AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri, bilologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Asiya Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən təqdimetmə mərasimində Asiya Elmlər Akademiyasının vitse-prezidentləri – UNEC-in rektoru, professor Ədalət Muradov və professor Elşən Hacızadə akademiyanın yeni seçilmiş üzvlərinə müvafiq sənədləri və döş nişanlarını təqdim ediblər.
Yeni üzvlər sırasında AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin müdiri Tubuxanım Qasımzadənin də yer alması sevindirici hadisədir.
Biologiya, botanika, ekologiya və genetika sahələrindəki araşdırmaları ilə tanınan Tubuxanım Qasımzadənin elmi fəaliyyəti Azərbaycanın flora və bitki örtüyünün öyrənilməsi, Şirvan bölgəsinin ekoloji-geobotaniki qiymətləndirilməsi, nadir bitki növlərinin qorunması və ətraf mühit problemlərinin tədqiqi istiqamətlərini əhatə edir. 200-dən artıq elmi əsərinin, o cümlədən 5 kitab və 1 ixtirasının nəşr olunması, beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı və müxtəlif elmi qurumlardakı səmərəli fəaliyyəti onun zəngin yaradıcılığının göstəricisidir.
AMEA-da təşkilati fəaliyyəti ilə də seçilən Tubuxanım Qasımzadə elmin cəmiyyətə çatdırılması, gənc tədqiqatçıların elmi proseslərə cəlb olunması, alimlər arasında əlaqələrin genişləndirilməsi və elmi nailiyyətlərin təbliği istiqamətində də fəal iş aparır.
Turan Elmlər Akademiyasının akademiki, AMEA-nın “Əziz Səncər” döş nişançısı Tubuxanım Qasımzadəni ürəkdən təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.