COP31 çərçivəsində Xəzər regionunda iqlim dəyişmələrinə uyğunlaşma və monitorinq məsələlərinə həsr olunmuş beynəlxalq tədbir keçirilib.
Tədbirdə “Xəzər İqlim Qalxanı” (Caspian Climate Shield) adlı dövlətlərarası sistemin təqdimatı keçirilib və beynəlxalq elmi müzakirələr aparılıb.Tədbirdə Azərbaycanı Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zaur İmrani təmsil edib.
Tədbirin əsas məqsədi Xəzər dənizi hövzəsində iqlim dəyişmələrinin yaratdığı ekoloji və hidroloji problemlərin müzakirəsi, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı risklərin qiymətləndirilməsi, region ölkələri arasında elmi əməkdaşlığın genişləndirilməsi və birgə monitorinq mexanizmlərinin inkişaf etdirilməsi olub.
Proqram çərçivəsində Xəzər dənizinin səviyyə tərəddüdləri, iqlim dəyişmələrinin təsiri altında buz rejimində baş verən dəyişikliklər, dənizin geri çəkilməsinin regional sabitliyə, nəqliyyat-logistika əlaqələrinə və sahilyanı ərazilərdə yaşayan əhalinin həyat şəraitinə təsirləri müzakirə edilib. Bununla yanaşı, Qazaxıstan çaylarının hidroloji rejimində baş verən dəyişikliklər, ekstremal hidroloji hadisələrlə bağlı risklər, Qərbi Qazaxıstan regionunda daşqınların yaranma səbəbləri və Xəzər dənizinin səviyyəsinin uzunmüddətli proqnozlaşdırılması məsələlərinə dair elmi məruzələr təqdim olunub.
Tədbirdə Coğrafiya İnstitutunun direktoru c.e.d Zaur İmrani “Xəzər dənizinin Azərbaycan sektorunda səviyyə dəyişmələri və iqlim tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Xəzər dənizinin səviyyə dəyişmələri ilə iqlim amilləri arasındakı əlaqə, eləcə də bu proseslərin Azərbaycan sektorunda yaratdığı ekoloji və coğrafi nəticələrin elmi baxımdan qiymətləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı Xəzər regionunda müşahidə olunan ekoloji problemlərin həllinin ayrı-ayrı ölkələrin deyil, bütövlükdə hövzə dövlətlərinin birgə fəaliyyətini tələb etdiyi vurğulanıb. İqlim dəyişmələri, su ehtiyatlarının idarə olunması, sahilyanı ərazilərin ekoloji təhlükəsizliyi və ekstremal təbiət hadisələrinin proqnozlaşdırılması istiqamətlərində beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Beynəlxalq tədbir Xəzər hövzəsində iqlim və su təhlükəsizliyi məsələlərinin kompleks şəkildə araşdırılması, elmi bilik və təcrübə mübadiləsinin aparılması, eləcə də region ölkələri arasında davamlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Coğrafiya İnstitutunun bu beynəlxalq platformada təmsil olunması Azərbaycanın Xəzər regionunun aktual coğrafi və ekoloji problemlərinin öyrənilməsinə verdiyi elmi töhfələrin beynəlxalq səviyyədə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.