18 noyabr 2026-cı il tarixində Azərbaycan–özbək folklor əlaqələri çərçivəsində "Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Özbəkistan Respublikası Elmlər Akademiyası, AMEA Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun birgə təşkilatçılığı ilə onlayn formatda keçirilir.
Beynəlxalq elmi konfransın həmsədrləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Şavkat Ayupovdur.
Noyabrın 18–20-ni əhatə edən konfransın əsas məqsədi Azərbaycan və özbək xalqları arasında folklor əlaqələrinin, ortaq türk folklor irsinin, ənənə və motivlərin tarixi-müqayisəli, tarixi-genetik və tipoloji aspektlərdən araşdırılması, müqayisəli folklorşünaslığın aktual nəzəri-metodoloji problemlərinin müzakirəsi və elmi əməkdaşlığın genişləndirilməsidir.
Konfrans, həmçinin Azərbaycan və Özbəkistan folklorşünaslarının gələcək birgə tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə, eləcə də Əməkdaşlıq Memorandumunda 2027–2028-ci illər üçün nəzərdə tutulan “Müqayisəli folklorşünaslıq” monoqrafiyasının hazırlanması üçün elmi-nəzəri bazanın formalaşdırılmasına xidmət edir.
Tədbir çərçivəsində türk xalqlarının ortaq folklor nümunələri, folklor ənənələri arasındakı qarşılıqlı əlaqə və təsirlər, eləcə də folklorun müqayisəli tədqiqinin nəzəri və metodoloji məsələləri ətrafında elmi müzakirələrin aparılması nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.