Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünas alimlərin ərəb və türk ənənələrində milli kimlikdən bəhs edən məqaləsi “Web of Science” bazasında indeksləşdirilən jurnalda dərc olunub
16.11.2026 14:28
  • A-
  • A
  • A+

Şərqşünas alimlərin ərəb və türk ənənələrində milli kimlikdən bəhs edən məqaləsi “Web of Science” bazasında indeksləşdirilən jurnalda dərc olunub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun alimləri - filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva və filologiya üzrə fəlsəfə doktoru Əzizə İsmayılovanın həmmüəllif olduqları “Literary Resistance in the Near East: A Comparative Analysis of National Identity in Arab and Turkish Traditions” (Yaxın Şərqdə ədəbi müqavimət: ərəb və türk ənənələrində milli kimliyin müqayisəli təhlili) adlı məqalə Rumıniyada “Web of Science” bazasında indeksləşdirilən “Agathos:  An International Review of the Humanities and Social Sciences” jurnalında dərc olunub.

Məqalədə ərəb və türk ədəbi ənənələri daxilində müqavimət dövrü hekayələrinin müqayisəli təhlili təqdim olunur. Hər iki mədəniyyətin milli kimliyi və mədəni suverenliyi qorumaq üçün ədəbiyyatdan necə istifadə etdiyi araşdırılır. Məqalədə bildirilir ki, ərəb müqavimət ədəbiyyatı və Tənzimat dövründən milli ədəbiyyat dövrünə qədər türk ədəbi hərəkatı imperiya tənəzzülünə və xarici təzyiqlərə qarşı oxşar müqavimət nümunələri əks etdirmişlər. Postkolonial nəzəriyyəyə, Edvard Səid və Frants Fanonun çərçivələrinə əsaslanan bu tədqiqatda müqavimətin ideoloji, mədəni və psixoloji ölçüləri araşdırılır. Ərəb Nəhdə və Türk Milli Ədəbiyyat hərəkatlarını birləşdirərək tədqiqatda mədəni hekayələr, azadlıq, ədalət və insan ləyaqəti kimi universal dəyərləri müdafiə etmək üçün istifadə edilən ortaq estetik strategiyalar əsas tədqiqat obyekti kimi araşdırmaya cəlb olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: