Qafqaz Albaniyası irsi beynəlxalq elmi müstəvidə müzakirə edilib
Görkəmli albanşünas alim, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində” adlı XIII Beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın Tarix və Etnologiya İnstitutunda keçirilən konfransda Azərbaycan və xarici ölkələrdən tarix, arxeologiya, antropologiya, ilahiyyat, filologiya, dilçilik və dinşünaslıq kimi müxtəlif elmi istiqamətləri təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.
Tədbiri açan Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov beynəlxalq konfransın Azərbaycan tarix elminin inkişafına və albanşünaslığın müstəqil tədqiqat istiqaməti kimi formalaşmasına mühüm töhfələr vermiş professor Fəridə Məmmədovanın elmi irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Qeyd edib ki, Azərbaycan albanşünaslığının formalaşması və inkişafında Tarix və Etnologiya İnstitutu mühüm rol oynayıb. Eyni zamanda, bu elmi istiqamətin təşəkkülündə, onun müasir elmi konsepsiyasının əsaslarının yaradılmasında görkəmli alim Fəridə Məmmədovanın, akademik Ziya Bünyadovun və digər tədqiqatçıların müstəsna xidmətləri olub.
Professor Kərim Şükürov diqqətə çatdırıb ki, görkəmli alimin yubileyinə həsr olunmuş XIII Beynəlxalq elmi konfransın tezislər toplusu da çap olunub.
Sonra giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransın həm elmi-nəzəri, həm də praktik baxımdan son dərəcə aktual olduğunu vurğulayıb. Qafqaz Albaniyasının tarixi və mədəni irsinin təkcə Azərbaycan elmi üçün deyil, beynəlxalq humanitar və tarixi araşdırmalar kontekstində də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Akademik bildirib ki, son illərdə bu sahədə müəyyən tədqiqatlar aparılsa da, albanşünaslığın yeni mərhələsində həllini gözləyən, elmi və ictimai əhəmiyyət kəsb edən mühüm məsələlər mövcuddur.
AMEA rəhbəri qeyd edib ki, Qafqaz Albaniyası dövlətinin tarixi əraziləri və mədəni-tarixi abidələrinin mənsubiyyəti ilə bağlı bölgədə hələ də əsassız iddialar, mübahisələr, fərqli yanaşmalar müşahidə olunur və məhz bu səbəbdən albanşünaslıq Akademiya üçün prioritet elmi istiqamətlərdən biridir.
Akademik bu sahədə mərhum professor Fəridə Məmmədovanın və onun elmi məktəbinin yetirmələrinin xidmətlərini qeyd etməklə yanaşı, uzun müddət Azərbaycanda albanşünaslığın sistemli və kompleks şəkildə öyrənilmədiyini də diqqətə çatdırıb. Bildirib ki, ayrı-ayrı tədqiqatçıların səyləri istisna olmaqla, bu sahədə kompleks elmi yanaşma yetərincə formalaşmayıb.
AMEA rəhbəri məsələnin aktuallığını artıran əsas amillərdən birinin Qafqaz Albaniyası irsinin yayıldığı ərazilərin böyük hissəsinin işğaldan azad olunması ilə yaranmış yeni tarixi reallıq olduğunu vurğulayıb. Bildirib ki, artıq tarixi abidələrə və ərazilərə çıxış imkanlarının yaranması arxeoloji qazıntılar, etnoqrafik araşdırmalar və tarixi tədqiqatlar üçün geniş imkanlar və yeni perspektivlər açır.
Akademik İsa Həbibbəyli son dövrlərdə baş verən Azərbaycan ərazisindəki Qafqaz Albaniyası abidələrinə dair əsassız erməni iddiaları ilə bağlı hadisələrin də bu istiqamətdə işlərin sürətləndirilməsini zəruri etdiyini bildirib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri zamanı üzə çıxan yeni vandalizm faktlarına və Ermənistan tərəfinin qeyri-obyektiv, kəskin reaksiyasına diqqət çəkib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan ərazisindəki Qafqaz Albaniyası abidələrinin rəqəmsal pasportlaşdırılmasıdır ki, artıq bu sahədə müəyyən işlər görülüb və bu, abidələrin tarixi dövlətçiliyimizin ayrılmaz tərkib hissəsi olduğunu, Azərbaycan xalqının mədəni irsinə məxsusluğunu elmi faktlarla əsaslandırmaq baxımından zəruri addımdır.
AMEA rəhbəri Qafqaz Albaniyası irsinin epiqrafika, folklor, dil, ədəbiyyat, sənətşünaslıq və memarlıq istiqamətləri üzrə hərtərəfli öyrənilməsinin zəruriliyini də diqqətə çatdırıb. Bununla yanaşı, görkəmli tədqiqatçı Fəridə Məmmədovanın elmi əsərlərinin yenidən nəşrinin və geniş ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Strateji araşdırmalar sektorunun müdiri Fuad Axundov həm tarix elmi, həm mədəniyyət müstəvisində aparılan informasiya müharibəsinin mahiyyətinə diqqət çəkib. Bildirib ki, torpaqlarımızın işğaldan azad olunması və tarixi ədalətin bərpası beynəlxalq ictimaiyyətin diqqətində olsa da, elmi məkan, informasiya və mədəniyyət müstəvisində mübarizə hələ də davam edir. Fuad Axundovun sözlərinə görə, qarşı tərəfin qərəzli yanaşmaları və aqressiv ritorikası bu sahədə fasiləsiz və prinsipial fəaliyyətin həyata keçirilməsini zəruri edir.
Fuad Axundov çıxışında görkəmli alim Fəridə Məmmədova ilə bağlı bir xatirəsini də bölüşüb. Bildirib ki, həmin dövrdə elmi nəşrlərin çapı və yayılması olduqca çətin şəraitdə, müxtəlif təzyiqlər altında həyata keçirilirdi. Nəşriyyat və mətbəə prosesində yaranan çətinliklərə və nəşrlərin tirajının məhdudlaşdırılması cəhdlərinə baxmayaraq, Fəridə Məmmədova prinsipial mövqe nümayiş etdirərək elmi həqiqətlərin, tarixi-fəlsəfi və hüquqi mövzuların işıqlandırılmasından geri çəkilməyib.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Fəridə Məmmədova – 90: albanşünaslıqda yeni mərhələ” mövzusunda məruzə ilə çıxış edərək görkəmli Azərbaycan tarixçisi Fəridə Məmmədovanın həyat və fəaliyyəti, zəngin elmi irsi, Qafqaz Albaniyasının tarixinin araşdırılması sahəsindəki xidmətləri və beynəlxalq elmi nüfuzu barədə danışıb.
Azərbaycan Dillər Universiteti nəzdində Azərbaycanşünaslıq və Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov çıxış edərək rəhbərlik etdiyi qurumun artıq on ilə yaxındır Qafqaz Albaniyası irsinin araşdırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.
Rəvan Həsənov qeyd edib ki, görkəmli alim Fəridə Məmmədovanın etimadı və dəstəyi sayəsində alimin əsərlərinin ingilis dilinə tərcüməsi, müəllifi olduğu kitabların mərkəzin dəstəyi ilə nəşri və xarici ölkələrdə təqdimatlarının keçirilməsi mümkün olub.
Mərkəzin direktoru qeyd edib ki, Qafqaz Albaniyası tarixinin siyasiləşdirilməsi və qərəzli yanaşmalar hələ də davam etdiyi üçün Azərbaycan alimlərinin üzərinə həm akademik, həm də milli məsuliyyət düşür. Rəvan Həsənov bu istiqamətdə elmi əlaqələrin genişləndirilməsinin, gənc və yeni tədqiqatçıların, o cümlədən xarici alimlərin, eləcə də sağlam elmi mövqedən çıxış edən digər mütəxəssislərin, gürcü və rusiyalı həmkarların tədqiqat prosesinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Plenar hissədə Qərbi Avropa Patriarx Ekzarxatının Maltadakı həvari Pavel adına pravoslav icmasının rəhbəri, ilahiyyat üzrə fəlsəfə doktoru Andrey Nikonorovun “Qafqaz Albaniyasının xristian dövlətçiliyi IX–XII əsrlərdə Yaxın Şərqin polikonfessional mühitində” və Rusiyanın “Klyuçar” nəşriyyatının redaktoru, tədqiqatçı Filipp Ekozyantsın “XIX əsrə qədər erməni kilsə ənənəsində kilsə taxtlarının çoxluğu. Gəncəsar katolikosluğunun müstəqilliyi” mövzusunda məruzələri dinlənilib.
Çıxışlarda AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın elmi fəaliyyətinin, elmi-təşkilati təşəbbüslərinin və həqiqət naminə göstərdiyi əzmkarlığın bu gün də mühüm mənəvi istiqamət və örnək olduğu vurğulanıb. Eyni zamanda, Qafqaz Albaniyasının xristian irsinin Qafqazın və Yaxın Şərqin tarixi məkanında xüsusi əhəmiyyəti, Alban abidələrinin tarixi, digər xristian mərkəzlərilə qarşılıqlı münasibətlərə dair tədqiqatlara toxunulub.
Beynəlxalq konfrans plenar məruzələrdən sonra Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin əsas problemlərini əhatə edən bölmə iclasları ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.