Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminarı ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb və məruzənin mövzusu barədə məlumat verib.
Onlayn formatda keçirilən elmi seminarda “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi Aynurə Həsənova “HD148743 İfratnəhəng ulduzunun spektrində hıdrogen xətlərinin tədqiqi” mövzusunda çıxış edib. HD 148743 ifratnəhəng ulduzunun uzunmüddətli spektral müşahidələrinin nəticələri təqdim edilib.
Tədqiqatda A7 Ib spektral tipli HD 148743 ulduzunun 2016–2023-cü illərdə ŞAR-ın 2 metrlik teleskopunda ShaFES eşelle spektroqrafı ilə alınmış spektrlərindən istifadə olunub. Spektrlər IRAF proqram paketi ilə emal edilib. Hidrogenin Balmer seriyasına aid Hα, Hβ, Hγ və Hδ xətlərinin profilləri və spektral parametrlərinin zamanla dəyişməsi araşdırılıb. Hα xəttinin profilində zamandan asılı dəyişən müxtəlif komponentlər müşahidə edilib. Tədqiqatda Fe II, Na I D₁ və D₂, həmçinin Si II xətlərinə baxılıb.
Təhlil nəticəsində Hα, Hβ və Hγ xətlərinin şüa sürəti ilə ekvivalent eninin 62 ± 1 gün periodla sinxron dəyişdiyi müəyyən edilib. Bu dəyişkənliyin öyrənilməsi ifratnəhəng ulduzların atmosferlərində gedən prosesləri araşdırmağa imkan verir. Bu proseslər isə öz növbəsində massiv ulduzların atmosferlərinin modelləşdirilməsində əsas rol oynayır.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda əldə olunan nəticələr təqdim olunub və iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.