AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu yarandığı gündən etibarən beynəlxalq miqyasda nüfuz qazanmış görkəmli alimlərinin böyük xidmətləri sayəsində dünya şərqşünaslıq elmində özünəməxsus və aparıcı mövqe tutmuşdur.
Akademiklər Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Həmid Araslı, professorlar Aida İmanquliyeva, Rüstəm Əliyev kimi böyük elm fədailərinin təməlini qoyduğu zəngin elmi ənənələr bu gün də institutda yüksək səviyyədə və layiqincə davam etdirilir.
Müasir dövrdə Şərqşünaslıq İnstitutunda qlobal elmi əhəmiyyətə malik fundamental araşdırmalar aparılır, orta əsrlərə dair nadir yazılı abidələr tədqiq edilərək nəşr olunur, müxtəlif Şərq dillərindən dilimizə və əksinə qiymətli elmi-bədii tərcümələr həyata keçirilir. Xüsusilə ərəbşünaslıq istiqamətində əldə olunan sanballı nailiyyətlər dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir.
Bu günlərdə Qətər Dövlətinin təsis etdiyi nüfuzlu Şeyx Həməd Tərcümə və Beynəlxalq Anlaşma Mükafatının 12-ci mövsümünün qalibləri sırasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun da yer alması Azərbaycan elminin müasir mərhələdə beynəlxalq nüfuzunun növbəti parlaq təsdiqidir.
Qətərin paytaxtı Dohada keçirilən təntənəli mükafatlandırma mərasimində “Nailiyyət kateqoriyası” üzrə Şərqşünaslıq İnstitutuna uzunmüddətli, ardıcıl və sistemli tərcümə fəaliyyətinə görə ali mükafat təqdim olunub. Mükafatı AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevaya Şeyx Həməd Fondunun sədr müavini xanım Hind bint Həməd şəxsən təqdim edib.
Bu mötəbər mükafat institutun fəaliyyəti dövründə ərəb-Azərbaycan və Azərbaycan-ərəb dilləri üzrə həyata keçirilən yüksək səviyyəli tərcümələrə, ərəb dili və ədəbiyyatının tədqiqi sahəsində qazanılan mühüm elmi nəticələrə, ümumilikdə isə şərqşünaslıq elminin inkişafına verdiyi səmərəli töhfələrə görə verilmişdir. Qeyd edək ki, Şeyx Həməd Tərcümə və Beynəlxalq Anlaşma Mükafatının cari mövsümdə qalibləri sırasında yalnız bir institut olub. Eyni zamanda bu, Şərqşünaslıq İnstitutunun kollektiv şəkildə ilk beynəlxalq mükafatıdır.
Sevindirici haldır ki, tədbirdə Azərbaycan şərqşünaslığı daha bir uğura imza atıb. Belə ki, “Nailiyyət kateqoriyası” üzrə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov da fərdi qalib elan edilərək mükafata layiq görülüb.
Akademik Gövhər Baxşəliyeva Dohada müxtəlif xarici televiziya kanallarına Şərqşünaslıq İnstitutunun fəaliyyəti və qazanılan mükafat barədə müsahibələr verib.
Qeyd edək ki, builki müsabiqəyə 16 ərəb və 17 qeyri-ərəb ölkəsindən ümumilikdə 256 müraciət daxil olub. Müsabiqənin “Kitabların fərdi tərcüməsi kateqoriyası”nda ingilis və çin dilləri, “Nailiyyət kateqoriyası”nda isə ingilis, çin, italyan, Azərbaycan və fula dilləri üzrə təqdim olunan işlər nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Xatırladaq ki, 2015-ci ildə Dohada təsis edilən Şeyx Həməd Tərcümə və Beynəlxalq Anlaşma Mükafatı ərəb dili ilə dünya dilləri arasında tərcümə sahəsinə həsr olunmuş ən böyük və nüfuzlu beynəlxalq platformadır. Mükafatın başlıca missiyası xalqlar arasında qarşılıqlı anlaşmanı, sülh mədəniyyətini və sivilizasiyalararası dialoqu möhkəmləndirmək, ərəb və dünya mədəniyyətlərini zənginləşdirən tərcüməçiləri, nəşriyyat evlərini və elmi-tədqiqat müəssisələrini dəstəkləmək, eyni zamanda tərcümə işində elmi dəqiqliyi və yüksək bədii-akademik standartları təşviq etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.