Şərq ədəbiyyatının iki qüdrətli nümayəndəsi – Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə özbək ədəbiyyatının görkəmli siması Əlişir Nəvainin yaradıcılığı əsrlər boyu ədəbi-fəlsəfi düşüncənin inkişafına, xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərib. Hər iki sənətkarın əsərlərində əksini tapan humanizm, ədalət, mənəvi kamillik, insan sevgisi və yüksək əxlaqi dəyərlər onların yaradıcılığını ümumbəşəri səviyyəyə yüksəldib. Bu baxımdan Nizami Gəncəvi və Əlişir Nəvai irsinin qarşılıqlı əlaqələrinin, poetik ənənələrinin və ideya yaxınlığının öyrənilməsi Azərbaycan və özbək ədəbiyyatşünaslığının mühüm tədqiqat istiqamətlərindəndir.
Bu fikirləri açıqlamasında filologiya elmləri doktoru, professor Almaz Ülvi söyləyib. O, “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai” adlı kitabında iki böyük sənətkarın yaradıcılığını müqayisəli ədəbiyyatşünaslıq müstəvisində araşdırıb. Nəşrdə müxtəlif nəsillərə mənsub alim və tədqiqatçıların elmi araşdırmaları ümumiləşdirilərək Nizami Gəncəvi və Əlişir Nəvainin ideya-estetik irsi, “Xəmsə” ənənəsi, poetik düşüncəsi və bədii obrazlar sistemi vahid elmi kontekstdə təqdim olunub.
Kitabın əsas elmi istiqamətlərindən biri Nizami Gəncəvinin yaratdığı ədəbi-fəlsəfi ənənənin Əlişir Nəvai yaradıcılığında davam etdirilməsi və yeni bədii çalarlarla zənginləşdirilməsidir. Müəllif hər iki şairin əsərlərindəki mövzu, süjet, obraz və ideya paralellərinə diqqət yetirərək onların poetik irsinin özünəməxsus xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edib. Xüsusilə Nəvainin Nizami yaradıcılığından bəhrələnməklə yanaşı, doğma türk – cığatay dilində müstəqil bədii-fəlsəfi düşüncə sistemi formalaşdırması elmi baxımdan dəyərləndirilib. Nəşrdə hər iki mütəfəkkirin yaşadığı tarixi dövr, ictimai-siyasi mühit, şəxsiyyəti və nəsil şəcərəsi də geniş araşdırılıb. Nizami Gəncəvinin doğma yurdu Gəncə ilə bağlılığı, onun ata və ana xətti üzrə mənşəyinə dair tarixi məlumatlar, habelə şairin əsərlərinin əlyazma nüsxələrində sonrakı katiblər tərəfindən edilmiş dəyişiklik və təhriflər elmi mənbələr əsasında nəzərdən keçirilib.
Kitabda Əlişir Nəvainin həyatı və fəaliyyəti ilə bağlı məsələlər də geniş yer tutur. Teymurilər dövrünün və Herat ədəbi mühitinin yetirməsi olan mütəfəkkirin zadəgan nəsli, dövlət idarəçiliyindəki fəaliyyəti, “Əmiri-Kəbir” – baş vəzir kimi tutduğu mövqe, nəqşibəndilik təriqəti ilə bağlılığı və şəxsi həyatının elmi ədəbiyyatda az işıqlandırılmış məqamları müasir tədqiqat yanaşmaları əsasında şərh edilir.
Müəllif Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai irsinin öyrənilməsi tarixini də diqqətdə saxlayıb. XX əsrdən başlayaraq bu istiqamətdə aparılan tədqiqatlar, klassiklərin yaradıcılığının təbliği və elmi irsinin sistemləşdirilməsi sahəsində görülən işlər kitabda öz əksini tapıb.
Kitabın diqqətçəkən istiqamətlərindən biri də Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına və Nizami Gəncəvi yaradıcılığına erkən yaşlarından göstərdiyi marağın araşdırılmasıdır. Müəllifin təqdim etdiyi məlumatlara görə, Nəvai hələ dörd yaşında olarkən Qasım Ənvarın şeirlərini əzbər bilib, sonrakı illərdə isə Nizami Gəncəvinin “Xəmsə”si ilə yaxından tanış olaraq onun bədii-fəlsəfi dünyasından bəhrələnib. Bu ədəbi təsirin Nəvainin yaradıcılığında necə təzahür etməsi, xüsusilə “Heyrətül-əbrar” və “Leyli və Məcnun” poemalarının ideya və poetik xüsusiyyətləri müqayisəli təhlil əsasında açıqlanıb.
Almaz Ülvi araşdırmasında Nizami və Nəvai yaradıcılığını yalnız təsir və ənənə münasibətləri çərçivəsində deyil, həm də hər iki sənətkarın fərdi yaradıcılıq xüsusiyyətləri, dünyagörüşü və bədii-fəlsəfi yanaşmaları baxımından qiymətləndirib. Bu yanaşma Şərq ədəbiyyatında “Xəmsə” ənənəsinin inkişaf mərhələlərini, onun müxtəlif xalqların ədəbi düşüncəsində qazandığı yeni məzmunu izləməyə imkan verir.
Bu nəşrin filoloqlar, ədəbiyyatşünaslar, şərqşünaslar, gənc tədqiqatçılar və klassik ədəbi irslə maraqlanan geniş oxucu auditoriyası üçün faydalı elmi vəsait olacağı gözlənilir.