AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda institutun şöbələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin illik vəziyyəti müzakirə olunub.
İclası institutun direktoru professor Nadir Məmmədli açaraq bildirib ki, Azərbaycan dilinin qorunması, inkişafı və cəmiyyətin müxtəlif sahələrində daha geniş tətbiqi mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin ana dili və onun qorunması ilə bağlı çıxışları Azərbaycan dilinin dövlət səviyyəsində inkişafına və tədqiqinə göstərilən yüksək diqqətin bariz ifadəsidir. Bu sahədə görülən işlər dövlət dil siyasətinin uğurla həyata keçirilməsinə, Azərbaycan dilinin elmi əsaslarla araşdırılmasına və onun cəmiyyətdə nüfuzunun daha da gücləndirilməsinə xidmət edir.
Sonra elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.
Iclas zamanı Axərbaycan dilinin Orfoqrafiya, Orfoepiya və İzahlı lüğətlərinin hazırlanması məsələsi də müzakirə olunub.Hesabat ilində yerinə yetirilən plan işləri, yeni nəşrlər, alimlərin mətbuatda çıxışları, beynəlxalq və respublika konfranslarda iştirakı haqqında məlumatlar verilib.
AMEA-nın institutlarında illik elmi hesabatların yeni rəqəmsal model əsasında hazırlanması, rəqəmsal qiymətləndirmə meyarlarının tətbiqi və bal sistemi ilə qiymətləndirilməyə keçid istiqamətində görüləcək işlər haqqında professor Məsud Mahmudovun təqdimatı dinlənilib.
Hesabatın dinlənilməsindən sonra şöbələrdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin illik vəziyyəti qənaətbəxş qiymətləndirilib, qarşıdakı dönəm üçün müvafiq tapşırıqlar və tövsiyələr verilib.
Sonda cari məsələlərə baxılıb, elan olunmuş müsabiqələrə uyğun olaraq vakant yerlərə seçkilər keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.