda məhz bu zalda keçirilib və Qurultayda Özbəkistan da təmsil olunub. Bildirib ki, sonradan Qurultayın 100-dən çox iştirakçısı repressiya qurbanı olub. O, 2026-cı ildə Qurultayın 100 illiyinin ölkəmizdə, o cümlədən Akademiyanın bu zalında Türk dünyası ziyalılarının, o cümlədən Özbəkistan alimlərinin də iştirakı ilə geniş qeyd olunduğunu söyləyib.

Həmçinin qonaqlar Azərbaycan-Özbəkistan dostluq əlaqələrini əks etdirən videoçarxa baxıblar. Tədbir zamanı Birinci Türkoloji Qurultaya və Azərbaycan-Özbəkistan elmi əlaqələrinə dair slaydlar nümayiş etdirilib.

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti kitab sərgisi ilə də tanış olub. Akademik İsa Həbibbəyli uzun illər sonra aşkarlanan və AMEA-da nəşr olunan özbək əsilli dilçi alim Xalid Səid Xocayevin tərcümə etdiyi Mahmud Kaşğarinin 3 cildlik “Divanü-lüğat-it-türk” əsərini qonaqların diqqətinə çatdırıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Özbəkistanın elm və ali təhsil ocaqları ilə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruri olduğunu deyib.

Daha sonra xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: