AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Real TV-nin efirində yayımlanan proqramda çıxış edib.
Çıxış zamanı alim Azərbaycan milli geyim mədəniyyətinin mühüm nümunələrindən biri olan kəlağayının tarixi, etnoqrafik və mədəni əhəmiyyətindən bəhs edib. O, kəlağayının yalnız qadın baş örtüyü deyil, həm də milli kimliyi, xalqın estetik düşüncəsini və nəsillərdən-nəsillərə ötürülən sənətkarlıq ənənələrini özündə yaşadan mədəni irs nümunəsi olduğunu vurğulayıb.
Elçin Qaliboğlu Azərbaycan ipəkçiliyinin qədim tarixindən, Basqal, Şəki və Gəncə kimi istehsal mərkəzlərinin kəlağayı sənətinin inkişafındakı rolundan danışıb. Kəlağayıların rəng və naxışlarının xalqın dünyagörüşü, təbiətə münasibəti və bədii təfəkkürü ilə bağlı olduğunu diqqətə çatdırıb. Kəlağayı sənəti ümumən zəngin mədəniyyətimizin gərəkli ifadəçilərindən biri olmaqla Azərbaycan incəsənətinin demək olar, bir çox sahələrini birləşdirir.
Alim, həmçinin müasir dövrdə kəlağayının gündəlik istifadəsinin azalması, ənənənin gənc nəsil arasında yaşadılması və milli geyim mədəniyyətinin təbliği məsələlərinə toxunub. Bu baxımdan məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsinin, milli geyim nümunələrinin mədəni tədbirlərdə və ictimai həyatda daha geniş təqdim olunmasının vacibliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.